Məhkəmə qərarları › İş №2(002)-1640/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1640/2022

25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1640/2022 25.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1800 manat dəyərində 585 əyarlı, 14,3 qr çəkidə komplekt dəstin (1 ədəd qolbaq, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd boyunbağı) və 600 manat dəyərində nişan üzüyünün ona qaytarılması, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının dəyərinin, habelə 95 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2019-cu ildə rəsmi nikah münasibətinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından övladları olmamışdır. Cavabdehlə evləndikləri ilk vaxtlar mehriban münasibətləri olmuş, sonradan cavabdehin ona qarşı münasibəti tamamilə pisləşmişdir. Onun cavabdehlə xasiyyətləri uyğun olmadığından artıq uzun müddətdir ayrılmışlar, rəsmi olaraq 2021-ci ildə boşanmışlar. O, ailə qurarkən ona hədiyyə kimi verilən qızıl-zinət əşyalarını və ya onların dəyərini cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh bundan imtina etmiş, həmin qızıl-zinət əşyalarını satmışdır. Eyni zamanda qeyd edir ki, qızıl-zinət əşyalarının satılmasına onun heç vaxt razılığı olmamışdır. Mübahisəli komplekt dəst 1800 manat dəyərindədir, həmin dəst 2020-ci ilin may ayında 1800 manata ona hədiyyə alınmışdır, dəstin şəklini və çəkisi, əyarı barədə etiketin surətini təqdim etmiş, bu barədə ekspertiza keçirilmişdir, nişan üzüyünün dəyərinin isə 540 manat olmasını qəbul edir. Bir daha qeyd edir ki, iddia ərizəsi üzrə tələb etdiyi, ona məxsus qızıl-zinət əşyalarını cavabdeh onun razılığı olmadan satmışdır, bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Eyni zamanda, mülki iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaya etiraz edərək izahatında qeyd etmişdir ki, iddiaçı ilə 2019-cu ildə ailə həyatı qurmuş, 2021-ci ildə rəsmi qaydada nikahları pozulmuşdur. İddiaçının 1800 manat dəyərində olduğunu bildirdiyi komplekt dəstin qiyməti əslində daha aşağıdır, nişan üzüyü isə 540 manat dəyərindədir. 2019-cu ildə iddiaçıya hədiyyə olunmuş komplekt dəsti və nişan üzüyünü iddiaçının razılığı ilə satmış, daha sonra 2020-ci ilin may ayında oxşar komplekt dəsti və nişan üzüyünü alaraq iddiaçıya hədiyyə vermişdir. Daha sonra pandemiya dövründə iddiaçının müalicəsi üçün onun razılığı ilə həmin komplekt dəsti və nişan üzüyünü satmış, bir hissəsini müalicə üçün, bir hissəsini evə bazarlıq üçün xərcləmişdir. Məhkəmə, izahatarı dinləyib, iş materiallarında olan sənədləri və ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ No 391184 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikahın pozulması 21 sentyabr 2021-ci il tarixində qeydə alınmışdır, nikah pozulduqdan sonra qadına Gülmalıyeva soyadı verilmişdir. İş materiallarında olan qızıl-zinət əşyası barədə qiymət etiketinin surətindən görünür ki, 585 əyarlı komplekt dəstin çəkisi 14,3 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/5021 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən 585 əyarlı, 14,3 qr çəkidə komplekt dəstin (1 ədəd qolbaq, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd boyunbağı) 2020-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 858 (14,3 qr x 60 m) manat müəyyən olunur. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, iş materiallarında olan yazılı sübutlara və ekspert rəyinə əsasən müəyyən edir ki, tərəflər arasında 2020-ci ilin may ayında iddiaçıya komplekt dəstin və nişan üzüyünün hədiyyə verilməsi, nişan üzüyünün dəyərinin 540 manat olması, daha sonra həmin qızıl-zinət əşyalarının cavabdeh tərəfindən satılması mübahisəsizdir, ekspert rəyi isə tərəflər arasında mübahisəli olan komplekt dəstin dəyərinin 858 manat olduğunu təsdiq etmişdir. Cavabdeh tərəf etirazının əsası olan hallar, o cümlədən qızıl-zinət əşyalarını iddiaçının razılığı ilə satması barədə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, iddia qeyd olunan qızıl-zinət əşyalarının mötəbər sübutlarla təsdiq edilmiş dəyəri olan 540+858=1398 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qızıl-zinət əşyalarının dəyəri olan 1398 (min üç yüz doxsan səkkiz) manat məbləğində pul və 55 (əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 20 (iyirmi) manat, Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar