Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-469/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, sübut etmə yükü, faktın etirafı, ekspert rəyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5. qızı, Cavabdeh6. qızı və Cavabdeh7. oğluna qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-G-1- 0-1009-14 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 60 ay müddətinə, illik 25%-lə 26800 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Bank ilə Cavabdeh2 (bundan sonra – ipoteka qoyan) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müqavilədə tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 70.000 manat qiymətləndirilmişdir.
3. İpoteka predmetində ipoteka qoyan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qeydiyyatdadırlar.
Birinci instansiya məhkəməsində icraat
4. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalandan Bankın xeyrinə 17 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6596.89 ABŞ dolları əsas, 15280,25 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22521.06 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın ipoteka qoyana məxsus olan ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; ipoteka qoyana məxsus olan ipoteka predmetinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin ipoteka predmetinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələb olunan məbləğdə borcu qalmışdır. Ona görə də, borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.
6. Borcalan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, özünə mənzil almaq məqsədilə 20000 manat məbləğində kredit götürmək üçün Banka müraciət etmişdir. Filial rəhbərliyi ona 20000 manat pul vəsaitinin verilməsini, lakin bağlanacaq müqaviləni ABŞ dolları ilə rəsmiləşdirəcəklərini bildirmişdir. Bank ona ümumilikdə hesablayaraq, 17 dekabr 2014-cü il tarixdə 26800 ABŞ dolları ilə müqavilə bağlamış, müqavilə bağlanan zaman manat məzənnəsi ilə 20000 manatdan artıq müqavilə tərtib etmişlər. Ona görə ki, 18 dekabr 2014-cü il tarixdə ondan 804 ABŞ dolları (757 manat) məbləğində ilkin ödənişi dərhal tutmuşdurlar. Əslinə qalsa ödəniş sonrakı ayın həmin günündə ödənilməli idi. 18 dekabr 2014-cü il tarixdə o, Bankın kassasına yaxınlaşaraq, pulu qəbul edəndə kassanın əməkdaşının yazdığı kağızda hesablamasına görə 26800-804=25996 ABŞ dolları alacağı pulu həmin günə olan məzənnəyə, 20380,86 manat təşkil etdiyini bildirmişdir. Əlavə olaraq, ondan mənzilin qiymətləndirilməsi haqqı üzrə 150 manat və "xxxx" ASCyə 179 manat məbləğində pul çıxılandan sonra ona bankın kassasından cəmi 20051,86 manat pul təhvil verilmişdir. Pulu hər ay manatla ödəmişdir. Lakin Bank ona ödəniş qəbzlərini ABŞ dolları ilə vermişdir. Dəfələrlə bu barədə narazılığını bildirsə də, Bankın əməkdaşları ona “Siz 33265 manat ödəyəndən sonra, ipoteka qoyulan mənzili girovdan azad olunması barədə lazımı sənədi verəcəyik” deyə bildirmişlər. Bank Respublikada məlum olan devalvasiyanı nəzərə alaraq, onun götürdüyü müqaviləyə tətbiq etmişlər. Belə ki, onun müqaviləsi aralarında olan razılaşmaya əsasən manatla olduğu halda və pul məbləğini manatla aldığı üçün, formal olaraq, müqaviləni ABŞ dolları məzənnəsi ilə tərtib edilməsini əsas götürmüşlər. Ümumilikdə o, Banka 2015-ci il tarixdə 9565 manat (9110 ABŞ dolları, həmin ilin məzənnəsi 1.05), 2016-cı il tarixdə 5638 manat (3524 ABŞ dolları, həmin ilin məzənnəsi 1.5), 2017-ci il tarixdə 8097 manat (4763 ABŞ dolları, həmin ilin məzənnəsi 1.7), 2018-ci il tarixdə 6803 manat (4002 ABŞ dolları, həmin ilin məzənnəsi 1.7), 2019-cu il tarixdə 7578 manat (4458 ABŞ dolları, həmin ilin məzənnəsi 1.7), cəmi 38308 manat məbləğində pul ödənişi etmişdir. Buradan da görünür ki, o, Banka 5043 manat əlavə ödəniş etmişdir. 2019-cu il tarixdə Bankla bağlanmış müqavilənin müddəti bitəndə, o, sonuncu ödənişləri, onların dediyi məbləği ödəyib Bankdan ipoteka qoyulmuş ipoteka predmetinin sənədini almaq istəmişdir. Bank onun borcunun olmadığını bildirərək, lazımı sənədləri qısa müddətdə qaytaracağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Banka borcunun qalması müəyyən edilmişdir. Bankın onlara qarşı qərəzli və əsassız mövqe tutmuşdur. Borcalan iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı "xxxx" ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 17 dekabr 2014-cİ il tarixli kredit müqaviləsi üzrə banka 24196.16 ABŞ dolları əsas, 7376.22 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə borcu və və kredit müqaviləsi üzrə xx.xx.2019- cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32216.30 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı ) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6. qızının və Cavabdeh7 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6. qızının və Cavabdeh7 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ("xxxx" İKB) ASC Cavabdeh1 və qeyri 1 əri nə qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir və həmin iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır. Hazırda bildirirlər ki, iş üzrə iddia tələbinin həcminin ekspert rəyinə əsasən artırılması zərurəti yaranmışdır. Belə ki, məhkəmə baxışı dövründə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin rəyinə əsasəti Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka olan əsas borc məbləği 24196.16 ABŞ dolları, faiz borc məbləği isə 7376.22 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən xx.xx.2020-ci il tarixədək hesablanmış 24196.16 ABŞ dolları əsas, 7376.22 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə borcu və və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ÄBŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32216.30 ABŞ dolları borcu vardır.
9. İş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1503 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcalanın Banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunmuşdur: xx.xx.2019-cu il tarixə əsas borc üzrə 24196,16 ABŞ dolları, faiz borcu üzrə 7376,22 ABŞ dolları. xx.xx.2020-ci il tarixə əsas borc üzrə 24196,16 ABŞ dolları, faiz borcu üzrə 7340,05 ABŞ dolları.
11. “Premium Legal Services” MMC-nin H/04-PLS nömrəli xx.xx.2021-ci il tarixli hesabatına əsasən ipoteka predmetinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiyməti aşağıdakı kimi müəyyən olunmuşdur: bazar qiyməti 70.000 (yetmiş min) manat, likvid qiyməti 58.000 (əlli səkkiz min) manat.
12. . Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə Bank iddia ərizəsinə əlavə təqdim edərək tələbini əsas və faiz borcu hissəsində dəyişmiş, borcalandan 24196.16 ABŞ dolları əsas borc, 7376.22 ABŞ dolları faiz borcu tələb etmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-424/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilərək, borcalandan 24.196,16 ABŞ dolları əsas, 7.340,05 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları, cəmi 31.736,86 ABŞ dolları məbləğində kredit borcunun (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcalanın Banka olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş məbləğin borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin borcalandan Bankın xeyrinə ümumi qaydada tutulması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin ipoteka qoyana qaytarılması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borcalan müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyindən, 24196.16 ABŞ dolları əsas borc, ekspert rəyi ilə faiz borcu üzrə məbləğ 7.376,22 ABŞ dolları deyil, 7.340,05 ABŞ dolları kimi müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və həmin məbləğ 50 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Çünki 24196,16 ABŞ dolları əsas borc məbləğinə münasibətdə 50 ABŞ dolları məbləğində dəbbə pulu daha ədalətlidir.
15. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qeyd etmişdir ki, borcalan əsas öhdəliyini lazımınca icra etmədiyindən, Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmış və ilkin satış qiyməti ekspertin rəyinə uğun müəyyən edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana qaytarılmalıdır.
17. . Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qalıq məbləğin borcalandan ümumi qaydada tutulması” hissəsində əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun olaraq borcalandan Bankın xeyrinə tutulmalıdır.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269, 270.1, 295, 317.1, 319.1, 319.6, 385.1, 425.1, 442, 462.1, 462.3, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 39.3.3, 47.4, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. Borcalan və ipoteka qoyan birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin borc məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İş üzrə təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.
21. “Əmlak Ekspert Mərkəzi” MMC-nin ƏEM/Y 23-023/22 nömrəli 12 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 85.000 manat, likvid dəyəri 81.000 manat məbləğində müəyyən edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9128 nömrəli 13 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən borcalanın xx.xx.2019cu il tarixə əsas borcu 23.936,79 ABŞ dolları, faiz borcu 5.156,06 ABŞ dolları, xx.xx.2020-ci il tarixə əsas borcu 23.936,79 ABŞ dolları, faiz borcu isə 5.113,99 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-640/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin “borcalandan əsas borc üzrə 24.196,16 ABŞ dollarının, faiz borcu üzrə 7.340,05 ABŞ dollarının, cəmi 31.736,86 ABŞ dolları məbləğində kredit borcunun tutularaq Bankın xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 58.000 manat müəyyən edilməsi” hissələrində dəyişdirilməsi, borcalandan 23.936,79 ABŞ dolları əsas, 5.113,99 ABŞ dolları faiz borcu, cəmi 29.251,43 (iyirmi doqquz min iki yüz əlli bir dollar 43 sent) ABŞ dolları kredit borcunun alınaraq Banka ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 81.000 (səksən bir min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi əsas və faiz borcunun düzgün hesablanmadığı ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab edərək, qeyd etmişdir ki, Bankın iddia tələbində göstərdiyi tarixə (xx.xx.2020-ci il tarixinə) borcalanın 23936,79 ABŞ dolları əsas, 5113,99 ABŞ dolları faiz borcunun qaldığı apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur.
25. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni “borcalandan cərimə borcu üzrə 50 ABŞ dollarının tutulması” hissəsi üzrə məhkəmə qeyd etmişdir ki, Bank borcalandan 493,27 ABŞ dolları cərimə tələb etmiş, məhkəmə isə cərimə məbləğini ağlabatan və ədalətli həddədək azaltmışdır.
26. Kollegiya, birinci instansiya məhkəməsinin “borcalandan gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150,65 ABŞ dollarının tutulması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab etmişdir.
27. Kollegiya, apellyatorların ipoteka predmetinin qiyməti ilə bağlı dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyinə görə, ipoteka predmetinin likvid dəyərinin 81.000 manat təşkil etdiyi müəyyən olunmuşdur.
28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385, 386.1, 425, 442, 445.7, 448.1, 467ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
29. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, borcun və ipoteka predmetinin dəyərini yenidən müəyyən edilməklə, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3793/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-640/2022 nömrəli mülki iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 aid hissədə, həmçinin kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya baxışının predmetini təşkil edən hissəyə münasibətdə Ali Məhkəmənin mövqeyini ondan ibarət olmuşdur ki:
32. “Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
33. Həmçinin nəzərə alınmalıdır ki, MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3).
34. Prosessual qanunvericilik faktın yazılı etirafının mütləq şəkildə bununla bağlı ayrıca tərtib olunmuş ərizədə ifadə olunmasını tələb etmir. Belə etiraf məhkəməyə təqdim edilən və etiraf edən tərəfindən imzalandığı mübahisələndirilməyən yazılı sübutlarda, məhkəməyə ünvanlanmış digər ərizə, vəsatət, şikayət, qarşılıqlı iddia ərizəsində və s. sənədlərdə də ifadə edilə bilər və belə olan halda məhkəmə həmin məsələyə MPM-in 106.3-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verməlidir.
35. Baxılan iş üzrə ilkin iddia ərizəsində Bank borcalandan 17 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6596.89 ABŞ dolları əsas, 15280,25 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 150.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22521.06 ABŞ dolları borc tələb etmişdir.
36. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi və onun özü tərəfindən tərtib edilmiş maliyyə arayışında (i.v.8) borcalanın kredit müqaviləsi üzrə əsas borcdan 20203,11 ABŞ dolları pul ödədiyi qeyd olunmuşdur
37. Baxılan iş üzrə iddiaçı borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas borcdan 20203,11 ABŞ dolları pul ödənildiyini yazılı etiraf etdiyi üçün Cavabdeh1 həmin faktı sübut etmək vəzifəsindən azad olmuşdur.
38. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində iddiaçının əsas borcdan cəmi 2603,84 ABŞ dolları pul ödədiyi əsas götürülərək kredit müqaviləsi üzrə borcalanın Banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunmuşdur: xx.xx.2019-cu il tarixə əsas borc üzrə 24196,16 ABŞ dolları, faiz borcu üzrə 7376,22 ABŞ dolları. xx.xx.2020-ci il tarixə əsas borc üzrə 24 196,16 ABŞ dolları, faiz borcu üzrə 7 340,05 ABŞ dolları.
39. İstinad olunan ekspert rəyi məhkəməyə daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə Bank iddia ərizəsinə əlavə təqdim edərək tələbini əsas və faiz borcu hissəsində dəyişmiş, borcalandan 24196.16 ABŞ dolları əsas borc, 7376.22 ABŞ dolları faiz borcu tələb etmişdir. Bank artırılmış tələbini yalnız ekspert rəyinə istinad etməklə əsaslandırmış, məhkəməyə daha əvvəl təqdim etdiyi yazılı sübutda (maliyyə arayışında) ifadə edilmiş yazılı etirafına münasibət bildirməmiş, yeni maliyyə arayışı təqdim etməmişdir.
40. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və mülki iş materiallarında olan sənədlər nəzərə alınmaqla kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış borcun müəyyən edilməsi barədə sual qoyulmuşdur.
41. Təkrar ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində də iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında verilmiş məlumatlar nəzərə alınmadan iddiaçının əsas borcdan cəmi 2888,17 ABŞ dolları pul ödədiyi əsas götürülərək kredit müqaviləsi üzrə borcalanın Banka ödənilməli olan kredit borcu xx.xx.2019-cu il tarixə əsas borc üzrə 23936,27 ABŞ dolları, faiz borcu üzrə 5156,06 ABŞ dolları müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
43. Göründüyü kimi mülki qanunvericilik bütün borcun ödənilməsi üçün yetərli olmayan hissə-hissə ödəniş zamanı borcun silinməsi qaydasını müəyyən edir və borclunun başqa qayda müəyyənləşdirməsini istisna edir. Lakin qanun kreditorun fərqli qayda tətbiq etməsini istisna etmir.
44. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə araşdırma aparmadan, iddiaçının ödənilmiş əsas borcun məbləği ilə bağlı yazılı etirafını nəzərə almadan ekspert rəyini kredit borcunun məbləğinin müəyyən edən mötəbər sübut kimi qəbul etmiş və borcun məbləğini həmin rəyə uyğun müəyyən etmişdir.
45. Halbuki mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
46.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. 47.Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. 48.Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-640/2022 nömrəli mülki iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 aid hissədə, həmçinin kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edildiyindən apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
53. Maddə 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir.
54. Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.
55. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
56. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
57. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
62. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı işə təkrar apellyasiya icraatı qaydasında Ali Məhkəmənin kassasiya şikayətinin qismən təmin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla baxılır.
63. Belə ki, Azərbaycan Respublikası MPM-nin 420.1-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
64. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə, yəni kredit bocunun məbləğinin düzgün müəyyən edilməməsi hissəsində əsaslı olduğundan qismən təmin edilməli, qətnamə həmin hissədə dəyişdirilməlidir.
65. İşin mübahisəsiz halları ondan ibarətdir ki, bankla Cavabdeh1 arasında 17 dekabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 25% olmaqla 60 ay müddətə 26.800 ABŞ dolları kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında 58,9 kv.m ümumi, 45,9 kv.m yaşayış sahədən ibarət 3 otaqlı mənzil bankın xeyrinə yüklü edilmiş, ipoteka predmeti 70.000 manat məbləğində qiymətləndirilmişdir.
66. Cavabdeh tərəfindən müqavilə üzrə borc öhdəlikləri vaxtında və lazımi qaydada icra yetirilməmiş, nəticədə onun kreditor qarşısında müqavilə şərtlərinin pozulmasından irəli gələn borcu yaranmışdır.
67. Həmçinin müəyyən edilir ki, borclunun müqavilə üzrə etmiş olduğu ödənişlər onun borcuna müqavilənin şərtlərinə uyğun şəkildə yönəlməmişdir.
68. Belə ki, kredit müqaviləsinin 6-cı bəndinə əsasən borcalan tərəfindən ödənilən məbləğ ilk kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəlir.
69. Lakin iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışdan və maliyyə arayışından müəyyən edilir ki, borclu tərəfindən edilmiş ödənişlər onun əsas borcunun ödənilməsinə yönəldilmiş, silinmələr onun əsas borcundan aparılmışdır.
70. İddiaçı tərəf borcdan silinmələrin bu qaydada aparılmasını borclu şəxsin maddi vəziyyətinin ağır olması səbəbindən ona kömək edilməsi məqsədi ilə izah etmişdir.
71. Borcdan silinmələrin müqavilədə nəzərdə tutulandan fərqli qaydada aparılmasını cavabdeh də mübahisələndirməmişdir.
72. Burada həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
73. Göründüyü kimi mülki qanunvericilik bütün borcun ödənilməsi üçün yetərli olmayan hissə-hissə ödəniş zamanı borcun silinməsi qaydasını müəyyən edir və borclunun başqa qayda müəyyənləşdirməsini istisna edir. Lakin qanun kreditorun fərqli qayda tətbiq etməsini istisna etmir.
74. İş materiallarından görünür ki, iddiaçı bank iddia qaldırarkən Cavabdeh1 xx.xx.2020-ci il tarixə kimi əsas borc üzrə 6596,89 ABŞ dolları, faiz borcu üzrə 15.280,25 ABŞ dolları, cərimə (dəbbə) borcu üzrə 493,27 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 150,65 ABŞ dolları olmaqla, cəmi 22.521,06 ABŞ dolları borcunun olduğunu irəli sürmüş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində borcalanın xx.xx.2019-cu il tarixə 24.196,16 ABŞ dolları əsas, 7.376,22 ABŞ dolları faiz, xx.xx.2020-ci il tarixə 24.196,16 ABŞ dolları əsas, 7.340,05 ABŞ dolları faiz borcunun olduğu göstərilmiş, bundan sonra iddiaçı ekspert rəyində göstərilən rəqəmləri əsas götürərək iddia tələbini dəyişdirmiş, birinci instansiya məhkəməsi də həmin rəyi əsas götürməklə iddianı əsas və faiz borclarının, habelə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc məbləğinin tutulması hissəsində tam, cərimə borcunun tutulması hissəsində isə qismən təmin etmişdir.
75. Kollegiya xx.xx.2021-ci il tarixli 9/1503 saylı ekspert rəyini qiymətləndirərək hesab edir ki, həmin rəy hazırkı işin həqiqi hallarını əks etdirmədiyindən, orada əldə edilmiş nəticə də işin həqiqi hallarına uyğun olmamışdır.
76. Belə ki, göstərilən ekspert rəyinin məzmunundan müəyyən edilir ki, müqavilə üzrə qalıq borcun məbləğinin müəyyən edilməsi zamanı borclunun etmiş olduğu ödənişlərin müqavilənin şərtlərinə uyğun olaraq ilk növbədə faiz borclarına deyil, onun əsas borcuna yönəldilməsi nəzərə alınmamış, borcun hesablanması müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində aparılmışdır. Bu səbəbdən ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği iddia ərizəsi ilə tələb edilən analoji borc məbləğlərindən kəskin fərqlənmişdir.
77. Qeyd edilən rəylə müəyyən edilmiş borc məbləğinin iş materiallarında olan digər sübutlarla (maliyyə arayışı, bank hesabından çıxarış, iddiaçının izahatı və s.) ziddiyyət təşkil etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu ziddiyyətləri araşdırmamışdır.
78. Məhz bu ziddiyyətlərin araşdırılması və borcun məbləğinin tərəflər arasında mövcud olmuş faktiki münasibətlər baxımından düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək məqsədi ilə məhkəmə kollegiyası tərəfindən iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi MEM-nin ekspertləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 9/8729 saylı rəylə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə həmin müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixə əsas borcu 7184,19 ABŞ dolları, faiz borcu 14587,74 ABŞ dolları olmaqla, cəmi 21771,93 ABŞ dolları təşkil edir. Həmçinin, qeyd edilmişdir ki, hazırkı borc məbləği müəyyən edilərkən cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra ödənilmiş cəmi 587,30 ABŞ dolları nəzərə alınmamışdır.
79. Bank tərəfindən tərtib edilmiş bank hesabından çıxarışdan görünür ki, müqavilə müddəti bitdikdən sonra ödənilmiş 587,30 ABŞ dolları məbləğ cavabdehin əsas borcundan silinmişdir.
80. Bununla da, qeyd edilən ekspert rəyi ilə iddiaçının hazırkı vaxta olan əsas borcunun 6596,89 ABŞ dolları, faiz borcunun isə 14587,74 ABŞ dolları məbləğində olması müəyyən edilir.
81. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində ilkin olaraq cavabdehdən 6596.89 ABŞ dolları əsas, 15280,25 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22521.06 ABŞ dolları borcun ödənilməsini tələb etsə də, sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizədə borcun məbləğinin əsas borc üzrə 24196.16 ABŞ dolları əsas, 7376.22 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə borcu və və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32216.30 ABŞ dolları borcun ödənilməsini tələb etmiş və tələbin dəqiqləşdirilməsini iş üzrə keçirilmiş ekspertizanın rəyində borcun məbləğinin fərqli müəyyən edilməsi ilə əsaslandırmışdır.
82. Göründüyü kimi, iddiaçı borcun məbləğinin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə göstərilən həcmdə olmasını iddia edərkən, ekspert rəyindən başqa hər hansı digər sübuta istinad etməmişdir. Əksinə, iddiaçının özünün məhkəməyə təqdim etdiyi bankmaliyyə sənədlərində və onun nümayəndəsinin məhkəmədə verdiyi izahatda borcun məbləğinin iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilən məbləğdən fərqli olduğu göstərilmişdir. (Məs. iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi və onun özü tərəfindən tərtib edilmiş maliyyə arayışında borcalanın kredit müqaviləsi üzrə 26.800 ABŞ dolları əsas borcdan 20.203,11 ABŞ dolları pul ödədiyi qeyd olunmuşdur).
83. Həmçinin, məhkəmə araşdırması ilə iddia tələbinin dəqiqləşdirilməsi zamanı iddiaçının istinad etdiyi məhkəmə mühasibatlıq ekspertizasının rəyinin hazırkı işin həqiqi hallarına və tərəflər arasındakı münasibətlərin faktiki vəziyyətinə uyğun olmadığı müəyyən edilmişdir.
84. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin ödəməli olduğu borcun hal-hazıra olan məbləği əsas borc üzrə 6596,89 ABŞ dolları, faiz borcu üzrə 14587,74 ABŞ dolları təşkil etmiş, lakin birinci instansiya məhkəməsi əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməyərək həmin hissədə iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir.
85. Bu yerdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı cavabdehdən əsas borc üzrə 24196.16 ABŞ dolları, faiz bocu üzrə 7376.22 ABŞ dollarının ödənilməsini tələb etdiyindən, hazırkı mübahisəyə də həmin tələblər çərçivəsində qiymət verilməlidir.
86. Belə ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
87. Bu mənada kollegiya hesab edir ki, məhkəmə araşdırması ilə kredit müqaviləsi üzrə faiz borcunun məbləği 14587,74 ABŞ dolları müəyyən edilsə də, iddia ərizəsində cavabdehdən faiz borcu olaraq 7376,22 ABŞ dolları ödənilməsi tələb edildiyindən, iddia həmin hissədə tələb olunan həcmdə, yəni qismən təmin edilməlidir. Eyni zamanda iddiaçı 24196,16 ABŞ dolları əsas borcun tutulmasını tələb etsə də, məhkəmə araşdırması ilə əsas borcun qalıq məbləğinin 6596,89 ABŞ dolları olduğu müəyyən edildiyindən, həmin hissədə də iddia qismən təmin edilməlidir.
88. Kollegiya kredit müqaviləsi üzrə tələb edilən borcun digər komponentləri – cərimə borcu və gecikdirilmiş ödənişin illik 5%-i miqdarında hesablanmış borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissələrdə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
89. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir.
90. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
91. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
92. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizaların xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə iddiaçıya aid edilməlidir.
93. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
94. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Cavabdeh1 və X1 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-424/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi “Cavabdeh1 əsas borc üzrə 24196,16 ABŞ dollarının, faiz borcu üzrə 7.340,05 ABŞ dollarının, cəmi isə 31736,86 ABŞ dolları məbləğində kredit borcunun tutularaq bankın xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh1 6596,89 ABŞ dolları əsas, 7376,22 ABŞ dolları faiz borcu, cəmi isə 13973,11 (on üç min doqquz yüz yetmiş üç dollar 11 sent) ABŞ dolları kredit borcu alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə apellyasiya baxışının predmeti olan digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16 manat dövlət rüsumunun məbləğinin 8 manatı iddiaçıya, 8 manatı cavabdehlərə aid edilsin. Təkrar mühasibatıq ekspertizasının xərci olan 200 (yüz) manatın 100 (yüz) manatı Cavabdeh1, 100 (yüz) manatı İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.