Məhkəmə qərarları › İş №2(002)-2152/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2152/2021

14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2152/2021 14.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04.07.1959-cu ildə Lənkəran rayonunun Nərimanabad kəndində doğulmuş X3 09 yanvar 2003-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun həyat yoldaşı olmaqla, 04.07.1959-cu il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuşdur. Həyat yoldaşı Qəhrəman Tunis Respublikasına məxsus şirkətlərin birində “AMİRA-1” gəmisində gəmi mexaniki vəzifəsində işləmişdir. Həyat yoldaşı Qəhrəman növbəti tapşırığı yerinə yetirərkən 09 yanvar 2003-cü il tarixdə Ukrayna sahillərində “AMİRA-1” gəmisinin batması nəticəsində Qəhrəman digər işçilərlə birlikdə dəniz sullarında batmışlar, həmin vaxtı dənizdə cəsədi axtarılsa da, yoldaşının meyitini tapmaq mümkün olmamışdır. Artıq 09 yanvar 2003-cü il tarixdən keçən müddət ərzində yoldaşının cəsədi dənizdə tapılmamış və artıq onun ölməsi tam aydınlığı ilə müəyyən edilmişdir.. Bu barədə Tunis Respublikası Daxili İşlər Nazirliyi və X13 Çatdırılması İdarəsi, Tunis vilayəti Zəllac bələdiyyəsinin Mülki hallar üzrə Reyestr kitabçasından Ölüm haqqında N ******* nömrəli arayış verilmişdir. Aidiyyəti orqanlara müracciət etsələr də hazırkı vaxta kimi nəticə əldə edilməmişdir. Göründüyü kimi yoldaşının bədbəxt hadisə zamanı həlak olması aydın olmaqla onun xəbərsiz itkin düşməsindən altı aydan artıq müddət keçmişdir. Yoldaşına ölüm şəhadətnaməsi almaq üçün qeydiyyat şöbəsinə müraciət etsə də, onun meyidi tapılmadığına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də yoldaşının ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, ona həmin halın müəyyən edilməsi bir sıra hüququ sənədlərin rəsmiləşdirilməsi üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, yoldaşının həmin gəmidə işləməsini təsdiq edən sənədlər də yoldaşının özündə idi,gəmi Tunis gəmisi idi və türklər işlədirdi, qəza zamanı gəmidə olan bütün insanlar ölmüşdür. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə proseslərini nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qapı bir qonşudurlar. Həyat yoldaşı dənizdə işləyirdi, gec-gec gəlirdi. Təxminən 20 il əvvəl idi, eşitdi ki, gəmi batıb və Rəhimov Qəhrəman bütün gəmi heyəti ilə birgə ölmüşdür. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qonşudurlar, vəfat edən şəxsi də tanıyırdı,hadisə 2003-cü ildə olmuşdur.Gəmidə işləyirdi, tez-tez gedib gəlirdi amma 2003-cü ildən sonra onu görməmişlər,həmi vaxtlar eşitmişdilər ki, gəmi batıb,gəmidə olan bütün insanlar ölmüşdür. X2 məhkəmə iclasında ifadə verərək bildirmiş və təsdiq etmişdir ki, ərizəçinin həyat yoldaşı dənizdə işləyirdi. 2003-cü ildən sonra onu görməmişlər,həmi vaxtlar eşitmişdilər ki, gəmi batıb,gəmidə olan bütün insanlar ölmüşdür. Belə ki, iş materiallarına əlavə olunmuş V-ЖГ seriyalı 353328 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, şəxsin ölmüş elan edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır.Belə ki, X5 ilə Şükürova Təzəgül Şükür qızı arasında nikah 05.06.1991-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində 29 saylı akt ilə qeyd alınmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 04.06.2021-ci il tarixli 05/Q-826/15 saylı məktubundan görünür ki, ərizəçi ölüm haqqında tibb müəssisəsinin müvafiq sənədini təqdim etmədiyinə görə mərhumun adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X7, X8 və X6 tərəfindən tərtib edilmiş aktdan da görünür ki, X5 09 yanvar 2003-cü ildə Qara dənizdə AMİRA-1 gəmisinin batması nəticəsində vəfat etmiş və bu akt tərtib edilənlər tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14.09.2021-ci il tarixli AR DİN Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin sorğuya cavab məktubundan da görünür ki, 04.07.1959-cu il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş X5 barəsində Qaradağ RPİ-də cinayət işi və yaxud təqsirləndirici material yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 10.08.2021-ci il tarixli 33/2769 saylı cavab məktubundan görünür ki, X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş Tunis Respublikası Daxili İşlər Nazirliyi və X13 Çatdırılması İdarəsi, Tunis vilayəti Zəllac bələdiyyəsinin Mülki hallar üzrə Reyestr kitabçasından Ölüm haqqında N ******* nömrəli arayışdan da görünür ki, Tunis İbtidai Məhkəməsi tərəfindən 04.07.1959-cu il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş X5 09.01.2021-ci il tarixdə Ukrayna sahillərində ölmüş hesab edilmişdir. İş materiallarına əlavə edilmiş, internet xəbər saytlarından çıxarışdan görünür ki, həmin məlumatlarda “AMİRA-1” gəmisinin batdığı və 24 nəfərin itkin olduğu bildirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4.-cü maddəsinə əsasən 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra həkimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçinin həyat yoldaşı X5 ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyündən və ondan 18 il çüddət ərzində xəbər çıxmadığından ərizə təmin edilməli,04.07.1959-cu il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmalıdır.X3 şəxsin həlakının güman edildiyi gün olduğundan ölüm günü 09 yanvar 2003-cü il, ölüm yeri isə Ukrayna Respublikası hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 33, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.07.1959-cu il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş X5 ölmüş elan edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.4-cü maddəsinə əsasən X3 ölüm günü 09 yanvar 2003-cü il hesab edilsin. X3 ölüm yeri Ukrayna Respublikası hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar