Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1661/2021 13.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Cavabdeh oğlunun iştirakları ilə İddiaçı Cavabdeh oğluna qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “evin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə- 16, 1a, d1 nömrəli evinin açarları ilə birlikdə cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır, o- İddiaçı 1959-cu ildə Gədəbəy rayonunun X14 kəndində doğulmuşdur. 1992-ci ildə ildə Gəncə şəhərinə köçərək, Kəpəz rayonu,Ş.i.Xətai pr,döngə-l,ev-4 ünvanında qeydiyyata düşsə də erməni qəbirstanlığı deyilən ərazidə bağçada yerləşən daxma da bir müddət yaşamışlar. 2000-ci ildə isə Bakı şəhərinə köçmüşlər və o vaxtdan da Bakı şəhərində yaşayırlar. İlk əvvəl Bakıda evləri olmadığından hamı kimi o, Qaradağ rayonu , Müşfiqabad qəsəbəsi bələdiyyəsi vasitəsi ilə 1.5 sot torpaq sahəsi alaraq, Müşfiqabad qəsəbəsi, YYM-İ, küçə 16, 1a d1 nömrəli 4 otaqdan ibarət evi öz xərci ilə tikib ailəsini ora köçürçürdərək 2021-ci ilə qədər həmin evdə yaşamışlar. 2015-ci ildə həyat yoldaşı X1 xəstəLik olan xərçəngə tutuldu. Onu yaşatmaq üçün həkimlərə göstərmişdir.Burada müalicəsi mümkün olmadığından İrana apararaq orada əməliyyat etdirmişdir. Sonra vəziyyəti daha da ağırlaşdığından Moskva şəhərinə apararaq orada da müalicə etdirsə də çarəsi olmadığından 2017-ci ildə dünyasını dəyişdi. Minbir əziyyətlə Rusiyadan bəri pullar qazanaraq ailəsinin yaxşı yaşaması üçün göndərirdi. Onların ali təsil alması üçün əlavə ödənişli kurslarda oxutdurmuşdur. Lakin çox təəssüf ki, oğlanları bunu qiymətləndirmək əvəzinə ona qarşı çox böyük nankorluq etdilər. Anasının müalicəsinə heç bir köməklik göstərmədikləri üçün nəinki əlində olan pulu hətta külli miqdarda borclar alaraq həyat yoldaşının müalicəsinə xərcləmişdi və bu gün də həmin borcları verə bilməmişdir. Oğlanları isə onlara spirtli içki və narkotik üçün pul verə bilmədiyinə görə evdə hər gün qəsdən dava-dalaş salırdılar. Hətta oğlu Anar oz dostları ilə onun acığına Gəncə şəhərinə gedərək orada erməni qəbirstanlığının yanında əvvəllər yaşadıqları daxmanı satmaq mümkün olmadığından uçurdaraq tam yararsız hala saldılar Bu əməlinə görə onun haqqında Gəncə şəhəri, Nizami rayon polis idarəsinə şikayət xarakterli ərizə də yazmışdı. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra oğlu Anar öz zəhmətimlə tikdiyi evi satmadığına görə onu təhqir edib döyərkən bərk vurub başını partlatdığından uzun müddət müalicə alsam da baş gicəlləməsi hələ də davam edir. Evdə o işdə olduğundan gündüz özü, axşam isə o qalırdı.Belə ki, hər gün axşam evə gələn kimi onu döyərək qovduğundan gecəni küçələrdə qalmalı olurdu. Evi satıb pulu ona verməsə onu öldürəcəyi ilə hədələyirdi. Sonuncu dəfə əlində bıçaq üstünə gələndə o, qaçarkən bir daha evə gəldiyi halda onu mütləq öldürəcəyi ilə hədələdiyindən, öldürüləcəyi halda qatiliin onun oğlu Anar olması barədə hətta bacısı X3 da məlumatlandırmışdı. Onunla dəfələrlə söhbət etməyə cəhd etsə də onun qudurğanlığından söhbətləri baş tutmamışdır. O,qorxusudan bir müddət küçələrdə,və ya orda burda qaldı ki, bəlkə səhvini başa düşər.Lakin çox təssüf ki bunun da əksinə oldu. Belə ki, bir müddət sonra o, evə gəlib qapını açmaq istəsə də qapı açılmadı. Məcbur olub ona zəng etsə də telefonu açmadılar. Nəhayət bir müddət sonra bir təhər qonşulardan öyrəndim ki, oğlu Cavabdeh öz zəhməti və min bir əziyyətlə qazanaraq tikdiyi evini nəiyinsə müqabilində tanımadığı hansısa qadının adına keçirir. Daha sonra öyrəndi ki, o qadının adı Nuranədir(əl.tel.*** *** ** **) və o da oğlu ilə birlikdə evinin açarlarını qəsdən onun evə daxil ola bilməməsi üçün dəyişdirmişlər. Oğlu Anar isə etdiyi hərəkətə görə vicdan əzabı çəkmək əvəzinə bir daha evinə qayıdacağı halda şərlənərək tutdurulacağını bidirirdi. Torpaq və evin vergi ödəyəcisi (bu barədə Bələdiyyə arayışı ərizəyə əlavə olunur)kimi, qaz işıq və suyun da(bu barədə ödəniş çekləri ərizəyə əlavə olunur) ödəyicisi onun özü olduğundan o,məsələnin aydınlaşdırılması üçün Müşfiqabad Bələdiyyəsinə getdi. Lakin orada ona qeyd olunan faktları təsdiq edən arayışı artıq haqqında faktlar guya kompyüterdən silinib deyə vermədkləri üçün o, məcburən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş İdarəsinə müraciət edərək izahat yazdıqdan sonra Sizə təqdim etmək üçün arayış ala bilmişdir. Bundan əlavə onlar hansısa əyri yolla qaz, su və işığı öz adlarına keçirməyə cəhd etsələr də onu müdaxiləsindən sonra hələ ki, bacarmayıblar.Hazırda evinin açarları dəyişdirildiyindən və açarlar ona veilmədiyindən o, bu gündə küçələrdə yaşamalı olmuşdur. Həmçinin evə yaxınlaşacağı halda əgər onu şərləyib tutdura bilməsələr öldürəcəkləri ilə bu gün də təhdid edirlər. Bütün olanlar barədə sahə müvəkilinə dəfələrlə müraciət etsə də oğlu ilə münasibəti olduğu üçün İkinci qrup əlil olmasına baxmayaraq daim onun deyil oğlunun tərəfini tutur. Bu səbəbdən də öz evi ola-ola hazırda küçələrdə qalmışdır. AR MPM, MM və Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı 08.06.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi üçün ərizə təqdim edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə-16, 1a, d1 nömrəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasında iddiaçının ona qarşı olan tələbini qəbul etmədiyini, evi 2011-ci il də özünün tikdirdiyini bildirərək iddanın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad Bələdiyəsinin 14.04.2021-ci il tarixli 34 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanında qeydiyyatsız yaşayıb və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınıb. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad Bələdiyəsinin 31.05.2021-ci il tarixli 11 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanında İddiaçı adına heç bir sənəd qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “xxxx” ASC -nin abunə haqqında hesabından da görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanında abonent qismində İddiaçı qeyd edilmişdir. 08.06.2021-ci il tarixli məhkəmə iclasından dindirilən şahid X4 öz ifadəsində bildirmişdir ki, o , iddiaçının dostudur, onların tanışlığı Gəncədə yaşadıqları dövrlərə təsadüf olunur, iddiaçı 2007ci ildə Bakıya köçmüş və həmin illərdə mübahisə predmeti olan evi tikməyə başlamış(özü də o vaxtlar həmin evə qonaq gedib-gəlirdi) və iddiaçı təxmini 2019 -cu ilədək orda yaşamışdır. Şahid təsdiq etdi ki, həmin evi İddiaçı tikdirib və orda yaşamışdır. 08.06.2021-ci il tarixli məhkəmə iclasında dindirilən şahid X7 öz ifadəsində bildirmişdir ki, o iddiaçı ilə həm eyni kənddəndirlər, həm də qohumdular.Şahid E.Cabbarov təsdiqlədi ki, iddiaçı mübahisə predmeti olan evi 2007-ci il də tikdirmişdir, belə ki, onun özü həmin evin tikilməsində usta kimi iştirak edərək, evin damını düzəltmişdir. 08.06.2021-ci il tarixli məhkəmə iclasında dindirilən şahid X5 öz ifadəsində bildirmişdir ki, o həm iddiaçının qonşusudur, həm də sözügedən evin tikintisində usta kimi işləmişdir. Şahid N.Soltanov təsdiqlədi ki, iddiaçı evi 2007-ci ildə tikmişdir və həmin vaxt iddiaçı Rusiyada işləyirdi və evin tikilməsi ünçün ailəsinə pul göndərirdi. Məhkəmə iclasında (13.07.2021-ci il tarixli) dindirilən şahid X9 (Müşfiqabad Bələdiyyə nümayəndəsi) öz ifadəsində bildirmişdir ki,Müşfiqabad qəsəbəsində olan evlərin çoxunun heç bir sənədi yoxdur.Şahid R.Rəsulov təsdiq etdi ki, iddiaçı həmin evdə yaşamış və təsərrüfat aparmışdır, beləki, onun bələdiyyədə işlədiyi dövrdə yəni, 2014-cü ildən sonra həm iddiaçının özü , həm yoldaşı vergiləri ödəmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından görünür ki, mübahisəli ev iddiaçı tərəfindən, iddiaçının vəsaiti hesabına tikilmişdir, cavabdeh iddiaçının oğludur, mübahisəli ev özbaşına tikilidir, iddiaçı və cavabdeh həmin evdə qeydiyyatsız yaşayıblar. İddiaçı həmin evdə cavabdehlə birlikdə yaşamış, sonradan aralarında mübahisələr olduğu üçün evdən çıxarılmışdır. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməyini tələb edir, cavabdeh isə iddia tələbini rədd edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin (MPM-nin 13.4-cü maddəsi) tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin predmeti “evə köçürülmə” barədə tələb olduğu üçün ilk öncə iddiaçının həmin mənzilə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, kimi mübahisəli özbaşına tikili olan yaşayış evi iddiaçı tərəfindən tikilən evdir və iddiaçının həmin evdən istifadə hüquqları vardır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahublik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçımübahisə predmeti olan mənzildə yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malikdir (çünki ev onun tərəfindən tikilmişdir) Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının həmin evdən istifadə etməsinə, yaşamasına maneələr törədilir. Bu hal isə iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanında olan evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə-16, 1a, d1 ünvanlı evə köçürülməlidir. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə-16, 1a, d1 ünvanlı mənzilinə köçürülsün. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1661/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1661/2021
13.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver