Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-213/2024 15.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək toy vaxtı ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarından çəkisi 6 qram olan, 585 əyarlı Türkiyə istehsalı bir cüt sırğa və çəkisi 6 qram olan, 585 əyarlı Türkiyə istehsalı olan bilərziyin və ya oların dəyəri cəmi 1500 manat pulun və valideynləri tərəfindən borc olaraq verilmiş 4000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 27 fevral 2019-cu il tarixdə rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurmuş və sonuncunun yaşadığı X1 evə gəlin köçmüşdur. Onun cavabdeh ilə birgə nikahından 13.04. 2010-ci il tarixdə Ruqiyyə, xx.xx.2021-ci il tarixdə Melisa adlı uşaqları doğulmuşdur. Bir müddət sonra cavabdehlərlə birlikdə Qaradağ rayonunda yerləşən "Qobu Park-3" məcburi köçkün qəsəbəsinə köçmüşlər, ona məxsus cehiz əmlaklarını həmin evdə yerləşdirmişdir və həmin əmlaklar bu gün də həmin evdədir. Yaranmış ailə münaqişəsi nəticəsində nikahı pozulmuşdur və o evdən getməyə məcbur qalmışdır. Toy vaxtı ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarından çəkisi 6 qram olan, 585 əyarlı Türkiyə istehsalı, qiyməti 750 manat olan bir cüt sırğa və çəkisi 6 qram olan, 585 əyarlı Türkiyə istehsalı, qiyməti 750 manat olan bilərzik cavabdeh tərəfindən iradəmə zidd olaraq o evdə olmadığı vaxt satılmışdır. Həmçinin Cavabdeh onu məcbur edərək maşın almaq adı ilə valideynlərindən 4000 manat borc pul aldırmışdır. Hazırda həmin pul vəsaitini tələb etsə də, cavabdeh pulu xərclədiyini və qaytarmayacağını bildirir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
3. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2, 442,739.1-ci maddələrinə, istinad etmişdir. İddia tələbinə etiraz
4. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
5. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarış əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə rəsmi nikahı pozulduğundan sonra evdən gedərkən özünə məxsus bütün cehiz əşyalarını o cümlədən qızıl-zinət əşyalarını özüylə götürüb getmişdir. O heç bir borc pul götürməmişdir. İddiaçı valideynlərinin maddi durumu heç vaxt qənaətbəxş olmamışdır. Maddi imkanları zəif insanların ona 4000 manat borc pul verməsi heç bir məntiqə uyğun deyil. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
6. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, cavabdeh keçmiş həyat yoldaşıdır, onunla birgə nikahından iki qızı doğulmuşdur. Cavabdeh ilə ailə quran zaman ilk üç ay yataqxanada yaşamışlar, sonra 2020-ci ilin avqust ayında məcburi köçkünlərin istifadəsinə verilmiş Qobu- Park yaşayış binasına köçmüş, qızıllarını da oraya aparmışlar. İddia tələbində göstərilən qızılzinyət əşyalarının fotoşəkilləri vardır, eyni zamanda cavabdeh özü və şahidlər də həmin qızılların ona toy zamanı hədiyyə edildiyini məhkəməyə bildirirlər. Uşağın doğulması ilə bağlı xəstəxanada olarkən cavabdeh ona zəng edərək pul istəmiş, o, özünün və valideynlərinin pulunun olmadığı, pul verə bilməyəcəyini demiş, bu zaman Anar da ona qızılları satacağını demişdir. Bundan sonra evə qayıdanda o, qızıllarından bir cüt sırğasının və bilərziyinin yerində olmadığını və cavabdeh tərəfindən satıldığını görmüşdür. Bu səbəbdən, bütün qızıllarını deyil, məhz sırğa və bilərziyinin və ya onların dəyərinin cavabdeh tərəfindən qaytarılmasını xahiş edir. Cavabdehin həmin qızılları satacağı barədə sübutu əvvəlki telefonda olmuşdur. Həmin telefonu isə xarab olduğundan bununla bağlı səs yazısını təqdim edə bilmir. Lakin cavabdehin onun valideynlərindən 3000 manat pul tələb etməsi barədə səs yazısı işə əlavə edilmişdir. Belə ki, keçmiş həyat yoldaşı Anar onun valideynlərinin evinə qonaq gəlmiş, onlar oturarkən maşın almaqla bağlı arzusunun olduğunu, bu məqsədlə ona pul lazım olduğunu bildirmiş, atası Yaşar da cavabdehə 3000 manat pul borc vermişdir. Bundan başqa, ailə quran zaman toy mərasiminin keçirilməsi məqsədilə onun ailəsi cavabdehin ailəsinə 3000 manat borc vermiş, cavabdehin ailəsi tərəfindən həmin pulun 2000 manatı qaytarılmış, 1000 manatı isə qaytarılmamışdır. Odur ki, həmin pulun da qaytarılmasını yəni cəmi 4000 manat pulun cavabdehdən ona qaytarılmasını xahiş edir. Etirazdə göstərilənlər həqiqəti əks etdirmir, belə ki, cavabdeh tərəfindən satdığı qızılların pulu və 4000 manat pul ailənin ümumi məsrəflərinə xərclənməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
8. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, tərəflər 27 fevral 2019-cu ildə ailə həyatı qurublar, iddiaçı cavabdehin yaşadığı “Politexnik İnstitut”unun yataqxanasına gəlin köçüb, tərəflərin birgə nikahından iki uşağı doğulmuşdur. Bir müddət sonra iddiaçı cavabdehlə birlikdə Qaradağ rayonunda yerləşən “Qobu Park-3” məcburi köçkün qəsəbəsinə köçüb. O, özünə məxsus cehiz əşyalarını həmin evdə yerləşdirmiş, iddiaçı həmin əşyaların bir qismini ağır yüklü əşyaları götürmüş, bir qismi isə həmin evdə qalmışdır. Tərəflərin nikahı pozulub, cavabdeh iddiaçının ailəsindən 3000 manat borc alıb, həmin borcdan 2000 manatı qaytarıb, lakin avtomobil almaq üçün yenidən 3000 manat borc alıb, onun sırğa və bilərziklə yanaşı iddiaçıya 4000 manat borcu var. iddiaçı cavabdehə 3000 manat borc və toydan qalan 1000 manat pul vəsaiti verib və bununla bağlı səs yazıları vardır. Götürülən pullar borc olaraq götürülmüş və ailənin ümumi xərclərinə sərf edilməmişdir.
9. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddiaçının atasıdır. Cavabdeh onun keçmiş kürəkəni olmuşdur. Cavabdeh qızı ilə evli olduqları müddət ərzində tez-tez onlardan pul istəmişdir. Sonuncu dəfə ona məxsus evdə o özü, yoldaşı Kifayət, qızı Yasəmən və Cavabdeh oturarkən cavabdeh yeni aldığı sürücülük vəsiqəsini göstərərək maşın almaq fikrinin olduğunu, bu məqsədlə borc istədiyini bildirmiş, o da çıxarıb ona 3000 manat borc pul vermişdir. Cavabdeh hər gün qızı Yasəməndən pul istəyərək onu bezdirirdi. Bundan başqa bildirir ki, həyat yoldaşı cavabdehin anasına toy olması üçün 3000 manat vermiş, həmin pulun 2000 manatı qaytarılmış, 1000 manat borcu isə qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir.
10. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, iddiaçı keçmiş həyat yoldaşıdır, iddiaçı ilə evləndikdən sonra ilk olaraq onunla yataqxanada yaşamış, daha sonra Qaradağ rayonunda yerləşən “Qobu Park-3” məcburi köçkün qəsəbəsinə köçmüşlər. İddiaçı cehiz əşyalarını həmin evə gətirmişdi, evli olduğu zaman iddiaçı çox vaxt anasının evində yaşamış, amma evdən gedən zaman bütün cehiz əşyalarını aparmışdır. Qızıl əşyalarını aldıqları barədə xəbəri var inkar etmir, lakin iddiaçının evdə heç bir cehiz əşyası qalmamışdır. Qızıl əşyalarının qiymətini bilmir, qızılların tələbdə göstərilən qiymətini qəbul edir, hətta o məbləğdən artıq qızıl alınmışdır. Lakin həmin qızıl əşyaları iddiaçının nəzarətində olmuş, evdən gedəndə də qızılları güman edir ki, iddiaçı götürmüşdür. Qızıl əşyalarını o satmamışdır, ümumiyyətlə qızılların harda olmasından onun xəbəri yoxdur. Hazırda Qobu-Park yaşayış kompleksindəki evdə iddiaçıya məxsus, iddia tələbindən göstərilən heç bir qızıl əşyası yoxdur. Qızıllar onda deyildir. İddiaçı ilə ayrılan zaman hər hansı dava olmamış, iddiaçını evdən qovmamış, iddiaçı özünə məxsus cehiz əşyalarını normal şəkildə evdən çıxarmışdır. Cehizləri götürdüyünü iddiaçının özü də etiraf edir. İddiaçının ailəsi tərəfindən pul verilməsi ilə bağlı qeyd edir ki, 3000 manat ona pul verilməmiş, qızına verilmişdir, o da ailənin ümumi xərclərinə sərf edilmişdir. O iddiaçının atasından pul götürməmişdir. Eləcə də avtomobil almamışdır, avtomobili yoxdur. Cavabdeh əmək haqqısının 345 manat olduğunu, hər ay 400 manat aliment ödədiyini, maddi vəziyyətinin çox aşağı olduğunu, anasının onkoloji xəstə, özünün şəkər xəstəsi olduğunu, tələbdə qeyd edilən qızıl əşyalarından xəbəri olmadığını, pul məbləğlərini götürmədiyini qeyd edərək iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Prosesin digər iştirakçılarının ifadələri
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək iddiaçının anası olduğunu, həyat yoldaşının avtomobil almaq üçün cavabdehə 3000 manat verdiyini, əlavə olaraq 1000 manat da cavabdehin anasına toy olması üçün verdiklərini, cavabdehin avtomobil alıb-almadığını bilmədiyini, cavabdeh onlara tez-tez sürücülük vəsiqəsini göstərərək maşın almağa ehtiyacı olduğunu bildirdiyini, yoldaşı Yaşarın da 3000 manat pulu cavabdehin təkidi nəticəsində verdiyini bildirdi.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək iddiaçının xalası olduğunu bildirmiş və qeyd etmişdir ki, iddiaçıların cavabdehə toy edilən zaman 3000 manat pul verdiyi haqda iddiaçının bacısı Kifayət ona məlumat vermişdir. Sonradan eşitmişdir ki, cavabdeh tərəf həmin pulun 2000 manatını qaytarıb, 1000 manatı qalmış, eyni zamanda cavabdeh qızılları satacağı barədə iddiaçını xəbərdarlıq edib pul istəmişdir. Pulun verilməsini gözü ilə görməmiş, lakin Kifayətdən və Yasəməndən eşitmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
15. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
16. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
17. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
22. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
25. İşin faktiki hallarından görünür ki, tərəflər keçmiş ər-arvaddırlar. İddia tələbi bir cüt sırğa və bilərzikdən ibarət qızıl-zinyət əşyalarının və 4000 manat pulun qaytarılmasından ibarətdir.
26. İddia tələbinin qızıl-zinyət əşyaları ilə bağlı birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır.
27. Ona görə də, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
28. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
29. Həmçinin, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
30. Sadalanan hüquq normalarına görə, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir.
31. Bu baxımdan, birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir.
32. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının müvafiq hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq ilk növbədə müəyyən edir ki, iddia ərizəsində göstərilən qızıl-zinyət əşyalarının yəni çəkisi 6 qram 585 əyarlı Türkiyə istehsalı bir cüt sırğa və çəkisi 6 qram, 585 əyarlı Türkiyə istehsalı bilərziyin mövcud olması və iddiaçıya məxsus olması faktı işə əlavə edilmiş toy şəkillərindən və cavabdeh tərəfin həmin qızılların iddiaçıya toy zamanı hədiyyə edilməsini etiraf etməsi ilə təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normanın “tələbdə göstərilən qızıl-zinyət əşyalarının mövcud olması və iddiaçıya hədiyyə edilməklə onun mülkiyyəti sayılması (Mülki Məcəllə 225.2, Ailə Məcəlləsi 34.1)” ilə bağlı dispozisiya şərti hazırkı işin halları ilə təsdiq edilmişdir.
33. Məhkəmə qeyd edilən qızıl-zinyət əşyalarının faktiki olaraq cavabdehin sahibliyində olması bu sahibliyin qanunsuz xarakter daşıması ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehlə birgə nikah dövründə yaşadıqları evdən (Qobu-Park yaşayış kopleksində) gedərkən aralarında hər hansı münaqişə yaşanmadığını, iddiaçının evdən qovulma halının baş vermədiyini, iddiaçının evi tərk edən zaman səhhətində problem olmadığını, mübahisəli evi təcili tərk etmədiyini və özünə məxsus əmlakları özü ilə aparması imkanının olmasını, eyni zamanda bir cüt sırğa və bilərziyin cavabdeh tərəfindən satılması və şəxsi ehtiyaclarına xərclənməsi ilə bağlı iddianın dəlillərinə dair hər hansı sübutun təqdim edilməməsini bə ya cavabdeh tərəfindən həmin halın etiraf edilməməsini nəzərə alaraq hesab edir ki, iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
34. Məhkəmə iddia tələbinin 4000 manat pulun qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin pulun 3000 manatının atası tərəfindən cavabdehə borc olaraq verildiyini, 1000 manatının isə toy mərasiminin keçirilməsi ilə əlaqədar verilən puldan qalan borc olduğunu bildirir və sübut qismində cavabdehə məxsus səs yazısı və şahid ifadələrinə istinad edir. Məhkəmə bu sübutları iş materialları ilə birlikdə qiymətləndirərək aşağıdakıları qeyd edir.
35. Tələbin 1000 manat hissəsilə bağlı yeganə sübut şahidlərin ifadəsidir. Məhkəmə həmin şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, Şahid1 iddiaçının xalası olmaqla 1000 manatın pulun toy mərasiminin keçirilməsi üçün cavabdeh tərəfə verilməsini eşitdiyi barədə ifadə verərək həmin pulun verilməsinin birbaşa şahidi olmadığından, Şahid2 isə iddiaçının anası olmasını nəzərə almaqla məhkəmə həmin ifadələri mötəbər sübut kimi qəbul etmir.
36. Tələbin 3000 manat hissəsilə bağlı sübut kimi iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan, “WhatsApp” sosial platforması vasitəsilə əldə edilmiş, Cavabdeh məxsus səs yazısında “anan 3000 manat pul verdi, Melisa üçün borc götürmüşdüm, ondan 1000 manatını yiyəsinə qaytardım, yerdə qaldı 2000 manat, sosialı da bağlatdırdınız, orda da elə 3000 manatdan çox pul idi. Nəyin pulunu verim, cibimdəki 10 qəpiyi verim? Gedin məhkəməyə ərizə verin, aliment nədir onu verəcəm” səsləndirilir. Eyni zamanda iddiaçının nümayəndəsi Yaşar Cəfərov izahat verərək cavabdehə 3000 manat pulu borc olaraq verdiyini bildirmişdir.
37. Məhkəmə həmin səs yazısına hüquqi qiymət verərək qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarındakı mövqe nəzərə alınmaqla «Whatsapp» yazışmaları, səs yazıları birbaşa hüquqi mübahisənin tərəfləri (iddiaçı və cavabdeh) arasında və mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir.
38. Lakin məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi (atası) Yaşar Cəfərovun, iddiaçının özü və vəkilinin izahatları, eləcə də cavabdehə məxsus səs yazısından aydın olduğu kimi həmin borc məbləği cavabdehə iddiaçı tərəfindən deyil, iddiaçının valideyni tərəfindən verilmişdir.
39. Belə olan halda, məhkəmə tələbin 4000 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdıraraq qeyd edir ki, yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
40. Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Göstərilənlərə əssən məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, təmin edilə bilməz. Həmin hissədə iddiaçının subyektiv hüququnun olmadığından onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apellyasiya şikayətinin təmin olunması mümkün deyildir. Nəticə
43. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları və borcun qaytarılması» barədə iddia tələbi rədd edilməlidir.
44. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı toy vaxtı ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarından çəkisi 6 qram olan, 585 əyarlı Türkiyə istehsalı, bir cüt sırğa və çəkisi 6 qram olan, 585 əyarlı Türkiyə istehsalı olan bilərziyin və ya oların dəyəri olaraq cəmi 1500 manat pulun və valideynləri tərəfindən borc olaraq verilmiş 4000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova