Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-188/2021 26.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma,evin boşaldılması və evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma,evin boşaldılması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülıkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 8G saylı evdən ailə üzvləri ilə birlikdə çıxarılması, evın boşaldılması və onun həmin evə köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Rəfayil oğlu onun oğludur, onlar Laçın rayonundan məcburi köçkün olmaqla ünvan 1 ünvanında məskunlaşmışlar. O cümlədən oğlu Sadiq də həmin evdə məskunlaşmış və ailəli olduğuna görə Laçın rayon İcra Hakimiyyətinin 05 aprel 2014- cü il tarixli 07 saylı protokolu ilə Laçın rayonu üzrə yeni ayrılan ailələrin ayrı təsərrüfatı kimi qeydə alınmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-ci massiv, ev 8 G mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində 11.03.2020-ci il tarixdə onun adına qeydiyyatdan keçmiş və həmin evin əsas mülkiyyətçisi iddiaçıdır. Lakin oğlu Sadiq onun icazəsi olmadan onun mülkiyyətində olan evi zəbt edərək yaşayır. Mübahisəli ev mülkiyyət hüququ əsasında ona məxsus olsa da o özünə məxsus evdə yaşaya bilmir. Cavabdeh onu mülkiyyətində olan evdən çıxararaq evin pəncərəsini, qapısını daşla hörmüş, onun evdən istifadə etməsinə imkan vermir. Onun həmin həyətə giriş-çıxış olan qapısının arxasını daşla hörmüş, həyətin qabağında olan qapıdan istifadə edərək onun evə girməsinə imkan vermir. Cavabdehə iddiaçıya məxsus evin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdeh ona məxsus evi zəbt edərək mənzildən çıxmaqdan imtina etmişdir. Cavabdeh onun qanunla qorunan hüquqlarını pozaraq, mənzil hüquqlarını məhdudlaşdırır, qanuni əsasla mülkiyyətində olan evdən istifadə etməyinə imkan vermir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, həmin evin ona məxsus olduğunu, 1993-cü il tarixdən orada yaşadıqlarını, lakin evə dair sənədi daha sonra aldıqlarını, sənədinin olmadığını, lakin sahibliklərində olduğunu, oğlunun da onlarla birlikdə həmin mənzildə yaşadıqlarını, oğlunun özünün ayrı yaşayış yerinin olmadığını, onunla birlikdə yaşadığını, evləndikdən sonra isə kirayədə qalmasınlar deyə onun ona məxsus həmin evə köçüb yaşamasına icazə verdiyini, indiyədək orada yaşadıqlarını, lakin münasibətlərimiz pisləşdiyindən onun ailəsi ilə birlikdə ona məxsus evdən çıxmasını istədiyini, özünün isə həmin evə köçürülməsini istədiyini bildirərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarından aydın olur ki, o məcburi köçkün kimi gəldikləri vaxtlarda həmin evdə yaşamağa başlamışlar, evlənənə qədər orada yaşamış, evləndikdən sonra isə həmin sahənin bir hissəsini ayırmışlar, özü orada ev tikmiş ailəsi ilə birlikdə orada yaşamış, hazırda da orada yaşayır, iddiaçının evində yaşamır, evləri ayrı-ayrı evlərdir, giriş-çıxışları ayrıdır, bir-birilərinə aidiyyatı yoxdur. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-ci massiv, ev 8 G saylı mülkiyyət İddiaçı adına 11.03.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının 8/1432 nömrəli 20.08.2014-cü il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh laçın rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin 4 saylı təsərrüfat başına kitabın 28-ci səhifələrində ayrı təsərrüfat kimi qeydə alınmış və Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 05 aprel 2014-cü il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli 10/376 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 617 m2 , iddiaçı tərəfindən mübahisələndirilən tikilinin isə sahəsi 26 m2 təşkil edir. Həmçinin qeyd olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən 26 m2 sahəsi olan tikilinin 21.4 m2 hissəsi 11.03.2020-ci il tarixli **********54-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumaları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Aparılmış ekspert tədqiqatının dəyəri 50 manat və mütəxəsis rəyinin verilməsi üçün smeta xərci 311 manat təşkil edir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddia tələbinin predmetini mülkiyyətçi ilə ailə üzvləri arasında mənzildən çıxarılma və mənzilə köçürülmə ilə bağlı hüquq münasibətləri təşkil edir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999cu il 12 mart tarixli Qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, mülkiyyətçinin ailə üzvi qismində ona məxsus mənzilə hər hansı qeyd-şərtsiz köçürdüyü şəxslərin onunla birlikdə həmin mənzildən istifadə etmək hüququ yaranır. Mülkiyyətçinin ailə üzvləri onun əri (arvadı), valideynləri və uşaqları hesab edilir. Digər şəxslərin mülkiyyətçinin ailə üzvi hesab edilməsi üçün həmin şəxslərin onunla birlikdə yaşayıb, birgə ümumi təsərrüfat aparması şərtlərinin olması tələb edilir. Bundan əlavə mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını mülkiyyətçiyə məxsus mənzilə köçürmək hüququna malik olmaqla, həmin şəxslərin də mənzilə dair istifadə hüququ məhz yetkinlik yaşına çatmayan şəxslərin mənzilə köçüb yaşadığı halda yaranır. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, şəxsin yaşayış sahəsinə olan hüquqlarından məhrum etməsi iki halda-daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. 1 oktyabr 2009-cu il tarixli Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-ci massiv, ev 8 G saylı yaşayış sahəsi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq 11.03.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tərəflər 1993-cü il tarixdən məcburi köçkün kimi orada yaşamağa başlamışlar. Cavabdeh məcburi köçkün olmaqla, ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsinin bir hissəsində yaşayır. Ona görə də iddiaçı cavabdehlə münasibətlərinin pisləşdiyini, yola getmədiklərini əsas gətirərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-ci massiv, ev 8 G saylı evdən çıxarılmasını, evin boşaldılaraq ona təhvil verilməsini, özünün həmin evə köçürülməsinə dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən cavabdeh iddiaçının oğlu qismində çıxış etməklə onun ailə üzvi hesab edildiyindən və onunla birlikdə həmin yaşayış sahəsində yaşadığından cavabdehin həmin mənzildən mülkiyyətçi qismində çıxış edən iddiaçı (anası) ilə birlikdə istifadə etmək hüququ vardır. Həmçinin, məhkəmə hesab edir ki, cavabdehin ailə üzvləri-arvadı və uşaqları digər qohumlar qimsində həmin mənzildə köçüb iddiaçı və cavabdehlə birlikdə yaşadığından, həmin şəxslərin də mübahisə predmeti olan yaşayış sahəsində yaşamaq hüquqları vardır. Mənzil qanunvericiliyinin tələbinə əsasən həmin şəxslərin mənzildən çıxarılması üçün onların həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması və başqa yaşayış yerinə daimi köçüb getdiyi halda mümkündür. İndiki halda isə cavabdehin ailə üzvləri ilə birlikdə hazırda da həmin yaşayış sahəsində yaşaması halı işin mübahisəsiz halıdır. Bundan əlavə, iddiaçı tərəfindən isə cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının olması halının aradan qalxması və onun daimi köçüb başqa yaşayış sahəsində yaşaması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi cavabdehin ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən çıxarılması və evin boşaldılması hissəsində əsassız olmaqla, bu hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçının mənzilə köçürülməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı cavabdehin onun həmin məznildən istifadə etməsinə maneçilik törətməsini əsas gətirərək, onun həmin mənzilə köçüürlməsinə dair iddia tələbini irəli sürmüşdür. Bu halda, məhkəmə cavabdehin ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsində hazırda da yaşaması halını və bunun nəticəsində iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsində cavabdeh tərəfindən maneçilik törədilməsi halının mümkünlüyünü nəzərə alaqr, iddiaçının həmin yaşayış sahəsinin mülkiyyətçisi qismində çıxış etməsi halını əsas götürərək, hesab edir ki, iddia tələbi iddiaçının mənzilə köçürülməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-ci massiv, ev 8 G saylı yaşayış sahəsinə köçüürlməli, qalan hissədə iddia tələbi təmin edilməməli, aparılmış ekspertiza tədqiatının dəyəri olan 50 manat və mütəxəssis rəyinin alınması üçün aparılmış tədqiqatın dəyəri olan 311 manat məbləğində çəkilmiş xərc tərəflərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-ci massiv, ev 8 G saylı yaşayış sahəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiatının dəyəri olan 50 manat və mütəxəssis rəyinin alınması üçün aparılmış tədqiqatın dəyəri olan 311 manat məbləğində çəkilmiş xərc tərəflərdən müştərək qaydada alınaraq dövlət büdcsəinə köçürülsün. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-188/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-188/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver