Məhkəmə qərarları › İş №2(002)-2080/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2080/2024

07.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2080/2024 07.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə Şamaxı rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X4 onun anasıdır. X1 xx.xx.1957-ci ildə Şamaxı rayonunda doğulmuş, onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. xx.xx.2024cü il tarixdə anasının vəziyyəti ağırlaşmış və həkim çağırmışlar. Həkim gələnə kimi anası vəfat etmişdir. Anasını el adəti ilə Şamaxı rayonu, Məlhəm kənd qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmiş, ölüm haqqında tibbi şəhadətnamə almamışdır. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, həmin sənədin verilməsi mümkün olmamışdır. Hazırda anasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o mərhumə X4 ilə qonşu olmuşdur. Mərhumə xx.xx.2024-cü ildə onkoloji xəstəlikdən vəfat etmiş, Şamaxı rayonu, Məlhəm kəndində dəfn olunmuşdur. Mərhumənin yas mərasimində iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 22 may 2024-cü il tarixli, 3-16-5/7-15-726/2024 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat edən X2 ölümünün qeydə alınması barədə ərizəyə baxılmış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun ölümünün qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 13 saylı, 22 may 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1957ci ildə Şamaxı rayonu, Məlhəm kəndində doğulmuş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində vəfat etmiş X4 3 nömrəli BŞX İİ şöbədə qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-75-40/2-87/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhumə X4 xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kənd qəbirstanlığında kənd əhalisinin iştirakı ilə dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X3 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 2 ünvanında yaşayan X2 adına çağırış olmuş, həkim gələnə kimi qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1957-ci ildə Şamaxı rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunduğundan, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci ildə Şamaxı rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar