Məhkəmə qərarları › İş №2(002)-1632/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1632/2020

04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1632/2020 04.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci ildə Bakı şəhərində doğulmuş X4 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X9 xx.xx.1947-ci ildə Bakı şəhərində doğulmuşdur. xx xxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşdığına görə təcili yardım çağırmışıq, həkim gələnə kimi atası artıq vəfat etmişdir. Onun atasına ölüm haqqında şəhadətnaməsi almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazimi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinkaya müraciət etsə də, ona ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda atasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən atasına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmidşir. Ərizəçinin nümayəndəsi X10 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ölən şəxsin onun atası olduğunu, ölüm haqqında şəhadətnamənin onlara bəzi hüquqi sənədlərin əldə edilməsi üçün lazım olduğunu bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid X1 ifadə verərək bildirdi ki, mərhum şəxsin onun həyat yoldaşı olduğunu, yoldaşının ölməmişdən qabaq ürəyinin ağrıdığını və buna görə dərmanlar içdiyini, həmin gün təcili tibbi yardımn çağırıldığını, ancaq artıq onun vəfat etdiyini, xx xxxx 2020-ci il tarixdə vəfat etdiyini bildirdi. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, mərhum şəxsin onun dayısı oğlu olduğunu, mərhumun yas və dəfn mərasimində iştirak etdiyini , mərhum şəxsin xx xxxx 2020-ci il tarixdə Bakı şəhəində ölüdüyünü bildirdi. İş materiallarına əlavə olunmuş AZ İİ 365153 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1976-cı il tarixdə anadan olmuş, atası X8r. İş materiallarına əlavə olunmuş Bakı şəhər Baş Səhiyyə İdarəsi 19 saylı BŞX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 336 nömrəli məktubun surətindən görünür ki, mərhum X9 19 saylı BŞX-da heç bir xəstəliklə dispenser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş arayışın məzmunundan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Qaradağ rayonu Lökbatan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Təcili və X2 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:35-də X4 adına ünvan 1 ünvanına çağırış daxil olmuş, çağırışa gələn həkim çağırışı yerinə yetirərək qeyd olunan ünvana gəldikdə, kişi cinsli meyit (həkimə qədər ölüm) aşkar etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-773/15 saylı məktubundan görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnaməsi təqdim etmədiyinə görə mərhum şəxsin adına tərtib edilməli olan ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Belə ki, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunmalı, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci ildə Bakı şəhərində doğulmuş X4 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar