Məhkəmə qərarları › İş №2(002)-1581/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1581/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1581/2023 01.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İş materiallarında olan, Seriya AZE № 02309477 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1947-ci il tarixdə, Azərbaycan- Masallı rayonunda doğulmuşdur.

2. İş materiallarında olan Vİİİ-ЖГ 419955 nömrəli arayışın (əslinə məhkəmə araşdırması zamanı baxış keçirilmişdir) surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Masallı rayonunda doğulmuşdur, anası X1, X8dur.

3. İşə əlavə edilmiş Təcili və X7 Stansiyası bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası çağırış üzrə xx.xx.2023-cü il tarixdə saat 18:20-də ünvan 1 ünvanında olmuş və X9 barəsində “həkimə qədər ölüm, kişi cinsli meyit” qeydi aparılmışdır.

4. İş materiallarında olan 02/217№-li xx.xx.2023-cü il tarixli Lökbatan bələdiyyəsinin arayşından görünür ki, X4 qəsəbə qəbirstanlığında dəfn edilmişdir.

5. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 23 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən ərizəçinin müraciətinə №39, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir ki, xx.xx.1947-ci il təvəllüdlü X15 ASM-də qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən 3-16- 5/7-13-445/2023 № li xx.xx.2023-cü il tarixli məktub ilə ərizəçinin atasının ölümünün qeydə alınması barədə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

İddia tələbi

7. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci il tarixdə Masallı rayonunda doğulmuş X10 06 mart 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ərizə bununla əsaslandırılmışdır ki, X15 onun atasıdır. X8 xx.xx.1947-ci ildə Masallı rayonunda doğulmuşdur. Atası onunla birlikdə yuxarıda qeyd olunan ünvanda yaşamışdır. 06 mart 2023-cü il tarixdə atasının vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar, həkim gələnə kimi atası artıq vəfat etmişdir. Onu el adəti ilə Lökbatan qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinkaya müraciət etsə də ona ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. X3 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən X13 ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

9. Tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3, 308, 309-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1-ci maddəsinə istinad etmişdir.

10. İddia tələbinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək qeyd etdi ki, atasının ölümü barədə şəhadətnamənin əldə edilməsi mümkün olmamışdır. Hazırda müəyyən hüquqi sənədləşmələrin aparılması məqsədilə onlara bu şəhadətnamə lazımdır. Müvafiq tibb idarəsinə müraciət etsələr də, mərhum atası həmin poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, sonradan qeydiyyat şöbəsi isə tibbi şəhadətnamənin olmaması əsası ilə ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İşdə olan sübutlar atasının öz əcəli ilə ölməsi faktını sübut edir. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur və ərizənin təmin edilməsini xahiş edir.

12. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı ərizə ünvanlanaraq, məhkəmə iclaslarının Bakı şəhər Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Prosesin digər iştirakçılarının ifadələri

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, ərizəçinin anasıdır, həyat yoldaşı 06 mart 2023-cü il tarixdə, axşam saatlarında vəfat edib, həkim gələnə qədər artıq vəfat etmişdi, həyat yoldaşının heç bir xəstəliyi olmamışdır.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

15. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

16. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

17. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

19. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

20. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

24. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

25. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

26. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

“Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunu

27. 39-cu maddəsinə əsasən, insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. 41-ci maddəsinə əsasən, patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patolojianatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi “Qayda”ları

29. 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

b) Əsaslandırma

30. İddia əsaslıdır.

31. Belə ki, işə əlavə edilmiş sənədlər, şahid ifadəsi və digər mötəbər sübutlar əsasında təsdiq olunur ki, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs – X15 ərizəçinin atası olmuşdur. xx.xx.1947-ci il təvəllüdlü X15 xx.xx.2023-cü ildə ünvan 1 nömrəli evdə vəfat etmişdir. Belə ki, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyünü əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir.

32. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

33. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

34. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, X15 ünvan 1 ünvanında, 06 mart 2023-cü il tarixdə vəfat etməsi faktı məhkəmə araşdırması nəticəsində müəyyən olunduğundan ərizə əsaslıdır və təmin edilməlidir.

35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X10 06 mart 2023 il tarixdə, Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar