Məhkəmə qərarları › İş №2(002)-1564/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1564/2024

23.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1564/2024 23.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakı tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 1-də olan cehiz əşyalarının ona qaytarılması barədə xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o İddiaçı Kəmaləddin qızı Cavabdeh ilə 07 iyul 2006-cı il tarixdə Azərbaycan Respublikası Göyçay rayon İHB-nin İncə kənd nümayəndəliyində 13 nömrəli aktı qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründən xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)- 242/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulub, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 Nərgiz Kəmaləddin qızının himayəsində qalsın xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı Kəmaləddin qızının xeyrinə hər ay hər bir uşaq üçün, 100 (yüz) manat üç uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödənilsin. Gəlin köçəndə onun mənzilinə valideyinlərin tərəfindən ona hədiyyə edilən cehiz əşyalarımı apararaq cavabdehlə ailə üzvü kimi bir yerdə yaşamışlar. Cavabdeh ilə aralarında yaranmış mubahisə ilə əlaqədər o məcburiyyət qarşısında qalıb, atası evinə qayıtmış və məhkəmədə cavabdehlə nikahının pozulması barədə iddia qaldırmışdır. O mənzildən gedərkən ona hədiyyə cehiz əşyaları və şəxsi geyim əşyaları eyni zamanda nikah dövründə əldə olunan əmlakları həmin mənzildə qalmışdır. Cavabdeh həmin əmlakları könüllü olaraq qaytarmaq istəmir. Yaşadığı evdə valideynləri tərəfindən ona hədiyyə olan verilən aşağıdakı göstərilən cehiz əmlakı qalmışdır. Xalça-2 ədəd (2/3) 25 manat, Xalça-1 ədəd (4/3) 100 manat, Stol 125 manat, Stul 125 manat, Kondisioner 1000 manat, Kamot 400 manat, Ət çəkən 60 manat, Televizor 800 manat, Taxt 100 manat, Sandıq 150 manat, Boşqab dəsdi 200 manat, Qazan dəsti 150 manat, 6 ədəd qaşıq, 6 ədəd çəngəl, 6 ədəd bıçaq dəsti, Şəxsi geyimlər. Ona hədiyyə edilən cehiz əmlaklarının və nikah dövründə verilən şəxsi geyim əşyaları qaytarmalı. Eyni zamanda nikah dövründə əldə olunan əmlaklar aralarında bölünməlidir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

3. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-242/2023 saylı qətnaməsinə əsasən İddiaçı Kəmallədin qızı ilə Cavabdeh arasında 07 iyul 2006-cı il tarixdə Azərbaycan Respublikası Göyçay rayon İHB-nin İncə kənd nümayəndəliyində № 13-li akt ilə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 İddiaçı himayəsində və yanında saxlanılmış, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı Kəmaləddin qızının xeyrinə hər ay bir uşağa görə 100 manat, üç uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutulmuşdur.

4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1, 36.3, 37.1-ci maddələrinə, istinad etmişdir.

5. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, cehiz əşyaları cavabdehin evində qalıb, həmin əşyaları özü alıb, cavabdeh özü də bunu inkar etmir. lakin müəyyən prinsip cavabdeh əşyaları ona qaytarmır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirdi və qeyd etdi ki, cehiz əşyalarından stol-stulu və kamotu özü almışdır, kondisioneri iddiaçı özü alıb, həmin əşya evdədir, boşqab dəstini iddiaçı özü aparıb, qalan əşyaları iddiaçı alıb və evdədir, əşyaları verməyə razı deyil, iddiaçı qızı ilə görüşməyinə imkan vermir, iddiaçı ona deyir ki, əşyaları verməsən qızı ilə görüşməyəcək, qızı onunla görüşmək istəmir, əgər iddiaçı qızı ilə görüşməyinə icazə verərsə əşyalarını evdən götürə bilər. Odur ki, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

10. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

11. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

12. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

13. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

15. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

18. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

21. İşin faktiki hallarından görünür ki, tərəflər keçmiş ər-arvaddırlar. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-242/2023 saylı qətnaməsinə əsasən İddiaçı Kəmallədin qızı ilə Cavabdeh arasında 07 iyul 2006-cı il tarixdə Azərbaycan Respublikası Göyçay rayon İHB-nin İncə kənd nümayəndəliyində № 13-li akt ilə bağlanmış nikah qeydi pozulmuşdur. İddia tələbi xalça-2 ədəd (2/3) 25 manat, xalça-1 ədəd (4/3) 100 manat, stol 125 manat, stul 125 manat, kondisioner 1000 manat, kamot 400 manat, ət çəkən 60 manat, televizor 800 manat, taxt 100 manat, sandıq 150 manat, boşqab dəsdi 200 manat, qazan dəsti 150 manat, 6 ədəd qaşıq, 6 ədəd çəngəl, 6 ədəd bıçaq dəsti, şəxsi geyimlər, ona hədiyyə edilən cehiz əmlaklarının və nikah dövründə verilən şəxsi geyim əşyalarının qaytarılmasından ibarətdir.

22. İddia tələbinin cehiz əşyaları ilə bağlı münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır.

23. Ona görə də, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

24. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

26. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

27. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

28. Sadalanan hüquq normalarına görə, birgə nikah dövründə cehiz əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir.

29. Bu baxımdan, birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür.

30. Məhkəmə araşdırması zamanı cavabdeh özü iddiaçı ilə ayrılmaqlarına və iddiaçının evi tərk etməsinə baxmayaraq, iddia ərizəsində qeyd edilən əşyaların bir hissəsinin evdə qaldığını və həmin əşyaların iddiaçıya məxsus olduğunu etiraf etmiş, bir ədəd stol (125 manat), stul (125 manat), kamodu (400 manat) iddiaçıya məxsus olduğunu qəbul etməyərək həmin əşyaları özünün aldığını bildirmiş, eyni zamanda boşqab dəstinin (200 manat) evdə olmadığını bildirmişdir. Cavabdeh qalan əşyaların iddiaçıya məxsus olmasını, evdə olmasını etiraf etmiş və uşağı göstərmədiyi təqdirdə həmin əşyaları iddiaçıya qaytarmayacağını açıq şəkildə ifadə etmişdir. İddiaçı tərəfindən stol, stul, kamodun özünün mülkiyyətində olması və boşqab dəstinin mövcud olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

31. Beləliklə, məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının müvafiq hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq ilk növbədə müəyyən edir ki, iddia ərizəsində göstərilən cehiz əşyalarının yəni 2 ədəd (2/3) 25 manat xalça, 1 ədəd (4/3) 100 manat xalça, 1000 manat kondisioner, 60 manat ət çəkən, 800 manat televizor, 100 manat taxt, 150 manat sandıq, 150 manat qazan dəsti, 6 ədəd qaşıq, 6 ədəd çəngəl, 6 ədəd bıçaq dəsti və şəxsi geyimlərin iddiaçıya məxsus olması və evində olması faktınıncavabdeh tərəfin etiraf etməsi ilə təsdiq edilir.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cehiz əşyalarının yuxarıda qeyd edilən hissəsinin mövcud olması və iddiaçının mülkiyyəti sayılması (Mülki Məcəllə 225.2, 225.3, Ailə Məcəlləsi 34.1)” ilə bağlı dispozisiya şərti hazırkı işin halları ilə təsdiq edilmişdir. Məhkəmə xərcləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan 43.85 manat dövlət rüsumu iddiaçının ödədiyi 50 manat dövlət rüsumu ilə əhatə edildiyi və iddiaçının cavabdehdən rüsumla bağlı tələb olmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 1-də yerləşən mənzildən 2 ədəd (2/3) xalça (25 manat), 1 ədəd (4/3) xalça (100 manat), 1 ədəd kondisioner (1000 manat), 1 ədəd ətçəkən (60 manat), 1 ədəd televizor (800 manat), 1 ədəd taxt (100 manat), 1 ədəd sandıq (150 manat), 1 ədəd qazan dəsti (150 manat), 6 ədəd qaşıq, 6 ədəd çəngəl, 6 ədəd bıçaq dəsti və iddiaçının şəxsi geyimləri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar