Məhkəmə qərarları › İş №2(002)-2148/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2148/2025

08.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2148/2025 08.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs1 qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs1 qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı 13 saylı Mediasiya Təşkilatında 11 mart 2025-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, birinci tərəf qismində Ərizəçi ikinci tərəf qismində Maraqlı şəxs1 ilə birlikdə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədənkənar həll edilməsi üçün Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Müraciətləri əsasında MŞB/13/2025-00286 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı Maraqlı şəxs1 ilə aliment barədə razılaşmaları olmuş və bu barədə barışıq sazişi imzalanmışdır. Lakin barışıq sazişinin təsdiq olunmasına baxmayaraq, maraqlı şəxs barışıq sazişinin tələblərini yerinə yetirməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5, 355- 25.2-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs1 arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış 11 mart 2025-ci il tarixli barışıq sazişinə əsasən aşağıdakı şərtlərlə tərəflər arasında barışıq sazişi bağlanmışdır: “1. 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs1 qeyd olunan məzmunda razılığa gəldilər: Razılığa əsasən 2-ci tərəf Maraqlı şəxs1 birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aprel ayından başlayaraq hər ay hər uşağa 350 (üç yüz əlli) manat, ümumi 700 (yeddi yüz) manat sabit pul məbləğində alimenti 1-ci tərəf Ərizəçi ödəyir.” İş materiallarında olan AZ-İİİ seriyalı, 332566 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, Əliyev Əlinin atası Maraqlı şəxs1, anası Ərizəçidır. İş materiallarında olan AZ-İİİ seriyalı, 682358 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Əliyeva Aylinin atası Maraqlı şəxs1, anası Ərizəçidır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi ilə alimentlə bağlı məsələ qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-23 – 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bakı 13 saylı X1 Əntiqə Kərim qızı ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi təsdiq edilsin: xx.xx.2014-cü təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Maraqlı şəxs1 hər ay hər uşaq üçün 350 (üç yüz əlli) manat, ümumilikdə 700 (yeddi yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar