Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1344/2025 01.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul və avtomobil» tələbinə dair ilk iddia ərizəsi; Cavabdeh "xxxx" MMC-yə qarşı «avtomobilə görə ödənilmiş pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və avtomobil» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4 ay ərzində yaranmış 3.976 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun, həmçinin «Hyundai Elantra» markalı ** RS *** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı minik avtomobilinin alınaraq ona verilməsi, avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü «Hyundai Elantra» markalı ** RS *** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı minik avtomobilinin alınaraq ona təhvil verilməsi, 4 ay müddətində yaranmış 3.976 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən verilmiş ərizədə qeyd olunmuşdur ki, iddia ərizəsinin məzmununda yanlışlığa yol verilmişdir. Əslində Cavabdeh avtomobildən istifadə edərək 2.982 manat yox, 3.976 manat icarə haqqı ödəmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh ilə icarə haqqında iltizamnamə onun rəhbərlik etdiyi "xxxx" MMC ilə bağlanmışdır. Bu səbəbdən, hazırki iş üzrə əsl olmayan iddiaçı kimi onun əsl iddiaçı olan "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(002)- 1344/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «pul və avtomobil» tələbinə dair mülki iş üzrə İddiaçı əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilmişdir. Cavabdeh İddiaçı qarşı «avtomobilə görə ödənilmiş pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı nəqliyyat vasitəsinin alğı-satqısı üçün ödənilmiş 9.984 manat pul vəsaitinin və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2(002)- 1344/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul və avtomobil» tələbinə dair tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında vəsatət verərək, qarşılıqlı iddia ərizəsi üzrə əsl olmayan cavabdeh İddiaçı əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2(002)- 1344/2025 saylı qərardadı ilə hazırki mülki işdə qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus olan «Hyundai Elantra» minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı avtomobil xx.xx.2024cü il tarixdən 22 ay müddətinə 994 manat olmaqla Cavabdeh avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı əsasında icarəyə verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirilməməsi ilə (ödənilməli olan icarə haqqı) müqavilədə nəzərdə tutulan normaları da pozmuş, müqavilənin mahiyyətinə zidd olaraq, avtomaşından istifadə edərək, 2.982 manat icarə haqqı ödəmişdir. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Hal-hazırda avtomobil Cavabdehdır. Cavabdehin hərəkətlərindən belə məlum olur ki, icarə haqqını vermək fikri yoxdur və avtomobili qaytarmır. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «Hyundai Elantra» minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı avtomobili xx.xx.2024cü il tarixdən 22 ay müddətinə 994 manat olmaqla avtonəqliyyat vasitəsinin onda qalması şərti ilə tərəflər arasında iltizam rəsmiləşdirilmişdir. Lakin müqavilə üzrə öhdəliyi yetirməsinə baxmayaraq cavabdeh əlavə olaraq ondan 850 manat pul tələb etmişdir. Həmin pulu nə məqsədlə ödəyəcəyini soruşduqda müəyyən bəhanələr gətirərək DYP cəriməsi və s. halları əsas gətirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə ilkin olaraq 2.002 manat, əlavə olaraq (şapka olaraq) 5.000 manat və qrafik üzrə isə xx.xx.2024-cü il tarixdə 994 manat və xx.xx.2024-cü il tarixdə isə 2 dəfə 994 manat, cəmi 1.988 manat pul ödəmişdir. Lakin buna baxmayaraq sözügedən iltizama mülki qanunvericilikdə öz təsdiqini tapmayan müddəalar və şərtlər əlavə edilmişdir. Həmin şərtlərə də əsaslanaraq ondan əlavə pul tələb edir. İlk iddia üzrə iddiaçı öz iddia ərizəsində qeyd edir ki, guya nəqliyyat vasitəsi icarəyə verilib və ona görə edilmiş ödəniş qəbzində isə hər-hansı bir əşyanın alğısatqısı kimi ödənişi qəbul edir. Bundan iddia tələbində 3 aylıq ödənilməmiş pulu və nəqliyyat vasitəsini istəyir. İlk iddia üzrə iddiaçı o halda nəqliyyat vasitəsinə görə pulu tələb edə bilər ki, həmin nəqliyyat vasitəsi onun tərəfindən idarə olunsun. Lakin qarşılıqlı iddia üzrə cavabdeh xx.xx.2025-ci il tarixdən nəqliyyat vasitəsinin idarə edilməsi üçün verilmiş etibarnaməni ləğv etdirmişdir. Hesab edir ki, sözügedən nəqliyyat vasitəsinə görə ödənilmiş 9.984 manat cavabdehdən alınaraq ona qaytarılmalı və o da, bunun müqabilində avtomobili cavabdehə qaytarılmalıdır. Əlavə olaraq qeyd edir ki, cavabdehin iltizamda qeyd olunan şərtlər və iltizamın özü, hansını ki cavabdeh müqavilə kimi qələmə verir, mülki qanunvericiliyin tələbinə uyğun olmayaraq tərtib edilmiş və rəsmiləşdirilmişdir. Mülki Məcəllənin tələbinə uyğun olaraq qanunvericilikdə qeyd olunmayan hallar və eyni zaman bağlandığı gündən əhəmiyyətsizdir, heç bir hüquqi əsası yoxdur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh qarşılıqlı iddia ərizəsində göstərir ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehə icarəyə verir və eyni zamanda icarə haqqını cavabdeh ödəmədiyi üçün indi geri tələb edir. Bildirir ki, cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, həqiqətən də aralarında bağlanan müqavilə icarə müqaviləsidir. Lakin, həmin icarə müqaviləsi müəyyən müddətə (22 ay) müddətinə bağlanıb və əgər cavabdeh 22 ay ərzində icarə haqqını ödəyirsə onda nəqliyyat vasitəsi cavabdehin adına rəsmiləşdirilir, yəni icarə haqqı tam ödənildikdən sonra nəqliyyat vasitəsinin alğı-satqısı baş verir. Cavabdehin ərizədə göstərdikləri məhkəməni tam yanlış istiqamətə yönəltməyə hesablanıb. Belə ki, icarə müqaviləsi Mülki Məcəllənin normalarına uyğun tərtib edilib, qanunvericiliyə uyğundur və burada heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh icarə müqaviləsinə şəxsən imza etmiş, icarə müqaviləsinin şərtləri ilə tam tanış olmuş və hal-hazırda həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir və əsassız bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Burada nə şifahi əqdin, nə də ki, yazılı əqdin şərtləri pozulmamışdır. Qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməli, ilk iddia üzrə iddia tələbi təmin edilməlidir. Bu səbəbdən, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X7 ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qardaşı Cavabdeh aylığı 994 manat olmaqla, «Hyundai Elantra» markalı minik avtomobilini "xxxx" MMC-dən kreditlə götürmüş və aylığı vaxtıvaxtında ödəmişdir. 2025-ci ilin fevral ayında qardaşı Anar ona demişdir ki, 800 manat gecikməsi var, birlikdə MMC-nin ofisinə getsinlər. Onlar MMC-nin Mətbuat prospektində olan ofisinə getmişlər. Orada Elmin adlı şəxs onları qarşılamışdır. O, Elmindən xahiş etmişdir ki, 800 manat gecikmədən əlavə 400 manat da pul verirlər, MMC yenidən etibarnamə versin ki, avtomobili idarə edə bilsinlər. MMC-də onlarla razılaşmamışlar və tələb etmişlər ki, növbəti ayları da, yəni 2.800 manat ödəsinlər. Onlar da ofisi tərk etmişlər və razılıq əldə olunmamışdır. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Vəkil ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı məhkəmə iclasında eyni zamanda iddia ərizəsində qeyd edir ki, mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehə icarəyə verir və eyni zamanda icarə haqqını ödəmədiyi üçün indi geri tələb edir. Tərəflər arasında buna müqavilə demək olarsa müqavilənin ikinci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra ona bir həftə müddətinə etibarnamə verilir və həmin müddət ərzində nəqliyyat vasitəsini mülkiyyətinə keçirmədiyi halda şirkət ona cavabdehlik daşımır. Üçüncü bəndində qeyd olunur ki, hər hansı bir qanun pozuntusu edilərsə DİN-ə, DYP-yə və digər hüquq-mühafizə orqanlarına cərimə olaraq 1.000 manat ödəyəcək. Müqavilənin üçüncü bəndinə baxdıqda Mülki Məcəllədə və qanunvericilikdə öz əksini tapmayan hallar müqaviləyə əlavə edilirsə həmin müqavilə bağlandığı andan etibarsızdır. Sözügedən iltizamın müqavilə olduğu fərz edilsə, müqavilənin mətnindən görünür ki, bu, alğı-satqı müqaviləsi olmaqla yanaşı kredit müqaviləsidir. Bu müqavilədirsə qanunvericiliyin tələbinə görə kredit vermək lisenziyası olmayan şəxslər kredit verə bilməz və bu borc müqaviləsi kimi qiymətləndirilməlidir, eyni zamanda alğı-satqıdırsa, borc və alğı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq notarial qaydada bağlanmalı idi. Hazırda iddiaçı bu şərtlərə əməl etmədən bunu həyata keçirmişdirsə və qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib olunmuş iltizam şifahi əqd kimi qəbul edilməlidir. Şifahi əqdə isə tərəflər razılaşır və aybaay nəqliyyat vasitəsinin dəyərini ödəyir və sonra nəqliyyat vasitəsi cavabdehə qalır. Lakin iddiaçı şifahi əqdin şərtlərini pozmuşdur, buna sübut video və audio yazıdır. Məhkəmədən yuxarıda qeyd olunanları nəzərə alaraq, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak etmiş Cavabdeh ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, şahid X4 məhkəmə iclasında ifadəsində bildirdi ki, «Hyundai Elantra» markalı ** RS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin əvvəlki sahibidir. Avtomobili 2024-cü ilin mart ayında almışdır, avqust ayında "xxxx" MMC-yə girov qoyub 14.000 manat pul götürmüşdür. 26 ay 994 manat pul ödəməli idi. 1-2 ay ödəniş etdikdən sonra pulu ödəyə bilməmiş, bu səbəbdən avtomobil "xxxx" MMC-nin adına keçmişdir. Ondan sonra eyni kredit şərtləri ilə avtomobili Anar götürmüşdür. İş materiallarına əlavə olunmuş: - 09 sentyabr 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı adlı sənəddən görünür ki, "xxxx" MMC sonradan satılacağı vədi ilə ** RS *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı 2016-cı il buraxılışlı avtomobilin Cavabdeh icarəyə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh 22 ay müddətinə hər ay 994 manat olmaqla hər ayın 1-i ödəniş etməyi öhəsinə götürdüyünü qeyd etmişdir. - xx.xx.2024-cü il tarixli ƏN-Vİİ seriyalı 165275 saylı etibarnamədən görünür ki, avtomobilin mülkiyyətçisi X1 Anar Himayət oğluna xx.xx.2026-cı il tarixədək qüvvədə olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə vermişdir. Etibarnamə Bakı şəhəri 14 saylı notariat ofisində, 7E-6708 reyestr nömrəsi ilə təsdiq edilmişdir. - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X3 Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək, Cavabdeh verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. Qeyd edilən etibarnaməyə bu ərizəyə əsasən xitam verilmişdir. Mobil notariat vasitəsi ilə bu barədə bildiriş göndərilmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 148 manat dövlət rüsumu ödənilmişdir. - Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 2.002 manat, xx.xx.2024-cü il tarixdə 994 manat, xx.xx.2024-cü il tarixdə 994 manat, xx.xx.2024-cü il tarixdə 994 manat olmaqla, cəmi 4.984 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinə əsasən: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə ilk öncə vurğulayır ki, əşyanın icarəyə verilməsi barədə müqavilə çoxtərəfli əqdin bağlanması yolu ilə rəsmiləşdirilir. Həmin əqdlər üzrə həm icarəyə verən, həm də icarəyə götürən tərəf üzərlərinə öhdəlik və vəzifələr götürürlər, qanunvericiliyin tələblərinə zidd olmayan şərtləri müəyyənləşdirirlər və heç bir tərəfin hüquqlarına xələl gətirməyən tarazlaşdırılmış müqavilə bağlayırlar. İlk iddianın əsası kimi istinad olunan «avtonəqliyyat vasitəsinin icarə haqqında iltizam»dan görünür ki, həmin sənəd özündə icarə müqaviləsinin atributlarını daşımır. İltizam müqavilə şəklində deyil, bir tərəfin digər tərəf qarşısında götürdüyü öhdəliklərin sadalanması şəklində, birtərəfli qaydada tərtib edilmişdir, icarəyə götürənin öhdəlikləri sadalansa da, icarəyə verənin öhdəlikləri, eləcə də tərəflərin hüquqları və s. sadalanmır. Mahiyyət etibarı ilə qeyd olunan iltizam icarə müqaviləsi deyil, əhəmiyyətsiz olmaqla özlüyündə etibarsız olan əqddir. Ona görə də, həmin iltizam istər ilk iddia üzrə iddiaçı üçün, istərsə də qarşılıqlı iddia üzrə iddiaçı üçün onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməz. Həmin iltizam bağlandığı andan etibarsızdır, əhmiyyətsiz əqddir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməli, yuxarıda qeyd edilən əhəmiyyətsiz əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdırlar. İş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçının istifadəsində, İddiaçı mülkiyyətində olan avtomobil əhəmiyyətsiz əqd üzrə ilk iddia üzrə Cavabdeh faktiki sahibliyindədir. Eləcə də, Cavabdeh tərəfindən əhəmiyyətsiz əqd üzrə "xxxx" MMC-yə cəmi 4.984 manat ödəniş edilmişdir. Ona görə də, əhəmiyyətsiz əqd üzrə Cavabdeh olan avtomobil "xxxx" MMC-yə, "xxxx" MMC tərəfindən əhəmiyyətsiz əqd üzrə alınmış 4.984 manat pul vəsaiti Cavabdeh qaytarılmalıdır. Avtomobil və pul vəsaitinin alınıb qaytarılması eyni anda icra edilməlidir. Çünki, həmin icra hərəkətləri eyni anda icra edilməyəcəyi təqdirdə, icra hərəkətlərinə tarazlı yanaşma pozulmuş olar. Bu isə nəticə etibarı ilə, avtomobil gec qaytarılacağı təqdirdə ilk iddia üzrə iddiaçının, pul vəsaiti gec qaytarılacağı təqdirdə qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarının pozulması anlamına gəlir. Ona görə də, avtomobil və pul vəsaitinin alınıb qaytarılmasının eyni anda icra edilməsi ədalətli və məqsədəmüvafiqdir. Məhkəmə xərclərinə münasibətdə qeyd edilməlidir ki, ilk iddianın və qarşılıqlı iddianın təmin edilmiş hissələrinə mütənasib olaraq 100 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə, 69,84 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilməlidir. Qalan hissələrdə ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməli, «Hyundai Elantra» markalı ** RS *** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı minik avtomobili Cavabdeh alınaraq "xxxx" MMC-yə qaytarılmalı, 4.984 manat pul vəsaiti "xxxx" MMC-dən alınaraq Cavabdeh qaytarılmalı, avtomobil və pul vəsaitinin alınıb qaytarılması eyni anda icra edilməlidir. İlk iddianın və qarşılıqlı iddianın təmin edilmiş hissələrinə mütənasib olaraq 100 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə, 69,84 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilməlidir. Qalan hissələrdə ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. İlk iddia və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia və qarşılıqlı iddia qismən təmin edilsin. «Hyundai Elantra» markalı ** RS *** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı minik avtomobili Cavabdeh alınaraq "xxxx" MMC-yə qaytarılsın. 4.984 manat pul vəsaiti "xxxx" MMC-dən alınaraq Cavabdeh qaytarılsın. Avtomobil və pul vəsaitinin alınıb qaytarılması eyni anda icra edilsin. İlk iddianın və qarşılıqlı iddianın təmin edilmiş hissələrinə mütənasib olaraq 100 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə, 69,84 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilsin. Qalan hissələrdə ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. İlk iddia və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1344/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1344/2025
01.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver