Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-184/2025 27.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 2 ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 2 ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi və bağışlama müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə kimi mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi və ünvan 2 ofisində təsdiq olunmuş xx.xx.2024-cü il tarixli 4Ə-49 reyestr saylı bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, vərəsə kimi mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X4 X3 ilə xx.xx.1970-ci il tarixdə nikahlarını Qaradağ rayon Qeydiyyat şöbəsində qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.1971-ci ildə o, xx.xx.1975-ci il tarixdə qardaşı Cavabdeh1 doğulmuşdur. Atası Qaradağ rayon sement zavodunda fəhlə işləmiş və iş yerindən order əsasında 2 otaqlı mənzil almışdır. Həmin mənzil ünvan 1 ünvanda yerləşmişdir. Atası həmin mənzilə xx.xx.1975-ci il tarixdə qeydiyyata düşmüşdür. Həmin mənzildə atası, anası, o və qardaşı qeydiyyatda olmaqla yaşamışlar. xx.xx.1991-ci il tarixdə atası Tofiq Süleymanov və o, həmin ünvandan qeydiyyatdan çıxmışlar. Atası 2005-ci il tarixdə vəfat etmişdir. X3 isə ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatda olmaqla vəfat edənə qədər həmin ünvanda yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən mənzildən order əsasında istifadə olunmuş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd etdiyi və birgə yaşadıqları mənzil anası X1 1997-ci ildə onun xəbəri (razılığı) olmadan qardaşı Cavabdeh1 adına keçirilmiş və hüquqmüəyyənedici sənəd verilmişdir. X3 08 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra, eləcə də anasının sağlığında həmin evə gedib-gəlməsinə qardaşı və qardaşının arvadı Cavabdeh2 mane olmuş, faktiki buna imkan verməmişlər. Nəticədə, anasına məxsus olan əmlak və mənzil onun əlindən alınmışdır. Anasının sağlığında qeyd edilən 2 otaqlı mənzilin qardaşı Cavabdeh1 adına necə və hansı qaydada rəsmiləşdirilməsi müəmmalıdır. Bu faktın aydınlaşdırılması məqsədi ilə müvafiq səlahiyyətli orqanlara müraciət etsə də, heç bir hüquqi əsas tapmaq mümkün olmamışdır. Hesab edir ki, anasının sağlığında onu qeyd edilən ünvandan qeydiyyatdan çıxarmaqla mənzilin qanunsuz yolla qardaşı Aslanın adına xüsusi mülkiyyətinə keçirilməsinə bilərəkdən şərait yaradılmışdır. Anası savadsız olduğundan aparılan əməliyyatların mahiyyətini başa düşməmişdir. Anasının vəfatından sonra vərəsəlik açılmamışdır. Çünki artıq sözügedən mənzil qardaşı Aslanın mülkiyyətində olmuşdur. Həmin ünvana müvafiq səlahiyyətli orqanların qanunsuz himayədarlığı ilə qardaşı Aslanın arvadı Cavabdeh2 bacısı Heydərova Kəmalə, onun əri Güloğlan Heydərov, uşaqları Yusif və Heydər Heydərovlar qeydiyyata alınmışlar. Bu qanunsuzluqlar barədə 38-ci Polis bölməsinə müraciət etsə də, heç bir nəticə olmamışdır. Beləliklə, anasının bütün əmlakı, o cümlədən təqaüdü və topladığı pulları, qızıl-zinət əşyaları mənimsənilmişdir. Anasına məxsus əmlakların talan edilməsinin qarşısını almağa çalışsa da, qardaşı Aslan və arvadı Nuranənin təzyiqlərinə, təhqirlərinə və ona qarşı fiziki zor tətbiq edilməsinə məruz qalmışdır. Yuxarıda qeyd etdiyi kimi anasının vəfatından sonra vərəsəlik işi açılmamışdır. Həqiqətdə isə vərəsəlik işinin açılmasına, vərəsələrin müəyyən edilməsinə maneçilik törədilmiş və saxta yollarla qarşısı alınmışdır. X2 mülkiyyətində hər hansı daşınmaz əmlakının olub-olmaması barədə sorğu verilsə də, 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş cavabda ünvan 1 ünvanı ilə bağlı müvafiq məlumat və sənədlərin surəti təqdim edilməmişdir. Bildirilmişdir ki, qeyd edilən ünvan X6 (qardaşı Aslanın oğlu) adına ünvan 2 Ofisinin 4Ə-49 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Eyni məzmunlu cavablar ünvan 2 Ofisindən və Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən də verilmişdir. Halbuki 45 saylı notariat ofisinin notariusu şifahi və yazılı müraciətlərinə baxmayaraq hüququnun pozulduğunu bilsə də, bağışlanma müqaviləsini icra etmişdir. Hesab edir ki, daşınmaz əmlak olan mənzilin anasının sağlığında hər hansı yolla qardaşı Cavabdeh1 mülkiyyətinə verilməsi faktı araşdırılıb hüquqi qiymət verilməlidir. Qardaşı Cavabdeh1 hərəkətləri əsassız varlanmağa yönəlmişdir. Qanun üzrə birinci növbə vərəsə kimi qarşısında qanunsuz olaraq maneələr yaradılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, order əsasında atasına verilmiş mənzil sağlığında, yəni xx.xx.1997-ci il tarixdə qardaşı Cavabdeh1 adına ilkin qeydiyyata alınmışdır. Hesab edir ki, həmin mənzil daşınmaz əmlakın reyestrində qeydə alınarkən qanun pozğunluğuna yol verilmiş, anasının və onun razılıqları alınmamışdır. İşin faktiki halları onun vərəsəlik hüququnun kobud şəkildə pozulmasını şəksiz sübut edir. Bildirir ki, X3 ilə qardaşı və arvadı tərəfindən ciddi maneələr yaradılsa da, mehriban olmuşdur, ona qulluq göstərmişdir. Bir övlad kimi müntəzəm təmasda olmuşdur. Cavabdehlər isə anasına qarşı həmişə münasibətləri pis olmuş, ona qayğı göstərməmiş, onun bütün qızıl-zinət əşyalarını, pullarını (təqaüd pulları) mənimsəmişlər. Qardaşı Aslan anasının sağlığında 2019-cu ildə qeyd edilən mənzildən çıxmış, orada formal qeydiyyatda olsa da, başqa ünvanda kirayədə yaşamış və hazırda da orada yaşayır. Cavabdeh2 anasının sağlığında evdən oğurluq etdiyinə görə 2020-ci ildə anası onu evdən qovmuşdur. Həmin ünvanda yerləşən anası tərəfindən tikdirilmiş həyət evində qalırdı. Anası onu oradan da uzaqlaşdırmaq istəyirdi. Lakin cavabdeh anasının yaşlı və xəstə olmasından istifadə edərək həmin yaşayış sahəsindən çıxmamış, əslində oranı zəbt etmişdir. Hazırda isə həmin otağı kirayəyə verərək pul qazanır. Vərəsəlik hüququnun pozulmasını 2024-cü ilin aprel ayında, yəni mənzil bağışlandıqdan sonra bilmişdir. Mülki Məcəllənin 1248-ci maddəsində mirasın qəbul edilməsi vaxtının uzadılmasından bəhs edilir. O da qanunun bu fürsətindən istifadə edərək himayəsində əlil övladı olan ana kimi öz vərəsəlik hüququnu həyata keçirmək istəyir. İşin faktiki halları vərəsə kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının və dövlət tərəfindən təminat verilən vərəsəlik hüquqlarının pozulduğunu təsdiq edir. Hesab edir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtləri və müddətini müəyyən edən Mülki Məcəllənin 1246 və 1279-1-ci maddələri mütənasiblik Konstitusiya prinsiplərinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi ədalətli mövqe kimi qiymətləndirilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, anası 2021-ci ilin sentyabr ayının 8-də vəfat etmişdir. Ailədə iki uşaq olmuşlar, qardaşı və o. Qardaşı Aslan 2019-cu ildən sözügedən mənzildən getmiş və başqa ünvanda ikinci həyat yoldaşı ilə birlikdə yaşayır. Anasının sağlığında qardaşı evdən getdiyindən anasının mənzili onun arvadı, hazırki Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Anasının sağlığında Nuranə oğurluq etdiyinə, habelə qardaşı başqa qadınla yaşadığına görə evdən çıxartmışdır. Onu evə buraxmırdı. O isə anasının xəstəliyindən istifadə edərək mənzili özbaşına zəbt etmiş, orada yaşamış, anasına məxsus qızıl-zinət əşyalarını və digər əmlaklarını ələ keçirmişdir. Hətta həyətdə tikilmiş 2 mənzili (evi) kirayəyə verərək pullarını mənimsəmişdir. Qardaşı Aslanla birlikdə ona dəfələrlə şiddət göstərmiş bədəninə xəsarətlər yetirmişdir. Sonuncular onu ölümlə hədələmişlər. Öldürməyə təşəbbüs göstərmiş, lakin Aslanın qayınanası (ikinci arvadının anası) bunun qarşısını almışdır. O, bu barədə Qaradağ RPŞ 39-cu PB-yə müraciət etmişdir. Nuranə özbaşınalıq edərək bacısı Kəmalənin ailəsinin də həmin mənzildə qeydiyyata alınmasına nail olmuşdur. O, həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, MİS tərəfindən qeydiyyatdan çıxarılmışdır. Odur ki, vərəsəliklə bağlı iddia tələbinə baxılarkən qeyd edilən halların nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş ünvan 2 ofisində təsdiq edilmiş 03 mart 2024-cü il tarixli 4Ə-49 reyestr saylı bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 30/124003 saylı qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilini X7 bağışlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 29 mart 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 43 saylı evin 21 saylı mənzili X6 adına ünvan 2 Ofisinin 4ə- 49 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 43 saylı evin 21 saylı mənzili Cavabdeh1 tərəfindən Bakı şəhəri Tİ və MHQİ-nin verdiyi xx.xx.1997-ci il tarixli 30/124003 saylı qeydiyyat vəsiqəsinə əsasən X7 bağışlanmışdır. Həmin bağışlama müqaviləsi qüvvədə olmaqla, bağışlama müqaviləsi əsas götürülərək mənzil X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə vurğulayır ki, həmin bağışlama müqaviləsi mübahisələndirilməmişdir və həmin bağışlama müqaviləsi qüvvədə olduğundan, İddiaçı «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi» tələbinə dair iddiası təmin edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 2 ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 2 ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-184/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-184/2025
27.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver