Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-182/2023 08.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl zinyət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 ona məxsus 1 ədəd sırğa, 5.36 qram 750 əyyar-dəyəri 700 manat, boyunbağı və qolbaq komplekt şəklində (İtalyan istehsalı) 30,0 qram əyyar 750-dəyəri 3500 manat, nişan üzüyü 6.75 qram, əyyar 750,-dəyəri 900 manat, 1 ədəd komplekt dəst üzük-sırğa 15 qram əyyar 750 -dəyəri 1300 manat qızıl zinyət əşyalarının, 1 ədəd ütü “Tefal” markalı 50 manat, 1 ədəd “Beko” markalı tozsoran 165 manat, 1 ədəd xrustal meyvə qabı 120 manat, 1 ədəd yorğan və 1 ədəd döşək 170 manat, 1 ədəd “Tefal” markalı elektrik çayniki 70 manat, 1 ədəd “Beko” markalı paltaryuyan maşını 800 manat, 1 ədəd “LC” markalı DVD 50 manat dəyərində əşyaların özü və ya dəyərinin və ödənilmiş 46 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan X2 texniki səhv olduğundan Cavabdeh ilə dəyişdirilməsini və iddianın həcminin azaldılaraq “1 ədəd ütü “Tefal” markalı 50 manat, 1 ədəd “Beko” markalı tozsoran 165 manat, 1 ədəd xrustal meyvə qabı 120 manat, 1 ədəd yorğan və 1 ədəd döşək 170 manat, 1 ədəd “Tefal” markalı elektrik çayniki 70 manat, 1 ədəd “Beko” markalı paltaryuyan maşını 800 manat, 1 ədəd “LC” markalı DVD 50 manat dəyərində əşyaların özü və ya dəyəri” hissəsinə toxunulmadan iddia ərizəsinin digər hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o Cavabdeh ilə 28 sentyabr 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan 2 aprel 2013-cü il tarixdə Mələk adlı bir uşağı doğulmuşdur. 2019-cu ilin təxminən noyabr ayında ailə münasibətləri zəmnində cavabdehlə arasında narazılıq olmuş və o xəstəxanaya düşmüşdür. Xəstəxanadan da çıxıb ata evinə gəlmiş və həmin vaxtdan da ata evində yaşayır. Ona məxsus qızıl zinyət əşyaları və cehiz əşyalarının cavabdehin evində qalmışdır və ona verməkdən imtina edirlər. Aşağıda qeyd etdiyi qızıl-zinyət və cehiz əşyalar hazırda cavabdehdədir. 1. 1ədəd sırğa (anası hədiyyə vermişdir) 5.36 qram 750 əyyar dəyəri 700 manat 2. Boyunbağı və qolbaq komplekt şəkilində (İtalyan istehsalı) 30.0 qram əyyar 750-dəyəri 3500 manat 3. Nişan üzüyü 6.75 qram əyyar 750 dəyəri 900 manat 4. 1 ədəd komplekt dəst üzük-sırğa 15 qram əyyar 750 dəyəri 1300 manat cəmi 6400 manat. Cehiz əşyaları 1. 1 ədəd ütü “Tefal” markalı 50 manat, 2. 1 ədəd “Beko” markalı tozsoran 165 manat, 3. 1 ədəd xrustal meyvə 120 manat, 4. 1 ədəd yorğan və 1 ədəd döşək 170 manat, 5. 1 ədəd “Tefal” markalı elektrik çayniki 70 manat, 6. 1 ədəd “Beko” markalı paltaryuyan maşını 800 manat, 7. 1 ədəd “LC” markalı DVD 50 manat. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı keçmiş həyat yoldaşı olmaqla həm də qohumluğu vardır. Birgə nikahından da bir uşağı olmuşdur. 2019-cu ildə ata evinə getmiş və bir daha evinə geri qayıtmamışdır. Ona görə də nikahı formal xarakter daşıdığından Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-956/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. İddiaçıya hansı qızıl-zinyət əşyalarının alındığını bilmir. Ona nişan üzüyü və sep alındığını çünki iddiaçıya qızıl-zinyət əşyaları valideynləri almışdır. Yəni atası pul verib anasıda almışdır. Hazırda anası rəhməttə getsə də atası sağdır. Lakin o da anası tərəfindən gəlininə nə alındığını bilmir və bununla heç maraqlanmayıbda. İddiaçı 2019-cu ildə evdən gedərkən özünə məxsus qızıl-zinyət əşyaları olubsa onları da aparıbdır. Ona görə də bu müddət ərzində ondan heç bir şey tələb etməyibdir. Lakin onun digər cehiz əşyaları atasının yaşadığı evdə qaldığından atası X3 da həmin evdə təmir işləri aparmaq istədiyindən qeyd edilən əmlakların yaşadığı evdən çıxarılması tələbi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia verərək, atası X1 1 ədəd çəkisi 5.36 qram olan 750 əyarlıq dəyəri 550 manat olan sırğa, İtalyan istehsalı çəkisi 32 qram olan 750 əyarlıq dəyəri 2200 manat boyunbağı və qolbaq komplekti çəkisi 6.75 qram olan 750 əyyarlıq dəyəri 550 manat nişan üzüyü çəkisi 15 qram olan 750 əyyarlıq 1200 manat 1 ədəd komplekt dəst üzük-sırğa və cehiz əmlaklarını ümumilikdə 4500 manat tələb etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1288/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmişdir. Qarşılıqlı iddia tələbində qeyd edilən dörd adda 4500 manat dəyərində qızıl-zinət əşyaları cavab verməli olmayan şəxsə qarşı verildiyindən həmin hissədə iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Cehiz əşyaları ilə bağlı qanuni qüvvəsini almış və məhkəmə qətnaməsi olduğu halda iddiaçının təkrarən cehiz əşyalarının bir hissəsini yəni 1 ədəd ütü “Tefal” markalı 50 manat, 1 ədəd “Beko” markalı tozsoran 165 manat, 1 ədəd xrustal meyvə 120 manat, 1 ədəd yorğan və 1 ədəd döşək 170 manat, 1 ədəd “Tefal” markalı elektrik çayniki 70 manat, 1 ədəd “Beko” markalı paltaryuyan maşını 800 manat, 1 ədəd “LC” markalı DVD 50 manat təlb etməsi qanunsuzdur. İddiaçı əmlak tələbi ilə bağlı qətnamə qəbul edilmiş 2(002)-1288/2022 saylı mülki iş üzrə ifadə verərkən qeyd etmişdir ki, qızıl-zinət əşyaları qaynanasında olmuşdur, o da ki vəfat etmişdir, lakin buna baxmayaraq həmin əşyalarla bağlı atasına qarşı iddia irəli sürmüşdür. İndi isə ona qarşı eyni sayda və çəkidə olan qızıl-zinət əşyaları ilə bağlı tələb irəli sürərək həmin qızıl-zinət əşyaları tələb edir. Bu səfər eyni sayda qeyd edilmiş həmin qızıl-zinət əşyalarının dəyərini 6400 manat qeyd edilmişdir. İddiaçının cehiz və qızıl-zinət əşyaları tələbi barədə iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, bundan əvvəl qızıl və cehiz əşyalarının çıxarılması barədə cavabdehin atasına qarşı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə tələbi qismən təmin etmiş, qızıl zinyət əşyaları hissədə düzgün cavabdehə qarşı verilmədiyindən iddia tələbini təmin etməmişdir. Cavabdehlə ailə münasibətlərinin dağılmasından müəyyən müddət keçdikdən sonra qızıl-zinyət əşyaları barədə iddia qaldırması bu səbəbdən, həm də ailəsini bərpa etmək üçün bir müddət gözləməsi səbəbindən olmuşdur. İddiaçı qeyd etdi ki, o, ailə qurduqdan sonra qayınanası və qayınatası və həyat yoldaşı ilə onlara məxsus evdə yaşamış, toyda ona hədiyyə edilmiş, iddia ərizəsində göstərilən qızıl-zinyət əşyalarını qayınanası saxlamışdır. Həmin ərazidə yaşayan hər kəs gəlinə məxsus qızılların qayınana tərəfindən saxlanması adətinin olduğunu təsdiq edə bilər. Onun cavabdehlə ailə münasibətləri gərgin olmuş, sonuncu ailədaxili narazılıqda cavabdeh ondan boşanacağını bildirdikdə və özü atasız yetim qadın olduğu üçün sirkə turşusu içərək özünü öldürməyə cəhd etmiş, xx.xx.2019-cu il tarixdə qayınanasının onu xəstəxanaya huşsuz vəziyyətdə apardığını, orada mədəsi yuyulduqdan sonra tam sağalmamasına baxmayaraq evə geri qaytardığını, bundan sonra anasının hadisədən xəbər tutaraq noyabr ayının 20-də gəlib onu qayınanasının evindən halsız vəziyyətdə, təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırmış, xəstəxanada ona lazımi müdaxiələr edildikdən və o bir neçə gün xəstəxanada qaldıqdan sonra isə cavabdehlə yaşadığı evə deyil, öz anasının evinə qayıtmışdır. Yəni, evi tərk etdiyi vaxt onun nəinki qızıl aparmaq imkanı olmuş, o yalnız əynindəki paltarla evdən təcili yardımla çıxmışdır. Bu şəraitdə onun qayınanasından qızıl-zinyət əşyası tələb etməyə nə vaxtı, nə fiziki gücü olmuşdur. Bu hadisədən sonra ailəsinin bərpası ümidilə yaşamış və cavabdehdən tələbi olmamışdır. Ailəsinin bərpasının mümkünsüz olmasını dərk etdikdən sonra isə cehiz və qızıl-zinyət tələbi barədə iddia qaldırmışdır. Məhkəmə tərəfindən cehiz əşyalarının qaytarılması barədə qətnamə qəbul edilsə də, cavabdehlərdən cehiz əşyalarının bir hissəsini geri götürə bilməmiş, qızılların isə heç birini götürməmişdir. İddiaçı iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilən qiymətlərlə razı olduğunu bildirmişdir. Göstərilənlərə əsasən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddiaçının bildirdiklərinin işin faktiki halları barədə həqiqəti əks etdirdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəf iddia tələbində göstərilən qızılların mövcudluğunu inkar etmir, cavabdehin etirazının əsası qızılların cavabdehin anasında olduğu, sonuncunun vəfatından sonra isə qızıldan xəbərinin olmamasıdır. Lakin iddiaçı xəstəxanadan öz anası evinə getdiyinə görə qızıllar cavabdehə məxsus evə qalmış, cavabdehin anasının vəfatından sonra həmin zinyət əşyalarının cavabdeh tərəfindən əldə edilməsinin aşkardır. Bundan başqa, iddiaçı ailəsinin bərpa olunması ehtimalı, daha sonra qaynanasının xəstə olması və vəfat etməsi hallarına görə məhkəməyə müraciət edə bilməmişdir, bu hal onun qızılları əldə etməsi və razılıq əlaməti kimi dəyərləndirilə bilməz. Cavabdeh əsassız yerə ailəsini dağıtmış və iddiaçını başsız qoymuşdur, iddiaçı heç bir yerdə işləmir, himayəsində bir uşaqla atasız qadın olaraq tək yaşayır. Cavabdeh uşağı ilə də maraqlanmır, ümumiyyətlə görmək istəmir. Belə bir vəziyyətdə qızıl-zinyət əşyalarının və ya onların dəyərinin iddiaçıya qaytarılması həm qanunun tələbinə uyğun, həm də iddiaçının maddi təminatını müəyyən müddətə təmin etməklə ədalətli olacaqdır. Göstərilənlərə əsasən, iddiaçının vəkili və nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, qızıl-zinyət əşyalarının iddiaçıya onun anasının aldığını, pulunu isə atasının verdiyini, lakin həmin zinyət əşyalarının hazırda onda qalmadığını, qızılları iddiaçıya onun almadığını və öz anasının vəfatından sonra da qızıllardan xəbəri olmadığını, sonuncu dəfə onun evindən iddiaçını anasının gəlib xəstəxanaya apardığını və sonra evə qayıtmadığını təsdiq etdiyini bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat vermiş və qeyd etmişdir ki, iddia tələbində qeyd edilmiş qızıllar cavabdehin anası tərəfindən iddiaçıya toyda alınmış, hətta cehiz tələbinə dair digər mülki işdə cavabdehin atası İddiaçı yoldaşı tərəfindən qızıllar alındığını etiraf etmişidr, lakin cavabdehdə hazırda hər hansı qızıl əşyaları yoxdur, iddiaçının uzun müddət qızıl əşyaları barədə tələb irəli sürməməsinin onun ayrıldığı zaman qızılları özü ilə aparmasına əsas verən hal kimi qiymətləndirilməlidir. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilən qiymətlərlə razı deyil. Göstərilənlərə əsasən, cavabdehin vəkili və nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, habelə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/9430 №-li ekspert rəyinin məzmunundan aydın olur ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: çəkisi 5.36 qram, 750 əyarlı sırğa 1 qramı 100 manat olmaqla ümumi qiyməti 536 manat, 750 əyarlı boyunbağı və qolbaq komplekt şəkildə (İtalyan istehsalı) çəkisi 30 qram ümumi qiyməti 3000 manat, nişan üzüyü çəkisi 6.75 qram, 750 əyar ümumi qiyməti 675 manat, komplekt dəst üzük-sırğa ümumi çəkisi 15 qram, əyar 750 ümumi qiyməti 1500 manat. Ümumi dəyəri təxminən 5711,0 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “X10” X11 PHŞ-6-2/2-1675/2023 №-li arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.2019-cu il tarixində saat 14:50-də 20 saylı X12 Stansiya Briqadasının müşayəti ilə X9 gətirilmişdir. Xəstənin dediyinə görə bir gün əvvəl naməlum miqdarda asetilsalisil turşusu içmişdir. Xəstə xx.xx.2019-cu il tarixində saat 11:00-da stabil halda sahə həkiminin ciddi nəzarəti altına evə yazılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, məhkəmə hazırkı iddia tələbinin qanuni əsası olaraq aşağıdakı hüquq normalarını qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetme yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli ve tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetme yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Sadalanan hüquq normalarına göre birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının müvafiq hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq ilk növbədə müəyyən edir ki, iddia ərizəsində göstərilən qızıl-zinyət əşyalarının, yəni 1 ədəd sırğa, boyunbağı və qolbaq komplekt şəklində (İtalyan istehsalı), 1 ədəd nişan üzüyü, 1 ədəd komplekt dəst üzük-sırğanın mövcudluğu hazırkı işdə tərəflərin izahatı, fotoşəkillər və cavabdeh tərəfin etirafı ilə təsdiq edilmişdir. Belə ki, iddiaçı tələbdə göstərilən qızıl-zinyət əşyalarından komplekt boyunbağı- qolbaq dəstinin və nişan üzüyünün, bir ədəd sırğanın ona cavabdehlər tərəfindən hədiyyə edildiyini, bir ədəd üzük-sırğa dəstinin isə öz anası tərəfindən ona hədiyyə edildiyini bildirmişdir. İşə əlavə edilmiş fotoşəkillərə baxış zamanı cavabdeh və onun vəkilinin sədrlik edənin suallarına verdikləri cavablarla müəyyən edilmişdir ki, onlar tələbdə göstərilən qızıl-zinyət əşyalarının iddiaçıya hədiyyə edilməsini inkar etməmiş, sadəcə həmin əşyaların cavabdehin anası tərəfindən hədiyyə edildiyini, cavabdehin anasının isə vəfat etdiyini, ümumən hazırda əşyaların cavabdeh tərəfdə qalmadığını bildirmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normanın “tələbdə göstərilən qızıl-zinyət əşyalarının mövcud olması və iddiaçıya hədiyyə edilməklə onun mülkiyyəti sayılması (Mülki Məcəllə 225.2, Ailə Məcəlləsi 34.1)” ilə bağlı dispozisiya şərti hazırkı işin halları ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edilən qızıl-zinyət əşyalarının faktiki olaraq cavabdehin sahibliyində olması bu sahibliyin qanunsuz xarakter daşıması ilə bağlı qeyd edir ki, bu kateqoriyadan olan mübahisələrdə qızıl-zinət əşyalarını tələb edən şəxslərin iddialarında əksəriyyət hallarda mübahisə tərəflər arasında nikah münasibətlərinin pozulması ilə bağlı olduğundan, bu tələbi irəli sürən şəxslərin nikah münasibətdə olduğu şəxslə yaşadığı yaşayış sahəsini tərk etmə şəraitinin araşdırılması və ona hüquqi qiymət verilməsi işin tam və obyektiv həlli üçün əhəmiyyət kəsb edən məsələlərdən biridir. Məhkəmə qeyd edir ki, məhz iddiaçı artıq həmin əşyaların onda olmadığını, eləcə də əşyaların cavabdeh tərəfində qaldığını və sonda nəyə görə bu qədər müddət ötəndən sonra məhkəməyə müraciət etməsini sübut etməlidir. Çünki qeyd olunduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Tələb edilən əşyaların cavabdeh tərəfin sahibliyində olması və bu sahibliyin qanunsuz xarakter daşıması hallarının mövcudluğuna Mülki Məcəllənin 157.2-ci maddəsinin bağladığı hüquqi nəticə iddiaçının xeyrinə bir vəziyyət əmələ gəldiyi üçün həmin halları sübuta yetirmək yükü də məhz iddiaçının üzərinə düşür. Digər tərəfdən bu ümumi qaydadan istisna təşkil edən (sübutetmə yükünü cavabdehə keçirən) hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, qadının evdən çıxarkən həmin əşyaları götürmək imkanının mövcud olmaması hazırkı işin halları ilə sübut edilir. Belə ki, iddiaçının cavabdehlə yaşadığı evi münaqişəli şəraitdə tərk etməsi, aralarında baş vermiş mübahisə zəminində özünü öldürməyə cəhd etməsi və bununla bağlı evi təcili yardım maşını vasitəsilə noyabr ayının 21-də tərk etməsi, noyabr ayının 25-də isə xəstəxanadan evə buraxılması, xəstəxanadan sonra cavabdehin evinə qayıtmaması işin mübahisəsiz halı olmaqla, tərəflərin izahatları və işə əlavə edilmiş tibbi arayış ilə təsdiqini tapmışdır. iddiaçı cavabdeh və onun valideynləri ilə yaşadığı evi münaqişəli şəraitdə, təcili yardım maşını vasitəsilə huşsuz vəziyyətdə tərk etməsi ilə bağlı işin halları iddiaçının belə bir şəraitdə qızıl-zinət əşyalarını özü ilə aparmasının qeyri-real olması barədə məhkəmədə daxili inam formalaşdırır. Göründüyü kimi, iddiaçı istinad etdiyi bu hadisələrin baş verdiyini, yəni həqiqətən də cavabdeh və sonuncunun valideynləri ilə birgə yaşadıqları evi əşyalarını özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirmişdir. Göstərilənlərdən əlavə məhkəmə qeyd edir ki, cavabdehin etirazında iddiaçıya hədiyyə edilmiş qızıl-zinyət əşyalarının birgə nikah dövründə satılaraq ailənin ümumi xərcləri üçün sərf edilməsi ilə bağlı dəlilin olmaması və ya bununla bağlı hər hansı sübutun təqdim edilməməsi də qızıl-zinyət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalması faktını bir daha təsdiq edir. Məhkəmə qızıl-zinyət əşyalarının qiyməti ilə bağlı qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyində qızıl-zinyət əşyalarının özü tədqiqata təqdim etmək mümkün olmadığından, həmin rəydə malların bazar qiyməti müəyyənləşdirilərkən onların bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, internet saytlarının məlumatları respublikada yerləşən ticarət mərkəzlərində və xüsusiləşmiş zərgərlik məmulatlarının satışı şəbəkələrində mövcud olan qiymətlərdən, ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar dəyəri 5711,0 manat müəyyən edilmişdir. həmin əşyaların ümumi orta bazar qiyməti olmaqla qiymətləndirilmişdir. Məhkəmə göstərilən ekspert rəyinin tədqiqat metodlarına diqqət yetirib, həmin rəyə işdə olan digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilməli və iddia ərizəsində göstərilən 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd sırğa, 1 ədəd nişan üzüyü, 1 ədəd komplekt dəst üzüksırğadan ibarət qızıl zinət əşyalarının dəyəri hissəsində iddia qismən təmin edilərək həmin əşyaların ümumi dəyəri 5711,0 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunun əvəzinin cavabdeh tutulmasını xahiş etdiyindən iddia tələbi həmin hissədə də təmin edilərək iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, çəkisi 5.36 qram, 750 əyarlı 1 ədəd sırğa və ya onun dəyəri 536 manat, çəkisi 30,0 qram, 750 əyarlı, İtalyan istehsalı, komplekt şəklində boyunbağı və qolbaq və ya onun dəyəri 3000 manat, çəkisi 6.75 qram, 750 əyarlı nişan üzüyü və ya onun dəyəri 675 manat, çəkisi 15 qram, 750 əyarlı 1 ədəd komplekt dəst üzük-sırğa və ya onun dəyəri 1500 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan hissədə iddia tələbi təmin edilməməli və ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Ümumi dəyəri 5711,0 manat olmaqla, çəkisi 5.36 qram, 750 əyarlı 1 ədəd sırğa (dəyəri 536 manat); çəkisi 30,0 qram, 750 əyarlı, İtalyan istehsalı, komplekt şəklində boyunbağı və qolbaq (dəyəri 3000 manat); çəkisi 6.75 qram, 750 əyarlı nişan üzüyü (dəyəri 675 manat); çəkisi 15 qram, 750 əyarlı 1 ədəd komplekt dəst üzük-sırğa dəsti (dəyəri 1500 manat) Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Yuxarıda göstərilən əmlaklardan (qızıl-zinət əşyalarından) hər hansı biri mövcud olmadıqda onların qeyd edilən dəyəri cavabdehdən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-182/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-182/2023
08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver