Məhkəmə qərarları › İş №2(001)-923/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-923/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-923/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı mülki iş üzrə Açar sözlər: (ölüm faktının müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək nənəsi X2 xx.xx.1988-ci il tarixdə Quqark rayonu, Arçut kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X14 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qohumlarınn verdiyi məlumata əsasən ərizəçinin nənəsi XX.XX.1925-ci il təvəllüdlü X4 Ermənistan SSR-də anadan olmuşdur. Ərizəçinin atasınının babası - X15 xx.xx.1993-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçinin nənəsi X4 Ermənistan SSR Quqark rayonu, Arçut kəndində yaşamışdır. xx.xx.1988-ci il tarixində Ermənistan SSR Quqark rayonu, Arçut kəndində vəfat etmişdir. Ərizəçinin bir çox yaxın qohumu həmin ildə Ermənistan SSR-ni məcburi tərk etmişdilər. Lakin ərizəçinin nənəsi məcburi tərk etmədən öncə vəfat etmişdir. Onunla bağlı sənədlər və s. məlumatlar Ermənistan SSR-də qalmışdır. Lakin atası X6 doğum haqqında şəhadətnaməsindən də görünür ki, anası X3r. Hazırda nənəsinin ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Atası vəfat etdiyindən onun mülkiyyətində olan əmlakı vərəsəlik qaydasında anasının adına keçirilməlidir. Notariat orqanına bütün qanun üzrə vərəsələrin (o, bacıları) sənədlərini, babası X7 ölüm haqqında şəhadətnaməsini təqdim edilsə belə, notariat orqanı onlardan nənəsi X2 ölüm haqqında şəhadətnaməsini də istəyir. Bu səbəbdən də vərəsəlik işini başlatmaq olmur. X2 ölüm haqqında şəhadətnaməsi onlara atasının mülkiyyətində olan əmlakın vərəsəlik qaydasında anasının adına keçirilməsi üçün Notariat orqanına təqdim edilməsinə görə lazımdır. X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etdikdə, tibbi şəhadətnamənin olmaması səbəbindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Buna görə məhkəməyə müraciət emişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadə verərək bildirdi ki, ərizəçinin bibisidir. X1 onun anasıdır və mərhum xx.xx.1988-ci ildə vəfat etmişdir.

6. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadə verərək bildirdi ki, ərizəçinin əmisidir. Mərhum anası X4 xx.xx.1988-ci ildə 1995-ci ildə vəfat etmişdir. Həmin vaxt vəziyyət pis olduğu üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdilər. Sonradan isə qaçqın kimi Azərbaycana gəldilər.

7. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadə verərək bildirdi ki, ərizəçinin əmisinin yoldaşıdır. X1 xx.xx.1988-ci ildə onun yanında vəfat etmişdir.

Mülki işin materialları:

8 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-774/24 №-li tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təstiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X2 ölümünü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində onun ölümünün qeydə alınmasının mümkün olamaması qeyd edilmişdir.

9. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X14 xx.xx.2024-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-ci il tarixdə 848 nömrə ilə qeyd edilmişdir.

10. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X8 atası X15, anası X3r.

11. Doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X5 və xx.xx.1968-ci il təvəllüdlü X10 anası X3r.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası MPM-nin:

12. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

16. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

18. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinin izahına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.8-ci bəndinin izahına əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə ərizəçinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

22. Mülki işin materiallarından da görünür ki, Ərizəçi nənəsinin ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin nənəsi X2 ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.

23. Məhkəmə qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir.

24. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin onun ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi X2 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1988-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır.

26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.

27. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. X2 xx.xx.1988-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar