Məhkəmə qərarları › İş №2(002)-1805/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1805/2021

16.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1805/2021 16.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin cavabdeh Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal X1rşı “sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin cavabdeh Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal X1rşı “sahənin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 125 saylı Mənzil Kommunal İstismar Sahəsinin SOCAR Sosial inkişaf İdarəsinin balansında olan ünvan 1 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində zəbt etdiyi sahənin boşaldılaraq, həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 02.02.2006-cı il tarixli 13 saylı əmri ilə neftçilərin sosial tələbatlarının daha dolğun təmin edilməsi məqsədi ilə Sosial inkişaf İdarəsi yaradılmış və Şirkətin balansında olan bütün sosial obyektlər, o cümlədən yaşayış və qeyri-yaşayış binaları həmin idarənin balansına verilmişdir. ünvan 2 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Sosial inkişaf İdarəsinin balansındadır (01,05.2006-cı il tarixli təhvil-təslim aktı əlavə olunur). Sosial inkişaf idarəsi tərəfindən Azərbaycan Respublikasının Əmlak X2 təqdim edilən “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqə”lərində ünvan 1 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyri-yaşayış sahəsi Sİİ-nin balansında olan daşınmaz dövlət əmlakı kimi hər il Agentlik tərəfindən təsdiq edilir. Həmin ünvan 1 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində cavabdeh şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 125 saylı Mənzil Kommunal İstismar Sahəsi icarə müqaviləsi olmadan yerləşdirilərək fəaliyyət göstərir. Dəfələrlə həmin sahə barəsində SOCAR Sosial inkişaf İdarəsi ilə icarə müqaviləsinin bağlanması və ya sahənin boşaldılması ilə əlaqədar şifahi və yazılı xəbərdarlıq (Sll-nin SOCAR**********30490075X00011 nömrəli, 06 aprel 2021-ci il tarixli bildiriş) edilməsinə baxmayaraq, nə icarə müqaviləsinin bağlanması ilə əlaqədar təşəbbüs olmuşdur, nə də göstərilən sahə boşaldılmışdır. Cavabdeh heç bir hüquqi əsası olmadan SOCAR Sosial inkişaf İdarəsinin balansında olan ünvan 1 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyri- yaşayış sahəsinin 1-ci mərtəbəsinin bir hissəsini zəbt edərək, orada 125 saylı Mənzil Kommunal İstismar Sahəsinin yerləşdirərək bizim bir mülkiyyətçi kimi hüquqlarımız pozmuşdur. Qeyd olunan halları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmin sahənin (1 mərtəbəsinin) hazırda da onların balansında olduğunu, daşınmaz əmlakın dövlət reyestrində də bu barədə məlumatın olduğunu, ona dair sənədin məhkəməyə təqdim edildiyini, həmin sahənin cavabdeh tərərfindən istifadə edilməsinə və buna uyğun müvafiq sənədləşmə işlərinin aparılmasına etiraz edilməməsinə baxmayaraq, cavabdeh tərəfindən indiyədək heç bir sənədləşmə işləri aparılmamış, həmin sahə yenə də onların balansında qalmaqda davam edir, lakin cavabdeh həmin sahədən bügundə istifadə etsə də, həmin istifadənin rəsmişləşdirilməsi ilə bağlı heç bir hərəkət etməmişdir, bu halın isə onların hüquqlarını pozduğunu, ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək, öz etirazını onunla əsaslandırmışdır ki, həmin sahənin (1 mərtəbəsinin) iddiaçının balansında olsa da, onlara təhvil veridliyini, buna görə də istifadə etdiklərini, həmin istifadənin isə hər hansı rəsmişləşdiirlməsi olmadığını, yalnız bununla bağlı Nazirlər Kabinetinin qərarı olduğunu, hazırda həmin sahədə mənzil istismar idarəsinin fəaliyyət göstərdiyini, onların istifadəsində olduğunu, buna iddiaçı tərəfin də etirazının olmadığını, lakin indiyədək hər hansı müqavilə bağlanılmadığını, rəsmiləşdirilməyə dair heç bir sənədin olmadığının, yalnız həmin Qərar əsasında və məktub əsasında istifadə etdiklərini bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.04.2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, MKİS-nə SOCAR Sosial inkişaf İdarəsinin balansında olan ünvan 1 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyri- yaşayış sahəsinin 1-ci mərtəbəsində 10 gün müddətinə icarə müqaviləsi bağlamaqla fəaliyyət göstərməklə bağlı SOCAR-ın prezidentinə müraciət etmələri təklif olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan təhvil-təslim aktının məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyri- yaşayış sahəsini “Azneft“ İstehsalat Birliyi tərəfindən Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinə təhvil vermişdir. İş materiallarında olan 19.10.2015-ci il tarixli məktubun məzmunundan görünür ki, SOCAR Sosial İnkişaf İdarəsi balansında olan ünvan 3 ünvanında yerləşən qeyri- yaşayış binalarının əvəzsiz olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilməsinə etiraz etmir. İş materiallarında olan Azneft Sosial İnkişaf İdarəsinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən 27 iyul 2021-ci il tarixli çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyri-yaşayış sahəsi Azneft Sosial İnkişaf İdarəsinin balansındadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə bu iddia tələbinin əsasına uyğun olaraq mülkiyyətçi qanunsuz sahibdən əşyanın geri qaytarılmasını tələb edə bilər. Bu halda, mülki qanunvericiliyin qeyd olunan hüquq normasının üç dizposizisiya şərti mövcud olmalıdır. Onlara aiddir: a) iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır; b) cavabdeh əşyanın sahibi olmalıdır ; c) cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Qeyd olunan hüquq normasının üç dispozisiya şərti var və iddia tələbi irəli sürülərkən hər üç şərt mövcud olmalı və ayrı-ayrılıqda yoxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisənin predmeti qismində çıxış edən qeyr-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansındadır (dövlət əmlakı haqqında registrdən çıxarış). Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predemti olan qeyr-yaşayış sahəsi (1 mərtəbəsi) cavabdehin faktiki istifadəsindədir. Lakin cavabdeh tərəf həmin sahədən istifadə etmək hüququnun olmasını qeyd etsə də, məhkəmə araşdırması zamanı bu hüququn qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki mülki qanunvericliyinin tələbinə əsasən daşınmaz əmlaka dair hüquqlar müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən müvafiq sahəyə dair icarə müqaviləsinin bağlanılması cavabdeh tərəfə təklif olunsa da, tərəflər arasında belə bir müqavilə bağlanılması halı müəyyən olunmamışdır. Deməli, mübahisə predmeti olan sahənin cavabdehin istifadəsində olmasının heç bir qanuni əsası mövcud olmamışdır. Göründüyü kimi, cavabdeh tərəf həmin sahədən qanuni sahibin iradəsinə zidd olaraq istifadə edir. Bununla da, iddiaçı hazırda həmin sahədən istifadə edə bilməməklə, faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdeh tərəfin bu hərəkətləri nəticəsində iddiaçı tərəfin konstitusion hüququ olan mülkiyyət hüququ (əmlakın qanuni sahibi qismində) pozulmuşdur . Bu halda, məhkəmə, mübahisə predemti olan əmlakın iddiaçıya məxsus olması (qanuni sahib) və həmin əmlakın cavabdehin faktiki qanunsuz sahibliyində olması halının aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 125 saylı Mənzil Kommunal İstismar sahəsi iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini boşaldaraq, həmin sahədən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 125 saylı Mənzil Kommunal İstismar sahəsi iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, sahəsi 708,1 m2 olan, 2 mərtəbəli qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsini boşaldaraq, həmin sahədən çıxarılsın. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar