Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1492/2025 30.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 23 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılaraq onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 və Cavabdeh5 yetkinlik yaşına çatmadıqlarından onlar cavabdehlər sırasından çıxarılmışdır. Yuxarıda adları çəkilən yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiə olunması baxımından ataları, iş üzrə cavabdeh olan Cavabdeh3 onların qanuni nümayəndəsi qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ailəli olmuşdur, üç övladı var. Uzun müddət Azərbaycan Dövlət Neft Şirkətinin Ə.Əmirov adına X2 İdarəsində çalışmışdır. 1989-cu ildən Ə.C.Əmirov adına NQÇİ-nin nəzdində olan mənzil-kommunal idarəsinin 10 saylı və 4, 5, 7 saylı yataqxanalarının komendantı olmuşdur. ARDNŞ-nın işçisi kimi mənzil növbəsində olduğu üçün ona Ə.Əmirov adına NQÇİ-nin rəhbərliyinin və HK-nın birgə yığıncağının xx.xx.2001ci il tarixli 129 nömrəli protokolunun əsasında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 23 saylı, sahəsi 18,0 m2 olan bir otaqlı mənzili verilmişdir. Mənzilə dair dörd nəfər ailə tərkibi ilə xx.xx.2001-ci il tarixli 489 saylı order verilmişdir. Bu sənədlərin əsasında pasport qeydiyyatına alınmışlar. Lakin onlar mənzilə köçənədək mənzil Qubadlı rayonundan məcburi köçkün olan cavabdehlər Cavabdeh1 və ailəsi tərəfindən zəbt olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Bakı şəhər MKTD-nin xx.xx.2013-cü il tarixli 99/1 saylı sərəncamına əsasən o, həmin mənzilin daimi kirayəçisi sayılmışdır. xx.xx.2024-cü il tarixdən o, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi ev 10 mənzil 23 ƏMDX DƏDK və R PHŞ-nın verdiyi çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Hazırda mübahisəli mənzil mülkiyyətində olsa da, o, mənzilində yaşaya bilmir. Cavabdehlərə ailə üzvləri ilə birlikdə ona məxsus mənzilin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdehlər mənzili zəbt edərək, məcburi köçkün olduqlarını bildirməklə mənzildən çıxmaqdan imtina etmişlər. Cavabdehlər onun qanunla qorunan hüquqlarını pozaraq, mənzil hüquqlarını məhdudlaşdırırlar. O, qanuni şəkildə özünə məxsus olan mənzildən istifadə edə bilmir. Bu səbəbdən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən cavabdeh, eləcə də yetkinlik yaşına çatmamış ailə üzvlərinin qanuni nümayəndəsi olan Cavabdeh3 iddianı qəbul etmədi və izahatında bildirdi ki, onlar həmin mənzili zəbt etməmişlər. Atası polis əməkdaşı olduğundan 1-ci mərtəbədən onlara mənzil vermişlər. Sonra görmüşlər ki, ailələri böyükdür, onlara üçüncü mərtəbədən mənzil vermişlər. İddianı qəbul etmir. Çünki başqa yaşayış yerləri yoxdur. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında Cavabdeh1 ilə görüntülü telefon bağlantısı zamanı o, iddianı qəbul etmədiyini, yataq xəstəsi olduğunu, başqa yaşayış yerinin olmadığını bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında Cavabdeh2 ilə görüntülü telefon bağlantısı zamanı o, iddianı qəbul etmədiyini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında Cavabdeh6 ilə görüntülü telefon bağlantısı zamanı o, iddia ərizəsində qeyd edilən mənzildə yaşamadığını bildirdi və ona münasibətdə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında Cavabdeh7 ilə görüntülü telefon bağlantısı zamanı o, iddianı qəbul etmədiyini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Ə.Əmirov adına NQÇİ-nin rəhbərliyinin və HK-nın birgə yığıncağının xx.xx.2001-ci il tarixli 129 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı 4 nəfər ailə tərkibi ilə (oğlu və qızları) Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı ailəli yataqxanada blok 2, mərtəbə 2-də yaşayış sahəsi 18,00 m2 olan 23 saylı mənzilin verilməsi qərara alınmışdır. - 04 oktyabr 2001-ci il tarixli 489 saylı orderdən görünür ki, Ə.Əmirov adına NQÇİnin rəhbərliyinin və HK-nın birgə yığıncağının xx.xx.2001-ci il tarixli 129 nömrəli protokoluna əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 23 saylı mənzilinə dair order təqdim olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 25 oktyabr 2013-cü il tarixli 99/1 saylı sərəncamından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 10 saylı evin yaşayış sahəsi 18,0 m2 olan 1 otaqlı 23 saylı mənzilinə 7 nəfər ailə üzvü ilə (özü, oğlu, 2 qızı və 3 nəvəsi) İddiaçı adına icarə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli, **********80-05101-093038 reyestr, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 10 saylı evin 23 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınmışdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehlər Qubadlı rayonundan məcburi köçkün olmaqla, iddiaçıya ailə üzvləri ilə verilmiş mənzil üzərində hər hansı hüquqları yoxdur, iddiaçının ailə üzvü deyillər, özbaşına olaraq mənzilə köçməklə, mənzili zəbt etmişlər. Cavabdehlərdən Cavabdeh6 başqa iddia ərizəsində adları qeyd edilən şəxslər həmin mənzildə yaşayırlar, bununla iddiaçının qanunla qorunan hüquqlarını davamlı şəkildə pozurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 17 iyun 1999-cu il tarixli Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və yerli icra hakimyyəti orqanları öz səlahiyyətləri daxilində, məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınmışq salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər müstəqil olaraq müvəqqəti məskunlaşmamışlar, işğal faktı baş verən vaxtdan sonra uzun illər ərzində həmin mənzili zəbt etmişlər və iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Cavabdehlərin məcburi köçkün olub-olmaması, məcburi köçündürlərsə hansı ərazi üzrə qeydiyyatda olmaları, Qubadlı rayonundan məcburi köçkün düşərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti evlə təmin olunub-olunmamalarına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçıya verilmiş mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və onların yetkinlik yaşına çatmamış ailə üzvləri tərəfindən zəbt olunmuşdur və iddiaçının hüquqları davamlı şəkildə pozulur. Ödəniş qəbzindən göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, həmçinin yetkinlik yaşına çatmamış Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 23 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Cavabdeh6 mübahisəli mənzildə yaşamır, başqa ünvanda yaşayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, həmçinin yetkinlik yaşına çatmamış Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 23 saylı mənzilindən çıxarılsınlar. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 23 saylı mənzili boşaldılsın. İddiaçı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 23 saylı mənzilinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1492/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1492/2025
30.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver