Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1530/2024 12.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh (Mamedov Sakhır) qarşı “əmlak” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Mamedov Sakhıra) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Mamedov Sakhırdan) 83.000 manat məbləğində pulun, 2006-cı il tarixdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək orta aylıq əmək haqqları, məzuniyyət və son haqq-hesab pullarının, ödənilmiş 369 manat dövlət rüsumunun, dəyəri 5000 manat olan bır ədəd qızıl qol saatının, bir ədədinin dəyəri 200 manat olmaqla cəmi 600 manat təşkil edən üç ədəd xalçanın, dəyəri 1500 manat olan “LG” markalı bir ədəd televizorun, dəyəri 550 manat olan “Samsung” markalı bir ədəd kompüter dəstinin, dəyəri 800 manat olan bir ədəd kompüter masasının və dolabının, bir ədədinin dəyəri 1500 manat - cəmi 3000 manat təşkil edən iki ədəd kondisionerin, iki ədəd dəyəri 800 manat olan “LG” markalı tozsoranın, dəyəri 300 manat olan bir ədəd mikrodalğalı sobanın, dəyəri 900 manat olan “Samsung” markalı bir ədəd soyuducunun, dəyəri 700 manat olan bir ədəd paltaryuyanın, dəyəri 250 manat olan bir ədəd akvariumun, dəyəri 150 manat olan bir ədəd ətçəkən maşının, dəyəri 110 manat olan “Tefal” markalı çaynik dəstinin, dəyəri 1000 manat olan bir ədəd sobanın (duxovka), dəyəri 1500 manat olan bir ədəd divan dəstinin (yazı masası ilə birlikdə), dəyəri 3500 manat olan bir dəst yataq mebelinin (1 ədəd çarpayı, iki ədəd dolabça, bir ədəd güzgülü siyirtmə, bir ədəd şifonyer ), dəyəri 2000 manat olan bir dəst qonaq mebelinin (bir ədəd masa, 8 ədəd miz, bir ədəd bar, bir ədəd qorka, bir ədəd güzgülü siyirtmə ), dəyəri 2000 manat olan bir ədəd güzgülü qarderobun, dəyəri 1500 manat olan bir dəst mətbəx mebelinin, ümumi dəyəri 3000 manat təşkil edən ev əşyalarının (qab-qacaqlar, suveniriər, yorğanlar, döşəklər, ədyallar, pokrıvallar ) cavabdehdən alınıb ona verilməsi, tələb etdiyi əşyalar mövcud olmadıqda və ya yararsız hala salındıqda dəyərlərinin, 10000 manat mənəvi zərərin, gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ev təmiri ilə məşğul olmaqla ailəsini dolandıran bir şəxs olmuşdur. Təxminən 2006-2007-ci illərdə Qaradağ rayonu, Sahil qəsəbəsində 13 mərtəbəli təmirsiz binanın və "xxxx" şadlıq sarayının sahibi cavabdeh, ikili vətəndaşlığı olan Şamaxı rayonu Xınıslı kəndində doğulmuş, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh (Mamedov Sakhır) ilə tanış olmuşdur. Cavabdeh həmin 13 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən iki otaqlı 16 saylı mənzilin təmirini ona həvalə etmişdir. Onunla eyni vaxtda 17 saylı mənzilin təmirini başqa bir briqadaya həvalə etmişdir. O vaxt həmin binada olan 72 mənzilin cəmi 28-i təmirli idi. Qalan mənzillərin heç arakəsmələri belə hörülməmişdi. Mənzilin təmiri ilə bağlı aralarında qiymət danışılmamışdır. Cavabdeh ona bildirmişdir ki, işini təmiz, səliqəli və məsuliyyətlə yerinə yetirsin, qiymətindən narahat olmasın. O, işini məsuliyyətlə yerinə yetirmiş və həmin mənzildə işi tamamlamamış həmin mərtəbədə 14 saylı 3 otaqlı mənzilin də təmirinə başlamağı ona tapşırmışdır. İşin davam etdiyi müddətdə ona ara-sıra avans ödənilsə də, qiymətlə bağlı heç bir söhbət etməmişlər. Bundan sonra, cavabdeh onunla paralel işləyən digər briqadanı yola salaraq, daimi işləmələrini ona təklif etmişdir. O, təkliflə razılaşdıqdan sonra 15 nəfərlik briqada toplayaraq digər təmirsiz 32 mənzilin təmirini öz öhdəsinə götürmüşdür. Cavabdeh gündəlik zəruri xərcləri və material pullarını qarşılayırdı. O, bundan əlavə, "xxxx" şadlıq sarayında da gedən təmir işlərini həyata keçirmişdir. Mənzilləri təmir edib kirayəçilərə təhvil vermişlər. Bu qaydada işlərinə davam etmişlər. Lakin binanın maliyyə işləri ilə məşğul olan Mehdi adlı şəxs həmin binanın 8-ci mərtəbəsində yerləşən 40 nömrəli mənzildə özünü asaraq intihar etdikdən sonra Cavabdeh həmin şəxsin işlərini də ona həvalə etmişdir. O, buna etiraz etmişdir. Lakin cavabdeh xahiş edərək bildirmişdir ki , ondan etibarlı və inandığı adamı olmadığına görə onu pis vəziyyətə qoymasın. Beləliklə, o, əlavə olaraq həmin binada yaşayanlardan kirayə və kommunal haqqları yığmış, bütün lift, su, istilik, santexnika və elektrikdə yaranmış problemlərin həll edilməsi məsələlərinə baxmışdır. İş həcmi o qədər çox idi ki, hətta istirahət belə etmədən işləmişdir. Lakin bunun müqabilində Cavabdeh ona yalnız gündəlik zəruri xərcləri (yemək və s.) ödəyirdi. Həmin vaxt cavabdeh ona bildirmişdir ki, o, ev almaq niyyətindədir, pulu ona versə xərcləyib ortalığa bir şey çıxarmayacaq. Arada zarafatla “ondan yaxşı bank tapa bilməyəcəyini “deyib, pullarını ona verməyib, dəftərində qeyd edirdi. Aralarında inam və etibar olduğundan cavabdehin dediklərinə əməl etmişdir. Bir gün həmin binada yaşayan Elşən Ələkbərov adlı şəxs biri həmin binanın 6-cı mərtəbəsində, digəri isə həmin qəsəbədə başqa ünvanda yerləşən iki otaqlı mənzili satmaq niyyəti ilə ona müraciət etmişdir. Həmin mənzillərə baxdıqdan sonra onların binadakı 6-cı mərtəbədə yerləşən 30 saylıl mənzili özü almaq qərarına gəlmişdir. Mənzilin dəyərini 83.000 manata razılaşmışlar. Elşən Ələkbərov mənzili özü alacağı halda içindəki əşyaları ona hədiyyə kimi verəcəyini bildirmişdir. O, bu barədə Cavabdeh bildirmişdir. O, razı olduğundan 83.000 manat pulu həmin evin alınmasına ödəmişdir. Lakin bütün alğı-satqı xərclərini özü çəkmişdir. Cavabdeh bildirmişdir ki, aralarında yekun haqq-hesab edənə kimi ev onun adında qalacaq. Bundan əlavə, həmin binanın 8-ci mərtəbəsində yerləşən 37, 38, 39, 41, 42 nömrəli mənzillərin sahibi, əslən Hacıqabul rayonundan olan Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mübariz adlı şəxs Cavabdehla aralarında yaranmış mübahisə səbəbindən həmin əraziyə gəlmədiyi üçün qeyd edilən mənzillərin açarlarını ona təhvil verərək, həmin mənzillərdən muğayat olmasını ondan xahiş etmişdir. Həmin mənzillərdən 37 və 38 nömrəli mənzillər istifadəyə tam yararlı olduğundan xarici vətəndaşlara kirayə verilmişdir. Həmin kirayə pullarını Cavabdeh hesabına köçürmüşdür. O, həmin pulun Cavabdeh tərəfindən Mübarizə çatdırıldığını düşünsə də, Mübariz də onun aldığını düşünürmüş, lakin həmin pulları Cavabdeh Mübarizə verməmişdir. Bundan sonra Mübariz həmin mənzilləri satmağı ondan xahiş etmişdir. Ona bildirmişdir ki, bazar qiymətindən daha aşağı satıb, qalan qazancı özünə götürə bilər. Belə ki, bir mənzilin dəyəri təxminən 105.000 manat olsa da, Mübariz ona 50.000 manat verməsini, qalan pulları özünə götürməsini demişdir. O, bu halı Cavabdeh bildirdikdən sonra, Cavabdeh həmin pulları ödəyib mənzili almışdır. Lakin ona çatmalı olan təxminən bir mənzil üçün 110.000 manat pulu da ona verməmişdir. Həmin vaxt məsələnin üstü açılmışdır ki, onun Mübarizə vermək üçün göndərdiyi 12.000 manat Cavabdeh tərəfindən Mübarizə çatdırılmayıb. Lakin buna baxmayaraq, o, sonuncuları barışdırmışdır. Bundan əlavə olaraq, “Vanorod” xarici şirkəti onun vasitəçiliyi ilə həmin binada öz işçi qüvvəsi üçün 10 mənzil kirayələmiş və sonunculara göstərdiyi xidmətin əvəzi olaraq ona ödəməli olduqları 27.000 manatı nağd deyil, yalnız bank hesabına köçürə biləcəklərindən, Cavabdeh hesab nömrəsini vermiş və şirkət həmin məbləği onun hesabına köçürmüşdür. Bundan əlavə olaraq, həmin binaların tikintisinə sərf olunan rəhbərlik etdiyi təsərrüfat malları dükanından nisyə götürülən 10.000 manat dəyərində materialların pulunu ödəməmişdir. Hər dəfə haqq-hesab etmək üçün müraciət edəndə, “hara tələsirsən, sən burada, mən burada” deyərək vaxtı o vaxta gətirmişdir ki, pandemiya səbəbindən 2020-ci ildən 2021-ci ilin fevral ayına kimi cavabdeh RF-dən Azərbaycana qayıda bilməmişdir. Lakin o, vicdanla bir il ərzində 400.000 manat məbləğində pul yığmış və sonuncunun “WhatsApp” proqramı vasitəsi ilə verdiyi bütün əmrlərini yerinə yetirmişdir. Nəhayət, cavabdeh Azərbaycana qayıtmış və o, təkidlə sonuncudan haqq-hesab etməyi tələb etmişdir. Bu cavabdehin xoşuna gəlməmişdir. Cavabdeh ona bildirmişdir ki, ona ev vermişdir, bəsidir. O, narazı qalmışdır. Belə ki, evin dəyəri 83.000 manat olduğu halda o, 2006-cı ildən bu günə kimi yalnız 83.000 manatlıq iş görmüşdür? Bəs bu illər ərzində onun çəkdiyi əziyyətin, zəhmətin haqqları və qeyd etdiyi məbləğlər necə oldu? Aralarında mübahisə baş vermişdir. Lakin həyat yoldaşı xəstə olduğundan o, həyat yoldaşını rayona aparmalı olmuşdur. Bakıya qayıdarkən qonşular zəng edib, S. A. Məmmədovun bir neçə nəfərlə gəlib, mənzilinin qapısını sındırdığını ona xəbər vermişlər. O, dərhal DİN-ə zəng edərək, bu barədə məlumat vermişdir. Lakin həmin gündən ona, oğluna və yoldaşına aid olan, eləcə də min zəhmətlə əldə etdiyi bütün əmlaklar da həmin mənzildə qalmışdır. Qapının açarı dəyişdirildiyindən mənzildən də həmin əmlakları götürə bilməmişdir. Bundan sonra, Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə onun həmin mənzildən çıxarılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və iddiası təmin edilmişdir. Həmin mübahisə zamanı məlum olmuşdur ki, Cavabdeh onu faktiki olaraq özünə məxsus olan, lakin rəsmən fiziki şəxs X2 adında olan "xxxx" MMC-yə ofisiant köməkçisi, ofisiant və mühafizəçi kimi sənədləşdirmişdir. Belə olan halda, o, Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamışdır. Şikayəti araşdırılaraq həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə tənbehvermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda onun əmək haqqlarının verilməsi ilə bağlı cavabdehə göstəriş xarakterli məktub ünvanlanmışdır. Lakin heç biri 2006-cı il tarixdən bu günə kimi onun nə əmək haqqını vermiş, nə də əvəzində əldə etdiyi mənzili geri qaytarmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin şəxsin ona vurduğu mənəvi zərərin dəyəri böükdür, lakin o rüsum ödəməyə maddi vəziyyəti imkan vermədiyindən həmin hissədə pul tələb edə bilmir. Amma ona dəymiş real zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada ona verməli olduqları cəmi 217.000 manat (12.000 + 110.000 + 27.000 + 11.000 və əmək haqqları, məzuniyyət pulları və son haqqhesab pulu) məbləğində pulun, ödənilmiş 508 manat dövlət rüsumunun və eyni zamanda Əmək qanunvericiliyinə uyğun olaraq gecikdirilmiş əmək haqqının qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi ziyan da vurmuşdur. Buna görə də hesab edir ki, həmin pullar da məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda ona məxsus olan bütün əşyalar, avadanlıqlar da həmin mənzildə qaldığından əşyaların və avadanlıqların da cavabdehdən alınıb ona verilməsinə zərurət vardır. O, təhsilsiz, heç bir yerdə işləməyən insandır. Savadsızlığından, sadəlövhlüyündən istifadə edən cavabdehlər onun hüquqlarını pozmuşlar. Bu insanlar onu 15 il istismar etmişlər, min bir zülmlə qazandığı pulları əlindən alıb, onu pis vəziyyətə salmışlar. Buna görə də, xahiş edir ki, onun hüquqları bərpa olunsun. Bundan əvvəl Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə təmin edilərək qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin gəldiyi mövqe bundan ibarət olmuşdur ki, hər iki şəxsə qarşı verdiyi iddia ərizələrinə bir yerdə baxıla bilməz. Mübahisələrə ayrı-ayrılıqda baxılmalıdır. O, ödədiyi dövlət rüsumunu bu günə qədər ala bilmədiyindən, yenidən iddia ərizəsi verə, vəkillə müqavilə bağlaya bilmirdi. Hazırda ödədiyi rüsumun geri qaytarılması ilə bağlı qərardad icra edildiyinə görə yenidən məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdeh qeyd edilən məbləği özündə saxlamaqla onun pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Onunla cavabdeh arasında iddia ərizəsində qeyd etdiyi maddi hüquq normalarında nəzərdə tutulan pul tələbi hüquqi münasibətlərin əmələ gəlməsi mülki iş materiallarından aydın olur. Cavabdeh şifahi formada əməyinin əvəzi olaraq mənzil verməyi və işin müqabilində ona pul ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Mülki qanunvericilikdə nəzərdə tutulmuş borc müqaviləsinə görə tərəflərdən biri olan borc verən pulu və ya digər əvəz edən əşyalara mülkiyyət hüququnu digər tərəfə borc alana keçirməyi öhdəsinə götürdüyü kimi, borc alan da aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öz öhdəsinə götürməlidir. Dövlət rüsumunu ödəməyə gücü çatmadığından yalnız mənzilin dəyərini, 2016-cı il tarixdən bu günə kimi orta aylıq əmək haqqı ödənişlərini, ona məxsus olan əyşaları və mənəvi zərərin az bir hissəsinin əvəzini tələb edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(002)-798/2024 saylı qərardadına əsasən «əmlak» tələbi digər (əmək mübahisəsi, həmin mübahisədən doğan mənəvi ziyanın vurulması) tələblərdən ayrılmışdır və hazırki mülki iş üzrə iddia predmetini əmlakın, əmlak mövcud olmadıqda isə dəyərinin cavabdehdən tutulması tələbi təşkil edir. X4 yuxarıda qeyd edilən əmək mübahisəsi üzrə tələblərə münasibətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyindən və hazırki tələblər üzrə üçüncü şəxs olmadığından, öncəki məhkəmə iclaslarında iştirak etmiş Adil Həsənovun adı iddia ərizəsindəki tərəflərin siyahısından çıxarılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, İddiaçı iddiasını qəbul etmir. O, etirazında bildirmişdir ki, iş üzrə 9 məhkəmə iclası keçirilmiş və kifayət qədər araşdırma aparılmışdır. Eyni zamanda mübahisəli mənzilə baxış da həyata keçirilmiş və müəyyən edilmişdir ki, mənzillər (cavabdeh eyni şəxsdən iki mənzil, o cümlədən mübahisəli mənzili almışdır) Cavabdeh tərəfindən əvvəlki mülkiyyətçidən əşyalarla birlikdə alınıb. Həmin əşyaların iddiaçıya aid olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməyib. Bundan başqa, xx.xx.2024-cü il tarixli 3-cü məhkəmə baxış iclasında iddiaçı şahid tədim etdiyi halda həmin şahidin dindirilməməsini xahiş edir. Bir daha bildirir ki, Cavabdeh Azərbaycanda olmadığı müddətlərdə müəyyən işlərinin görülməsini İddiaçı etibar etmişdir. Buna görə də, Cavabdeh mülkiyyətində olan mübahisəli mənzili İddiaçı müvəqqəti yaşamaq üçün vermişdir. Lakin İddiaçı cavabdehin etibarından sui-istifadə edərək Cavabdeh, habelə onun yaxınlarına və ailə üzvlərinə məxsus daşınmaz əmlaklardan əldə olunan külli miqdarda vəsaiti mənimsəmişdir, yığdığı kommunal pulları da qanunsuz olaraq ələ keçirmişdir. Həmin vəsaitləri sonradan Cavabdeh ödəmək məcburiyyətində qalmışdır. Digər mülki işlə əlaqədar hazırki məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin və vəkilinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, mənzilə yerində baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası qanunsuz və əsassız olduğu üçün təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, iddia tələbində istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmədə mübahisələndirilən hüquq münasibətində tərəfin müvaiq sübutları təqdim etməməsi onun haqsız olması prezumpsiyasını ehtiva edir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında Cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki iş olmuşdur. Həmin mülki işə baxılarkən İddiaçı vəkili X5 vəsatətlə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılanadək cavabdeh və ailə üzvlərinin, habelə onlara məxsus əşyaların mübahisəli mənzildən çıxarılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 noyabr 2021-ci il tarixli, e-2(002)-3158/2021 saylı qərardadı ilə vəsatət təmin edilmiş, qərardad üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, icra vərəqəsi xx.xx.2021-ci il tarixdə icra məmuru X3 icraatına daxil olmuşdur. İcra işində olan sənədlərdən göründüyü kimi, icra sənədi icra edilmiş, icra sənədi tam icra edildiyindən icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2(002)-3158/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən 30 saylı mənzildən öz əmlakları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və Cavabdeh təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 4049/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2(002)-3158/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5509/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4049/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş, yuxarıda adları qeyd olunan sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2(002)- 3158/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədi Qaradağ rayon İcra şöbəsinə daxil olmuş, böyük icra məmuru Səbuhi Bağırov tərəfindən 05 yanvar 2022-ci il tarixli qərara əsasən icraatına qəbul olunmuşdur. Tələbin könüllü icrası barədə cavabdehə həmin tarixdə bildiriş göndərilmişdir. Məhkəmə tərəfindən ünvan 1 ünvanda yerləşən 30 saylı mənzilə yerində baxış keçirilən zaman müəyyən olundu ki, qeyd olunan mənzildə yerləşən əşyaların heç biri iddiaçıya məxsus deyildir. Mənzildə olan mebellər iddiaçının iddia ərizəsində qeyd edilən siyahıdakı mebellər deyil, eləcə də mənzilin ölçülərinə uyğun yığılmışdır, onların ölçüsü və dizaynı (görünüşü) sırf bu mənzilə uyuğundur. Məhkəmə X1 məhkəməyə təqdim edilmiş ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. E.M.Ələkbərov həmin ərizədə qeyd etmişdir ki, özünə məxsus olan ünvan 2 ünvanda yerləşən iki otaqlı mənzili İddiaçılə anlaşaraq ona satmaq qərarına gəmişdir. Aralarında olan yaxşı münasibətlərə görə alğı-satqı zamanı mənzildən heç bir əşya və mebel götürülməyib və İddiaçı hədiyyə edilmişdir. Lakin alğı-satqı zamanı notariusda İddiaçı mənzili Cavabdeh adına rəsmiləşdirmişdir və 1.600 manat dövlət rüsumu ödəmişdir. Ona sual veriləndə ki, mənzili niyə öz adına keçirmir, İddiaçı cavab verərək bildirmişdir ki, aralarında bir mübahisəyə görə evi girov qoyur, sonra öz adına keçirəcək. O, səhhəti ilə bağlı məhkəməyə gələ bilmir, üzürlü hesab edilməsini xahiş edir. Məhkəmə aşağıdakılara görə həmin ərizəyə tənqidi yanaşır və onu mötəbər sübut hesab etmir. Birincisi, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində adı, sayı və digər xüsusiyyətləri göstərilməklə mənzildə olan əşyaların üçüncü şəxsə hədiyyə edilməsi barədə qeyd-şərt mövcud deyildir; İkincisi, E.Ə.Məmmədov mənzildə olan əşyaların və mebellərin adını, sayını, digər xüsusiyyətlərini bildirməmişdir; Üçüncüsü, E.Ə.Məmmədov İddiaçıla hansı müddətdə tanış olduqlarını, aralarında yaxşı münasibətlərin hansı zəmində yarandığını bildirməmişdir. E.Ə.Məmmədov alğı-satqı müqaviləsi bağlanarkən rəsmiləşdirmənin başqa şəxsin adına aparıldığını öyrəndiyini, bununla maraqlandığını, verdiyi sual əsnasında mənzilin alınmasında iştirak edən şəxslə mənzili alan şəxs arasında mübahisə olduğunu, mənzilin girov müqaviləsi bağlanmadan girov qoyulduğunu öyrəndiyini qeyd etsə də, bunlara rəğmən mənzili alan şəxsin mənzili mənzildə yerləşən əşyalar və mebellərlə birlikdə alıb-almaması, əşyalar və mebellərin üçüncü şəxsə hədiyyə edilməsinin alıcıda narazıçılıq yaradıb-yaratmayacağı, mənzili əşyaları ilə birlikdə bəyənib alması ilə, ümumiyyətlə mənzillə bağlı gələcəkdə mübahisə yaranıb-yaranmayacağı və s. bu kimi suallarla maraqlanmaması ərizənin təzadlı olduğunu ehtiva edir; Dördüncüsü, E.M.Ələkbərov xəstə olmasını, səhhəti ilə bağlı məhkəməyə gələ bilməməsini təsdiq edən sübutları həmin ərizəyə əlavə etməmişdir. Beşincisi, mənzilə yerində baxış zamanı, müəyyən edildi ki, mənzildə olan mebellər iddiaçının iddia ərizəsində qeyd edilən siyahıdakı mebellər deyildir. Mebellər mənzilin ölçülərinə uyğun yığılmışdır, onların ölçüsü və dizaynı (görünüşü) sırf bu mənzilə uyğundur. İçərisində avadanlıq quraşdırılmış mənzillərin alğı-satqısı ilə bağlı müasir adətlər onu göstərir ki, mənzillərdən otaqların ölçüsünə uyğun özünəməxsus tərzdə yığılmış mebellər mənzillə birlikdə, mənzilin tərkib hissəsi, dəyər yaradan əşyalar kimi satılır. Hətta alğı-satqı müqavilələrinin standart şərtlərində də qeyd olunur ki, mənzil alıcının görüb bəyəndiyi vəziyyətdə satılır. Yuxarıda qeyd olunanların məcmusuna əsasən məhkəmə qeyd edilən ərizəni obyektiv, həqiqəti əks etdirən mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası Mülki Prosesdsual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktlarından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2(002)-3158/2021 saylı qətnaməsi qanun qüvvəsini almış, icraya yönəldilmiş və həmin qətnamə üzrə verilmiş icra sənədi icra olunmuş, icra sənədi üzrə icraata xitam verilmişdir. Başqa sözlə, İddiaçı və ailə üzvləri, onlara məxsus əşyalarla birlikdə mübahisəli mənzildən çıxarılmışlar. Qeyd olunan mənzildə iddiaçıya aid heç bir əşya qalmamışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 369 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh (Mamedov Sakhıra) qarşı “əmlak” tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, bir neçə tələb irəli sürmüş və cəmi 369 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin məbləğdən yalnız 100 manatı hazırki tələb üzrə ödənilmiş dövlət rüsumudur. İddiaçının hazırki tələbi qiymətləndirilməyən iddia tələbinə aid olmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçı tərəfindən ödənilməli dövlət rüsumunun məbləği 100 manat təşkil etmişdir. 369 manat dövlət rüsumunun qalan hissəsi hazırki iddia tələblərindən ayrılaraq baxılması üçün digər məhkəməyə göndərilmiş iddia tələbləri (əmək mübahisəsi, həmin mübahisədən doğması qeyd olunan mənəvi ziyanın vurulması tələbləri) ilə əlaqədardır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş materiallarından həmçinin o da görünür ki, iddiaçı hazırkı iddianın predmetini təşkil edən əmlak tələbi ilə bağlı deyil, əmək mübahisəsinə dair tələblərlə bağlı Bakı 2 saylı Mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2022-ci il tarixli, MŞB/2-1802 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış və 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mediasiyaya dair xərc ödənilmədiyindən, həmin məsələ həll olunmuşdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (Mamedov Sakhıra) qarşı “əmlak” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1530/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1530/2024
12.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver