Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-993/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mərhum qızı X2 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, qızı Ellada onun beşinci qızı idi. xx.xx.1992-ci il tarixdə “yarımçıq” doğulmuşdur. Uşağa yaxşı baxırdı. Ellada yeddi aylıq olanda yolda onları bir tanışı gördü və başladı uşağı tərifləməyə ki, uşağı tanımaq olmur, necə dəyişib, böyüyüb. Həmin andan uşaq başladı dayanmadan ağlamağa. Onda o, digər uşaqlarını qonşusu olan qayını arvadının yanında qoydu və qızını xəstəxanaya apardı. Lakin gedib həkimə çatanadək dedilər uşaq artıq ölüb. Onlar Bakı şəhərində yaşayırlar, amma özləri Lənkərandandırlar. Ona görə uşağı da dəfn etmək üçün Lənkərana apardılar. Həmin vaxt heç bilmirdi ki, körpə uşağa da ölüm haqqında şəhadətnamə lazımdır. Bu yaxında yoldaşı rəhmətə gedəndən sonra sənədləşmə işləri başlananda müəyyən edildi ki, qızı Elladanın ölümü qeydə alınmayıb, bu da sənədləşmə işlərini mümkünsüz edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.1992-ci il tarixdə anadan olmuş, atası X6, anası isə Ərizəçi Yadulla qızıdır. İş materiallarında olan 20 nömrəli uşaq poliklinikasının xx.xx.2022-ci il tarixli, 786 saylı arayışından görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş X2 xx.xx.1993-cü il tarixdə vəfat etməsi ilə əlaqədar poliklinikada uşağa məxsus o dövrdə verilmiş ölüm haqqında şəhadətnamənin kötüyü tapıldı. Həmin sənəddə qeyd olunur ki, X4 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi onun qayını arvadı, eyni zamanda da qonşusudur. Ellada ölən gün yadındadır. Uşaq “yarımçıq” doğulmuşdur. xx.xx.1992-ci il tarixdə vəziyyəti qəflətən pisləşdi və həkimə gedib çatanadək uşaq ölmüşdür. Uşağı Lənkəranda dəfn ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi onun anasıdır. O, özü 1987-ci ildə doğulub və bacısının necə ölməsini xatırlayır. Həmin gün o, həddindən çox ağlayırdı. Ailəsində deyilənə görə bacısı Ellada xx.xx.1992-ci il tarixdə ölüb və onu Lənkəranda dəfn ediblər. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il təvəllüdlü X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-993/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-993/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver