Məhkəmə qərarları › İş №2(002)-1075/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1075/2022

29.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1075/2022 29.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi R.Salmanov küçəsi 23 saylı evdən çıxarılmaqla mənzilin boşaldılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatmadıqlarından, onların adları cavabdehlər sırasından (siyahısından) çıxarılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi R.Salmanov küçəsi 23 saylı ev ona və ailə üzvlərinə məxsusdur. Evə ailə üzvü kimi o, yoldaşı və uşaqları yazılmışdır. Onlar həmin mənzili 2009-cu ildə qardaşı ailə qurduqdan sonra yoldaşı Aynurla müvəqqəti yaşamaları üçün sonunculara vermişlər. Qardaşı 4 ay olar ki, yoldaşı ilə yola getmədiklərindən ayrılmışlar. Cavabdeh isə qardaşına olan acığını onlardan çıxarır. Belə ki, onları durmadan təhqir edir. Ona, oğullarına və yoldaşına olmazın sözlər və təhqiredici ifadələr deyir. Onun isə böyük oğulları var. Bu biabırçılığa dözməyib cavab qaytardıqları təqdirdə konflikt biraz da böyüyüb başqa hal ala bilər. Bu səbəbdən də, cavabdehləri özünə məxsus mənzildən çıxarmaq istəyir. Cavabdehlər həmin mənzili zəbt etmişlər. Bu səbəbdən də, 2 ildən artıqdır ki, onlar öz mənzillərindən məhrum olmaqla yaşaya bilmirlər. Öz mənzillərinə köçmək istəsələr də, cavabdehlərə görə köçə bilmirlər. Qanunla onlara məxsus və qeydiyyatda olduqları mənzildə yaşaya bilmirlər. Cavabdehlərə mənzildən çıxmalarını bildirsələr də, sonuncular bundan imtina edir, çıxmayacaqlarını bildirirlər. Onlar bu barədə polisə müraciət etsələr də, polisdən onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Cavabdehlər onların qanunla qorunan hüquqlarını pozaraq, mənzil hüquqlarını məhdudlaşdırırlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, 2008-ci il tarixdə iddiaçının qardaşı X1 ilə ailə qurmuş və mübahisəli mənzilə gəlin köçmüşdür. Ona məxsus bütün cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Həmin evdə 2009-cu ildə Əli və 2010-cu ildə isə Hüseyn adlı iki uşaqları doğulmuşdur. Uşaqları həmin evdə qeydiyyatdadırlar. Mübahisəli ev onun qayınatasına məxsus olmuş və ondan uşaqlarına miras qalmışdır. Belə ki, qayınatasının 9 sot torpaq sahəsi olmuş, sağlığında qayınatası torpaq sahəsini bölmüş, 3 sotu qızı Nurxanıma, 3 sotu onun ərinə və 3 sotu isə digər oğluna vermişdir. Onun əri atasının verdiyi torpaq sahəsində özü ev tikmiş və onlar həmin evdə yaşayırlar. O, ailəsi ilə yaşadığı müddətdə evi abadlaşdırmış, yaşayış üçün zəruri olan işləri görmüşdür. Sonradan əri ilə aralarında narazılıq olduğuna görə onların yaşadığı evi yoldaşı bacısının adına sənədləşdirmişdir ki, gələcəkdə onları evdən çıxartsın. Həmin ev onun və uşaqlarının yeganə yaşayış yeridir, onların başqa yerdə qalmağa evləri yoxdur. Uşaqları da evə yaxın olan məktəbə gedirlər. Əgər onu və uşaqlarını evdən çıxartsalar, onlar küçələrdə qalmalı olacaqlar. İddiaçı iddia ərizəsində onların sonuncuya məxsus evi zəbt etdiyiklərini qeyd etsə də, bu tamamilə əsassızdır. İddiaçının özünün yaşamaq üçün 3 evi vardır. Evi olmasaydı özü iddia ərizəsində qeyd etdiyi kimi 12 il ərzində onları həmin evdə yaşamağa qoymaz, evini geri alardı. Bu özü onu göstərir ki iddiaçı bu evə yaşamaq üçün deyil, onun əri ilə aralarında olan narazılığa görə onların evdən çıxarılmaları üçündür. İddiaçı onların yaşadıqları evdən normal istitadə etmələrinə imkan vermir, sularını kəsir, onu və uşaqlarını hədələyir ki, məcburi evdən çıxsınlar. O, tək qadındır, kimsəsi yoxdur, iki azyaşlı uşaqları ilə iddiaçının mübahisə etdiyi evdə yaşayır. Uzun müddətdir ki, həmin evdə yaşamaqla başqa yaşayış sahəsi yoxdur. Uşaqları da həmin evdə qeydiyyatdadırlar. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01.08.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Göründüyü kimi, fərdi yaşayış evi iddiaçının mülkiyyətidir və cavabdehin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində cavabdeh öz ailə üzvləri ilə buna hər hansı hüququ olmadan yaşayır və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulur. Bu səbəbdən, cavabdeh azyaşlı ailə üzvləri ilə həmin evdən çıxarılmalı, fərdi yaşayış evi bolaşdılaraq iddiaçı həmin evə köçürülməlidir. Ödəniş qəbzindən göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 yetkinlik yaşına çatmamış ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi R.Salmanov küçəsi 23 saylı fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və İddiaçı həmin evə köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Göründüyü kimi, iddiaçı fərdi yaşayış evinə köçürüldükdən sonra istədiyi ailə üzvünü öz mülkiyyətində olan fərdi yaşayış evinə köçürə bilər. Qanun iddiaçıya bu cür ixtiyar verdiyindən, iddianın digər ailə üzvlərinin evə köçürülməsinə dair hissəsinin təmin edilməsinə hüquqi zərurət yoxdur. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 yetkinlik yaşına çatmamış ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi R.Salmanov küçəsi 23 saylı fərdi yaşayış evindən çıxarılsın. Həmin fərdi yaşayış evi boşaldılsın. İddiaçı həmin evə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar