Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1977/2020 15.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının, habelə ödənilməmiş əmək haqqının, məzuniyyət və müavinət pulunun ödənilməsi tələbləri barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının, habelə ödənilməmiş əmək haqqının, məzuniyyət və müavinət pulunun ödənilməsi tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinin xitamına dair Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx xxxx 2020-ci il tarixli K-80 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında işlədiyi müddətdə ödənilməmiş əmək haqlarının ödənilməsi, 34 gün üçün ödənilməmiş məzuniyyət pulunun, işdən çıxmağa görə 2 (iki) aylıq maaşı həddində müavinət pulunun, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin iyul ayının 22-nə kimi dənizdə işləmədiyi üçün məhrum olduğu əmək haqlarının cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələblərini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı ilə bağlamış olduğu xx xxxxxx 2010cu il tarixli əmək müqaviləsinə əsasən Operator Köməkçisi İ – Filtrasiya vəzifəsinə işə qəbul edilmişdir. xx xxxxxx 2011-ci il tarixdən etibarən Operator İİ - Filtrasiya vəzifəsinə qəbul edilmişdir. Həmin müddətdən fasiləsiz olaraq həmin vəzifədə işləmişdir. Belə ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi Operator İİ - Filtrasiya vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə ay ərzində təxminən 14-15 gün dənizdə işləyirdi, bəzən bir ay müddətində dənizdə işlədiyi də olurdu, 14-15 gün isə istirahət vaxtı idi. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə dənizdə olmuşdur. Həmin dövrdə supervayzeri Cahangir Əliyev istifadə olunmamış məzuniyyətinə görə onunla mübahisə etdi, ondan tələb olundu ki, istifadə etmədiyi məzuniyyətləri istirahət vaxtı kimi verilmiş günlərlə əvəzləşdirsin. O isə bildirdi ki, 2019-cu ilin iyun ayında iki həftəni (14 gün) istifadə etmişdir və qalan məzuniyyət günlərini istirahət vaxtları ilə əvəzləşdirmək niyyəti yoxdur. Çünki, o, 14-15 gün dənizdə işlədikdən sonra qalan 14-15 gün onun qanuni istirahət vaxtıdır. Ona görə də müdiriyyət onunla şəxsi qərəzliliyə başladı. xx.xx.2019-cu il tarixdə supervayzeri Cahangir Əliyev menecer Karlos Karrera ilə birgə onu Operator İİ - Filtrasiya vəzifəsində olmasına baxmayaraq fəhlə vəzifəsində işləməyə məcbur etdilər və bir bazadan başqa bazaya göndərdilər. Başqa fəhləni onun vəzifəsini yerinə yetirməyə göndərdilər. O, meneceri Karlosdan müqaviləsində nəzərdə tutulan vəzifədə işləmədiyinə görə təqsirinin nə olduğunu soruşanda, Karlos onu öz münasibətini supervayzeri ilə dəyişməli olduğunu, əks halda fəhlə kimi qalacağını bildirdi. xx.xx.2020-ci ildə kadrlar şöbəsindən elektron poçtuna 9 həftədən sonra işdən azad olunacağı ilə bağlı məktub gəldi. Həmin dövrdə onun poçtuna 13 maya qədər vəzifə dəyişikliyi üçün müraciət etməsi barədə məlumat göndərilmiş, lakin həmin dəyişiklik üçün heç bir şərait yaradılmamış və mövcud ixtisar prosesində həmin vəzifənin ixtisar olunubolunmayacağı barədə heç bir məlumat verilməmişdir. Həmin dövrdə cavabdehin diqqətinə pandemiya dövründə ixtisara yol verilməməsi ilə bağlı tövsiyələrə əməl edilməsi zərurətini çatdırmış, lakin cavabdeh neft böhranını bəhanə edərək buna məhəl qoymamışdır. Daha sonra xx xxx 2020-ci il tarixdə aprelin 9-da göndərilən xəbərdarlığın geri götürülməsi və xx xxxx 2020-ci il tarixindən əmək müqaviləsinə xitam veriləcəyi xəbərdarlığı gəlmişdir. Daha sonra xx xxxx 2020-ci il tarixli K-80 saylı əmrlə əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrlə razı deyildir, hesab edir ki, həmin əmr Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə bütünlüklə ziddir. Belə ki, onun tərəfindən hər hansı əmək funksiyası pozulmamışdır, işlədiyi dövrdə heç bir tənbeh almamışdır. Bundan əlavə, onunla birlikdə Operator İİ - Filtrasiya vəzifəsində işləyən daha təcrübəsiz işçilər (R.Hidayətov, R.Əliyev, Z.Zabitov, B.Əsgərov) işdə saxlanılmışdır. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə hansı ştatların ixtisar olunması, onun hansı səbəbdən ixtisara düşməsi əsaslandırılmamışdır. Qanunsuz ixtisar barədə Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan əlavə, Əmək Məcəlləsinin 97, 98, 99, 164, 165ci maddələrinin tələbləri (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməsi) cavabdeh tərəfindən 2010-2017-ci illər üçün pozulmuş, həmin dövr üçün qeyd olunan məbləğlər ona ödənilməmişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixə kimi qanunsuz olaraq fəhlə kimi işlədildiyinə görə bonuslardan və dəniz əmsalına görə əlavə ödənişlərdən məhrum olmuşdur. Fəhlə kimi işlədiyi müddətdə dənizdə işləsəydi daha çox əmək haqqı alacaq idi, lakin cavabdehin qanunsuz hərəkəti nəticəsində ondan məhrum olmuşdur. Həmçinin son haqq-hesab zamanı istifadə etmədiyi məzuniyyət pulu və müavinət pulu düzgün hesablanmamışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X13 iddia tələblərinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixli 0248 saylı əmək müqaviləsi bağlanılmışdır və iddiaçı operator köməkçisi İ-Filtrasiya (BF01-ESG) vəzifəsinə qəbul edilmişdir. xx xxxxxx 2010-cu il tarixli 0248 saylı əmək müqaviləsinə xx xxxxxx 2011-ci il tarixli 1 saylı Əlavəyə əsasən iddiaçının vəzifəsi xidmət üzrə operator İİ- Filtrasiya (BF04-ESG) olaraq müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında xx xxxx 2014-cü il tarixli 0248/1 saylı əmək müqaviləsi bağlanılmış və iddiaçı eyni vəzifəyə, yəni xidmət üzrə operator İİ- Filtrasiya (BF04-ESG) vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə xx xxxxxx 2017-ci il tarixli 1 saylı dəyişiklik imzalanmış və bu dəyişikliyə əsasən iddiaçının iş rejimi iş vaxtının aylıq rejimi olaraq müəyyən edilmişdir. xx xxx 2020-ci il tarixli K- 65/2 saylı əmrlə neft bazarında qiymətlər aşağı düşdüyü üçün və istehsalat həcminin azalması ilə əlaqədar Baroid biznes seqmentinin xidmət üzrə Operator İİ-Filtrasiya (BF04- ESG) ştatı ixtisar olunmuşdur və cavabdeh tərəfindən xx xxx 2020-ci il tarixində iddiaçıya ixtisar ilə əlaqədar xəbərdarlıq bildirişi təqdim edilmişdir. xx xxxx 2020-ci il tarixli K-80 saylı “İşdən azad olunma haqqında” əmrə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixindən etibarən xitam verilmişdir. Qeyd edir ki, iddiaçıya təqdim edilmiş xx xxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu, xx xxx 2020-ci il tarixdə geri götürülmüş, xəbərdarlıq müddəti yenidən, yəni xx xxx 2020-ci il tarixindən etibarən hesablanmağa başlanmışdır. Beləliklə, iddiaçıya əmək müqaviləsi ləğv edilməzdən 9 həftə əvvəl bildiriş təqdim edilmiş və müddətin axımı xx xxx 2020-ci il tarixindən başlanmışdır. Bununla da, ixtisarla bağlı qanunvericiliyin tələblərinə əməl edilmişdir. İxtisar baş verdiyi tarixdə Operator İİ-Filtrasiya (BF04-ESG) ştatında yalnız iddiaçı işləmiş, həmin ştat qanunamüvafiq qaydada ixtisar olunmuşdur, iddiaçının izahatında göstərdiyi şəxslər isə başqa vəzifədə işləyən işçilərdir, hazırda iddiaçının mövcud olmayan ştata bərpası mümkün deyildir. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, Cahangir Əliyev və Karlos Karrera qərəzli olaraq onu razılığı olmadan fəhlə olaraq işləməyə məcbur edib və dənizdə işləməli olduğu halda bir bazadan başqa bazaya göndərilib. Halbuki, əmək müqaviləsinə əsasən iddiaçının əsas üç əmək funksiyası müəyyən edilmişdir: Baroid filtrasiya istehsal sahəsinin müştərilərinə xidmət göstərmək, bütün növ avadanlıqların tam və ya hansısa hissəsinin əməliyyat zamanı istifadə olunmasında kömək göstərmək, rəhbərin verdiyi digər tapşırıqları yerinə yetirmək. Qeyd edilməlidir ki, iddiaçı yuxarıda sadalanan əmək funksiyalarından başqa heç bir işə cəlb edilməmişdir. İddiaçının vəzifəsi mütəxəssis (qulluqçu) vəzifəsi hesab edilmir və fəhlə peşəsidir. Cavabdeh tərəfindən iddiaçıya əmək funksiyalarına daxil olmayan heç bir iş tapşırılmamışdır. Həmçinin, əmək müqaviləsində iddiaçının əmək funksiyasının məhz dənizdə göstərilməli olması barədə heç bir qeyd mövcud deyildir. Əlavə olaraq qeyd edir ki, iddiaçının tibbi baxışı ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkəti tərəfindən təqdim edilən xx xxxxxx 2016-cı il tarixli ZO/1612/18 saylı tibbi rəyə əsasən iddiaçının dənizdə işləməsinin məhdudlaşdırılması (10-kqdan artıq yüklər qaldırılmamaqla) tövsiyə edilib və qeyd edilən tibbi rəyin əsasında 2016-cı il boyunca iddiaçı işə çıxmamış, lakin onun əmək haqqı əmək müqaviləsində nəzərdə tutulan həcmdə tam şəkildə ödənilmişdir. 2017-ci ildən iddiaçı yenidən işə çıxmağa başlamışdır. 2019-cu ildə iddiaçının yenidən səhhətində yaranan problemlərlə əlaqədar olaraq (belə ki, iddiaçı yüksək qan təzyiqindən əziyyət çəkdiyindən) cavabdehin quru sahəsində çalışmağa davam etmişdir. Əmək müqaviləsinə əsasən iddiaçının dənizdə işləməyi tələb etmək hüququ mövcud deyildir. Yuxarıda qeyd edilənlər, xüsusilə bir ilə yaxın bir müddətdə iddiaçının işləməməsinə baxmayaraq cavabdeh tərəfindən onun əmək haqqının ödənilməsi bir daha sübut edir ki, iddiaçıya qarşı qərəzin olması iddiası həqiqəti əks etdirmir. İddiaçı cavabdeh tərəfindən koronavirus (COVİ̇D-19) pandemiyası dövründə sahibkarlıq subyektləri tərəfindən ixtisara yol verilməməsi ilə bağlı tövsiyəyə məhəl qoyulmadığını qeyd edir. Halbuki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİ̇D-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”ə əsasən, maliyyə dəstəyi proqramı çərcivəsində vəsait alan vergi ödəyicisinin öhdəliklərindən biri də koronavirus (COVİ̇D-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməsidir. Göründüyü kimi, qeyd edilən öhdəlik yalnız maliyyə dəstəyi proqramı çərcivəsində vəsait alan vergi ödəyicisinin öhdəliklərindən bəhs edir. Cavabdeh qeyd edilən maliyyə dəstəyi proqramı çərcivəsində heç bir vəsait almamışdır. Həmçinin, cavabdeh tərəfindən həyata keçirilən ştat ixtisarı koronavirus (COVİD- 19) pandemiyası səbəbindən deyil, neft bazarında qiymətlər aşağı düşdüyü üçün istehsalat həcminin azalması ilə əlaqədar olmuşdur. Qeyd edilənlərdən görünür ki, cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, iddiaçı öz iddia ərizəsində 2010-cu il tarixindən 2017-ci il tarixinədək Əmək Məcəlləsində nəzərdə tutulan əmək haqqına əlavələrin ödənilmədiyini iddia edir və bu məbləğləri tələb edir. Əmək Məcəlləsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, qeyd edilən iddia ilə bağlı iddia müddəti artıq keçmişdir. Bununla əlaqədar, cavabdeh ərizə təqdim edərək iddia müddətinin tətbiqini və həmin iddia tələbinin rədd edilməsini xahiş edir. Əlavə olaraq qeyd edir ki, iddiaçıya son haqq-hesab, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr ümumilikdə 10534,77 manat məbləğində ödəniş həyata keçirilmişdir. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində iddiaçı hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, Əmək Məcəlləsinin tələblərinə əsasən, iddiaçıya əmək stajına uyğun olaraq işdən çıxma müavinəti ödənilmişdir. Ona görə də cavabdeh tərəf iddiaçının dəlillərini əsassız hesab edir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X17 izahatında bildirdi ki, iddiaçının işlədiyi ştatın ixtisarı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir. İxtisarla bağlı hər hansı qanun pozuntusunu aşkar etməmişdir. Lakin iş materiallarına və xx.xx.2020ci il tarixli arayışa görə son haqq-hesab zamanı istifadə edilməmiş məzuniyyət pulu hesablanarkən bir təqvim günü üçün məzuniyyət pulu hesablanmamışdır, belə ki, sonuncu iş ili üçün məzuniyyət günləri 15 gün əvəzinə 14 gün hesablanmışdır. 2010-2017-ci illər üçün dəniz əmsalına görə əlavə ödənişlərlə bağlı iddia müddətinin tətbiqi məsələsinin məhkəmənin mülahizəsinə görə həll edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, işdə olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli 0248 saylı əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış, işçi operator köməkçisi İ- Filtrasiya (BF01-ESG) vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 0248 saylı əmək müqaviləsinə xx.xx.2011-ci il tarixli 1 nömrəli əlavənin surətindən görünür ki, həmin müqavilədə nəzərdə tutulmuş şərtlərə əsasən İddiaçı xidmət üzrə operator İİ-Filtrasiya (BF04-ESG) vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında İ-Filtrasiya (BF01) vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək isə xidmət üzrə operator İİ-Filtrasiya (BF04-ESG) vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixli K-80 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin ştatları ixtisar edildikdə əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 0248/1 saylı əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış, işçi xidmət üzrə operator İİ-Filtrasiya (BF04-ESG) vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin yenilənməsi olmaqla xx.xx.2014-cü il tarixdən qüvvədədir. Əmək müqaviləsinin 10.1-ci bəndinə əsasən, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan 248/1 saylı müqaviləyə 1 nömrəli xx.xx.2017-ci il tarixli dəyişikliyin surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə qarşılıqlı razılıq əsasında dəyişiklik edilmişdir. Həmin dəyişikliyin 2-ci bəndinə əsasən, əmək haqqı qüvvəyə minmə tarixindən etibarən 1215 Azərbaycan manatı olaraq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X8 şirkətinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubunda İddiaçı xx.xx.2010-cu il tarixindən şirkətdə Filtrasiya üzrə Xidmıt Operatoru İİ (BF04-ESG) vəzifəsində çalışdığı bildirilmişdir. Eyni zamanda, əmək şəraitinin dəyişdirilməsinə dair məlumatlar X11 şirkəti tərəfindən təqdim olunmuş sənədlərdə öz əksini tapmamışdır. İş materiallarında oaln Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən etibarən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında Filtrasiya üzrə Xidmət Operatoru İİ (BF04-ESG) vəzifəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X4 (COVİD-19) infeksiyasının AR ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx.xx.2020-ci il tarixində çıxardığı məlumata əsasən xx xxxx 2020-ci il saat 00:00-dan x xxx 2020-ci il saat 00:00-dək neft və qaz sahəsində çalışanlara xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə heç bir məhdudiyyət tətbiq olunmayacaqdır. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, işçilərin sayının ixtisarı ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam veriləcəyi və ixtisar zamanı hüquqlarının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənəcəyi (xəbərdarlıq müddəti (doqquz həftə) ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və xəbərdarlıq müddəti bitdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş müvafiq ödənişlərin verilməsi) barədə İddiaçı xəbərdar edilmişdir. İş materiallarında olan iddiaçı və cavabdehin əməkdaşı (D.Rəhimova) arasında xx.xx.2020-ci il tarixli elektron poçt yazışmasının surətindən görünür ki, iddiaçıya vəzifə dəyişikliyi üçün 13 maya qədər müraciət edilməli olduğu bildirilmiş, iddiaçı həmin əməkdaşa mövcud ixtisar prosesində bu dəyişikliyin əhəmiyyətli olub-olmaması barədə suallar ünvanlamışdır. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli xəbərdarlığın geri götürüldüyü, şöbə daxili ştatların ixtisarı ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam veriləcəyi və ixtisar zamanı hüquqlarının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənəcəyi (xəbərdarlıq müddəti (doqquz həftə) ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və xəbərdarlıq müddəti bitdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş müvafiq ödənişlərin verilməsi) barədə İddiaçı xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “işçilərin sayı və ştatları ixtisar haqqında” xx.xx.2020-ci il tarixli, K65/2 saylı əmrinin surətindən görünür ki, neft bazarında qiymətlərin aşağı düşməsi və istehsalat həcminin azaldılması ilə əlaqədar xidmət üzrə Operator İİ-Filtrasiya (BF04-ESG) ştatının xx xxxx 2020ci il tarixdən ixitsar olunması, həmin ştatın işçisi olan İddiaçı xx xxxx 2020-ci il tarixdən ixtisar olunması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “işdən azad olunma haqqında” xx.xx.2020-ci il tarixli, K-80 saylı əmrinin surətindən görünür ki, xidmət üzrə Operator İİ-Filtrasiya (BF04-ESG) vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən etibarən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatlar ixtisar edildikdə) xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ZO/1612/18 saylı Tibbi arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı əmrinə və Böyük Britaniyanın Neft və Qaz sahəsində Tibbi Təlimatlarına əsasən müayinə olunmuş və dənizdə işləmək üçün yararlı olduğu (10 kq-dan artıq yük qaldırma məhdudiyyəti ilə) müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ixtisar edildiyi zaman şirkətin Baroid şöbəsində qeyd olunan əməkdaşdan savayı xidmət üzrə Operator İİ-Filtrasiya vəzifəsində heç bir şəxs olmamışdır. Həmçinin qeyd olunan əməkdaş ixtisar edildikdən sonra həmin şöbəyə bu vəzifəyə, ondan aşağı və ya yuxarı heç bir şəxs işə qəbul edilməmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ixtisar edildiyi zaman şirkətdə qeyd olunan əməkdaşdan savayı xidmət üzrə Operator İİ-Filtrasiya vəzifəsində heç bir şəxs olmamışdır. Həmçinin qeyd olunan əməkdaş nə ixtisar edildiyi tarixdə, nə də ondan sonra (yəni xx xxxx 2020-ci il tarixində və sonra) həmin şöbəyə və ümumiyyətlə şirkətə bu vəzifəyə, ondan aşağı və ya yuxarı heç bir şəxs işə qəbul edilməmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən “HALLİBURTON EURASİA” LTD şirkətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1984 saylı məktubdan görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən İddiaçı hesabına 2020-ci ilin avqust ayında 81,33 manat məbləğində əmək haqqı köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən “HALLİBURTON EURASİA” LTD şirkətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1985 saylı məktubdan görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən İddiaçı hesabına 2020-ci ilin iyul ayında 2484,08 manat və 10453,44 manat məbləğlərində əmək haqqı köçürülmüşdür. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı hesabına ixtisar zamanı köçürülmüş son haqq-hesab məbləğinin açıqlaması aşağıdakı kimidir: iyul ayı üçün işləmiş günlərin tarif maaşı (9 gün) - 933,89 manat, istifadə edilməmiş məzuniyyət (əvvəlki dövr üzrə) (x xxxxxx 2018 - x xxxxxx 2019 iş ili üçün 30 təqvim günü; x xxxxxx 2019 - x xxxxxx 2020 iş ili üçün 30 təqvim günü) - 4708,80 manat, istifadə edilməmiş məzuniyyət (bitməmiş iş ili üzrə) (x xxxxxx 2020 - xx xxxx 2020 iş ili üçün 14 təqvim günü) - 1098,72 manat, müəssisə gəlirinə birbaşa təsir etməyən mükafat (9 gün) - 351 manat, qida üzrə kompensasiya-135 manat, ixtisar üzrə müavinət (orta aylıq əmək haqqı (2259,10 x 2 misli) - 4518,21 manat olmaqla, cəmi 11745,62 manat hesablanmış, tutulmalardan sonra yekun ödəniş 10534,77 manat olmuşdur. İş materiallarında olan Carlos Carrera tərəfindən yazılmış izahatdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə Halliburton – Baroid Rəhbərliyi (özü), Cahangir Əliyev və Ashmeed Hosein ilə yanaşı HR nümayəndələrinin də iştirakı ilə Halliburton Duzlu Göl bazasında görüş keçirilmiş, müzakirə mövzusu İddiaçı narazılıq və suallarını dinləmək olmuşdur. Zaur Biznes X1raq çalışmışdır. İclas zamanı X16 narazı olduğunu bildirmiş, lakin narazılığın səbəbi ilə bağlı heç bir obyektiv səbəb verməmişdir. Zaur iclas zamanı məzuniyyətə getməyə məcbur edildiyini və səbəb kimi gecə növbəsinə təyin olunduğunu qeyd etmişdir. Lakin Zaura hər hansı səbəbdən gecə növbəsinə təyin edilməməsi, işçilərin istəklərinə əsaslanmadan, iş şəraitindən asılı olaraq bütün işçilərin gündüz və gecə təyin edilməsinin normal olması bildirilmişdir. Müzakirə olunan digər mövzu isə məzuniyyət ilə bağlı olmuşdur. İddiaçı çoxlu məzuniyyət günləri yığılmışdır. Bu iclasdan bir neçə həftə əvvəl supervayzer tərəfindən məzuniyyətə getməyə razılıq istənmiş, lakin bundan imtina etmiş və bu məsələnin ona dənizdə yüksək qan təzyiqi verdiyini iddia etmişdir. Ona sağlamlıqla bağlı hər hansı problemin olacağı təqdirdə həkimə müraciət etməli olduğu izah edilmişdir. İş materiallarında olan Cahangir Əliyev tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, 2019-cu ilin əvvəlində ölkə rəhbərliyi və insan resursları şöbəsi işçilərin il ərzində məzuniyyətdən istifadə etməsi ilə bağlı təlimat vermişdir. Şöbə rəhbərliyi tərəfindən əməkdaşlara məzuniyyətdən istifadənin zəruriliyi mütəmadi olaraq xatırladılırdı. Kifayət qədər məzuniyyət balansı toplanmış əməkdaşlardan biri də İddiaçı idi. Onların göndərdikləri xatırlatmalardan narazı qalan İddiaçı şikayət ünvanlamışdır. Bu şikayətin aradırılması üçün 27 sentyabr tarixində İddiaçı görüşə dəvət edildi. Lakin o, yalnız 18 oktyabr tarixində gələ biləcəyini bildirmişdir. 18 oktyabr tarixində onlar şikayəti aydınlaşdırmağa çalışmış, lakin İddiaçı tərəfindən şikayəti əsaslandıran heç bir tutarlı səbəb təqdim edilməmişdir. Görüş zamanı İddiaçı heç bir təzyiq edilməmiş, bir daha məzuniyyətdən istifadə edilməli olduğu bildirilmişdir. İş materiallarında olan Dilarə Rəhimova tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, Baroid biznes seqmentində Filtrasiya üzrə Xidmət Operatoru vəzifəsinə çalışmış İddiaçı narazılığının səbəbinin öyrənilməsi məqsədi ilə həmin şöbənin meneceri Carlos Carrera tərəfindən xx xxxxxxx 2019-ci il tarixdə iclas təşkil edilmişdir. X23, Carlos Carrera, Cahangir Əliyev və İddiaçı iştirakı ilə keçirilmişdir. İclas zamanı Osmanov X16 narazı olduğunu bildirmiş, narazılığın səbəbi istəndikdə isə səbəb kimi məcburən məzuniyyətə göndərilməsini və gecə növbəsinə təyin edilməsini göstərmişdir. Menecer və İR tərəfindən işçiyə izah olunmuşdur ki, işçilər gecə və ya gündüz növbəsinə işçilərin istəyi ilə yox, iş tələbatına əsasən təyin edilir. İşçilərin məzuniyyət günlərini toplaması və heç bir əsas olmadan məzuniyyətə çıxmaması qanun tərəfindən xoşagəlməz amildir. İddiaçı məzuniyyətə vaxtında çıxmasının zərurəti izah olunmuşdur. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, X9 Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında əmək müqaviləsi üzrə xidmət operatoru İİ-səth məhlulları vəzifəsində, X5 məhlulları üzrə xidmət operatoru İİ vəzifəsində, X18 xidmət operatoru İİ-səth məhlulları vəzifəsində, X2 məhlulları üzrə xidmət operatoru İİ vəzifəsində işləyirlər. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı cavabdeh təşkilatda xx.xx.2011-ci il tarixdən xidmət üzrə operator İİ-Filtrasiya vəzifəsində işləmiş, tərəflər arasında sonuncu dəfə əmək müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli, K-80 saylı əmri ilə həmin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin ştatları ixtisar edildikdə əsası ilə) xitam verilmişdir. İddiaçı hazırda həmin əmri mübahisələndirməkdə, qeyd olunan əmrin qanunsuz olduğunu və ona qarşı qərəzli münasibət nəticəsində verildiyini iddia etməklə ləğv edilməsini tələb etməkdədir. Məhkəmə, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, ştat ixtisarı barədə əmrin verildiyi tarixdə xidmət üzrə operator İİ-Filtrasiya ştatında yalnız iddiaçı işləmiş və cavabdeh təşkilat tərəfindən ixtisarla bağlı əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Bundan əlavə, iddiaçının həmin əmrin ona qarşı qərəzli münasibət nəticəsində verilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, izahatlara və iş üzrə sübutlara əsasən, işlədiyi dövr ərzində işəgötürən tərəfindən iddiaçıya qarşı hər hansı tənbeh tədbiri tətbiq edilməmişdir. Ona görə də həmin dəlillər cavabdeh təşkilatda on ildən artıq işləmiş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş iddiaçıya münasibətdə inandırıcı və ağlabatan görünmür. Qeyd olunanlara əsasən iddia tələbinin əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbləri əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olan müddətdə (on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi) rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının 2010-2017-ci illər üzrə əmək haqqına əlavələrin verilməsi tələbi üzrə iddia müddəti ötürülmüş və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməklə həmin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, həmin iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddia tələbinin “ödənilməmiş məzuniyyət pulunun, işdən çıxmağa görə müavinət pulunun, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin iyul ayının 22-nə kimi dənizdə işləmədiyi üçün məhrum olduğu əmək haqlarının ödənilməsi” hissəsi qismən, yəni 1 (bir) təqvim günü üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi hissəsində əsaslı, qalan hissədə əsassızdır. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin izahatından, işçiyə son haqq-hesab üzrə ödənişlər barədə xx.xx.2020-ci il tarixli maliyyə arayışından aydın olur ki, işdənçıxma müavinəti düzgün hesablansa da, sonuncu iş ili üçün ödənilməli məzuniyyət günləri (15) bir təqvim günü az (14) hesablanmışdır. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, əmək müqaviləsində işçinin iş yerinin dənizdə olması nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi göstərilən hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140.2-ci maddəsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Həmin Məcəllənin 140.4-cü maddəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Beləliklə, iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 1 (bir) təqvim günü üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablanaraq ödənilməsi vəzifəsi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1977/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1977/2020
15.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver