Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1064/2024 08.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini tədqiq edərkən müəyyən etmişdir ki, iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmiş, iddia ərizəsinin sonunda cavabdehə qarşı yönələn tələb qeyri-müəyyən olmaqla konkret göstərilməmişdir (iddia ərizəsinin sonunda tələb edilən hər bir qızılzinət və cehiz əşyasının ayrı-ayrılıqda dəqiq adı və dəyəri, habelə mübahisəli mənzilin ünvanı göstərilməmişdir). Bundan əlavə, bölünməsi tələb edilən mənzilin xüsusi təyinatlı yaşayış sahəsi olduğu nəzərə alınmamış və işdə iştirak edən şəxslər arasında həmin yaşayış sahəsinin mülkiyyətçisi qismində Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak (avtomobil) üzərində payının müəyyən edilməsini tələb etmədən, habelə öz payının dəyərini digər mülkiyyətçidən tələb etdiyi barədə sübut əlavə etmədən, birbaşa məhkəmə qaydasında avtomobilin bazar dəyərinin yarısının cavabdehdən tutulmasını tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü tarixli Qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Bununla bağlı iddiaçıya izah edilməlidir ki, qanunvericiliyin tələbinə əsasən, ümumi mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı iddia ərizəsində iddia tələbləri, payların müəyyən edilməsi, daha sonra əmlakın naturada bölünməsi mümkün olmadıqda, ayrılan mülkiyyətçinin payının dəyərinə uyğun paylı mülkiyyətin digər mülkiyyətçisinin kompensasiya vermək imkanı olmadıqda və ya kompensasiya vermək istəmədikdə, əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ardıcıllığı ilə qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1064/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1064/2024
08.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver