Məhkəmə qərarları › İş №2(002)-1221/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1221/2023

25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1221/2023 25.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü həyat yoldaşı X1 07 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəyə uyğun izahat verərək bildirdi ki, o, X5 ilə 12 oktyabr 1985-ci il tarixdə ailə qurmuşdur və birlikdə iddia ərizəsində göstərilən ünvanda yaşamışdır. X5 ürək xəstəliyindən əziyyət çəkmişdir, 07 mart 2023-cü il tarixdə onun vəziyyəti ağırlaşmış, həkim çağırmışlar, həkim gələnə kimi vəfat etmişdir. Mərhumu el adəti ilə Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər və yas mərasimi keçirmişlər. Onun başı dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir, mərhumun poliklinikada qeydiyyatda olmadığını bəhanə gətirmişlər. Hazırda ölüm haqqında şəhadətnamə dəfn pulunu almaq və bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçi ilə 16 ildir ki, yaxın qonşuluq münasibətindədir. 07 mart 2023-cü il tarixdə qızı ona qonşuları Raufun vəfat etdiyini demişdir. Təcili yardım martın yeddisinə keçən gecə gəlmişdir, o isə səhər yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 ASM-də qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 07 mart 2023-cü il tarixdə saat 00:50 radələrində X1 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 10 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 07 mart 2023-cü il tarixində vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan İİİ-JQ seriyalı, 493369 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 xx.xx.1985-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2010-cu il tarixli epikrizdən görünür ki, X3 ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya, miokard infarktından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin həyat yoldaşı xx.xx.1959-cu ildə doğulmuş X1 07 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu ildə anadan olmuş X1 07 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar