Məhkəmə qərarları › İş №2(001)-9332/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9332/2021

17.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9332/2021 17.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçılar hazırkı iddia tələbi ilə artıq bir dəfə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 2(001)-8724/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ ... iddia ərizəsi hüquqi şəxsə qarşı verilmiş, lakin iddia ərizəsində cavabdehin məlumatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada göstərilməmişdir. Eyni zamanda iddia ərizəsində iddiaçıların tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı qeyd olunmamışdır”. İddiaçılar tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 2(001)-8724/2021 saylı qərardadı mübahisələndirilməmiş və iddiaçılar 16.12.2021ci il tarixdə yenidən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişlər. İddia ərizəsində yenidən hüquqi şəxsin məlumatları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində imperativ qaydada tələb olunan qaydada göstərilməmiş və buna belə bir izah verilmişdir ki, “vergi ödəyicilərinin qeydiyyatı ilə bağlı açıq resurslardan cavabdehin VÖEN məlumatlarını tapmaq mümkün olmamışdır”. Qeyd olunan arqumentlə razılaşmıram. Belə ki, iddiaçıların müvafiq sorğular vermək imkanları müəyyən dərəcədə məhdud ola bilər, lakin ümumi istifadədə olan " https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinin-dovlet-reyestri-melumatlarininverilmesi " internet səhifəsindən asanlıqla Cavabdehnə dair məlumatları əldə etmək mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, iddiaçılar tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə İddiaçı1 tərəfindən ünvan 1 ünvanından göndərildiyindən, məhkəmə tərəfindən də sənədlər həmin ünvana qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar