Məhkəmə qərarları › İş №2(002)-1392/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1392/2023

17.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1392/2023 17.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili X2, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış MŞB/13/2023-00122 saylı «Barışıq sazişi»nin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, onunla Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşlar. Aralarında olan nikah 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzinin qeydiyyat şöbəsində 4315 nömrə ilə akt qeydlər kitabında qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Birgə nikahlarından olan övladları hal-hazırda maraqlı şəxsin yanında qalır. Maraqlı şəxsin iddia tələbi əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 795/2023 saylı qətnaməsi ilə birgə nikahlarından olan övladlarının saxlanılması üçün ondan hər ay qazancının 1/4 hissəsi miqdarında və əlavə olaraq övladlarının saxlanılması üçün 50 manat sabit pul məbləğində alimentin tutularaq maraqlı şəxsə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası zamanı aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs ilə aralarında xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı «ASAN xidmət» Mərkəzində bağlanmış nikaha xitam verilməsi; birgə nikahlarından doğulan xx.xx.2021-ci il təvəllüdlü X1 (anası) Maraqlı şəxs himayəsində saxlanılması; birgə nikahlarından doğulan övladları xx.xx.2021-ci il təvəllüdlü X4 ilə həftə ərzində 1 gün, şənbə və ya bazar günləri saat 07:00dan axşam saat 21:00-a qədər Ərizəçi ilə ünsiyyətdə olması razılaşdırılmışdır. Barışıq sazişinin 6-cı bəndində qeyd olunduğu kimi saziş imzalandığı gündən 10 gün müddətinə sazişin könüllü şəkildə icra olunması qeyd olunmuşdur. Amma buna baxmayaraq, Maraqlı şəxs sazişi könüllü icra etməkdən boyun qaçırmışdır. O, nikaha xitam verilməsi və uşaqla ünsiyyətdə olmaqla bağlı dəfələrlə maraqlı şəxsə müraciət edərək, sazişin icra olunmasını tələb etmişdir, lakin maraqlı şəxs qərəzli olaraq sazişin icra edilməsindən imtina etmişdir. Həmin barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Aralarında imzalanmış «Barışıq sazişi»nin 8-ci bəndinə əsasən tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq olunması üçün mediasiya xərci olaraq 150 manat dövlət rüsumu onun tərəfindən ödənilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X5 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və 4315 nömrə ilə akt qeydləri kitabında qeydə alınmış nikahın pozulması və onlar arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili X5 ərizəçinin izahatına əlavəsinin olmadığını bildirib barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul etmədi və izahatında bildirdi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanılsa da həmin barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, onların birgə nikahdan azyaşlı uşaqları olduğuna görə nikahları məhkəmə qaydasında pozulmalıdır. Ərizəçi isə iddia icraatı qaydasında baxılmalı məsələni xüsusi ictraat qaydasında baxılmasını xahiş edir. Digər tərəfdən uşaqla ünsiyyət hüququnun təmin edilməsi başqa məhkəmə çəkişməsinin predmeti kimi çıxış edə bilər. Bu səbəbdən məhkəmədən barışıq sazişinin təsdiq edilməməsini xahiş edir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar mövcuddur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna ziddir (MPM-nin 355-26.1.1-ci maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahdan azyaşlı uşaqları olduğundan, onların nikahları mütləq şəkildə məhkəmə qaydasında pozulmalıdır. Ərizəçi isə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olan məsələni xüsusi icraat qaydasında baxılmasını xahiş edir. Digər tərəfdən uşaqla ünsiyyət hüququnun təmin edilməsi də başqa məhkəmə çəkişməsinin predmeti kimi çıxış edə bilər. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti Başçısının Ümid qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Talıbov X3 rayonu, Ümid qəsəbəsi, yeni massiv İİİ, ev 65 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar