Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1509/2022 14.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X5 Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş mağazadan çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş mağazadan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh atasına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 52 saylı mağazadan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X1 Ticarət Birliyində çalışmış və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 52 saylı çörək mağazasına sahiblənərək istifadə etmişdir. Lakin mağaza sahibi olmuş, iddiaçının atası X1 07 aprel 2002-ci il tarixdə vəfat etmişdir. 1992-ci ildə iddiaçının atası ona məxsus olan Lökbatan qəsəbəsi, H. Aslanov küçəsində yerləşən 52 saylı mağazanın təyinatını dəyişərək Füzuli rayonundan məcburi köçkün olan Cavabdeh ailəsi ilə birlikdə müvəqqəti yaşamaq üçün onların istifadəsinə vermişdir. Həmin vaxtdan da cavabdeh ailəsi ilə birlikdə 52 saylı mağazada yaşamışdır. Onların həmin mağazada yaşaması səbəbindən mağaza öz fəaliyyətini dayandırmışdır. İddiaçı cavabdehə atasına məxsus mağazanı boşaldılması dəfələrlə təklif etsə də, qarşı tərəf məcburi köçkün olduqlarını bildirməklə mağazadan çıxmaqdan imtina etmişdir. İddiaçı və onun vəkili məhkəmə iclasında izahat verərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 52 saylı çörək mağazasının iddiaçının atasına məxsus olduğunu, Birinici Qarabağ müharibəsi zamanı cavabdehlərə (Füzuli rayonundan məcburi köçkündülər) müvəqqəti sığınacaq adı ilə atası tərəfindən verildiyini bildirmiş, hal-hazırda isə cavabdehlərin şəxsi evləri olduğundan həmin əmlakdan (iddiaçının atasına məxsus mağazadan) çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəli mağazaya o 1995-ci ildə İcra hakimiyyətinə və Ağsaqqallar Şurasına etdiyi müraciəti əsasında köçürülmüşdür. Hal-hazırda o 14 nəfər ailə üzvü ilə birlikdə həmin mağazada məskunlaşmışlar. Başqa yaşayış yerləri yoxdur. Bu səbəbdən məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin İddiaçı Şiriddin oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 4 nömrəli (52 saylı) mağaza ilə bağlı hər hansı şəxsin adına mülkiyyət hüququnu təsdiq edən sənədin verilib-verilməməsi barədə müraciətinə 18 yanvar 2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, ünvanla bağlı dəqiq məlumat, müvafiq sənədlərin sürəti (şəxsiyyət vəsiqəsi, iddiaçının atasına aid ölüm haqqında şəhadətnamə və ya vərəsəlik haqqında məktub) əlavə edilmədiyi üçün müraciətin cavablandırılması mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlşdırılmasına (yüklülyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edimiş şəxsə, hüquq sahibinin əmlakına qanun və vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron formada müraciətləri əsasında verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Qaradağ Rayon Sektoru tərəfindən verilmiş 1945 saylı, xx.xx.2021- ci il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən də ünvan 1 ünvanında 1995-ci ildən ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155,156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı deyil. Belə ki, iddiaçı ilk əvvəl həmin mübahisəli əmlaka subyektiv hüququnun olduğunu, yəni mübahisələndirdiyi əmlakın ona məxsus olmasını və ya onun qanuni sahibi olmasını sübut etməlidir. Həmin halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin iddiaçı bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmlakın mülkiyyət hüququ ilə ona və ya atasına məxsus olmasını və ya onun qanuni sahibi olmasını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Həmçinin iddiaçı mərhum atasının yeganə vərəsəsi olması ilə bağlı da məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bu səbəbdən, hazırki halda iddia üzrə iddiaçının subyektiv hüququ olmadığından, həmçinin iddia tələbini əsaslandıran heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş mağazanın boşaldılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş mağazanın boşaldılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apllyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1509/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1509/2022
14.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver