Məhkəmə qərarları › İş №2(002)-2180/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2180/2023

17.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2180/2023 17.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 15 mart 1958-ci ildə Ermənistan Respublikasında doğulmuş X3 18 may 2023-cü il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin atasıdır. X1 xx.xx.1958-ci ildə Ermənistan Respublikasında doğulmuş və onunla birlikdə yaşamışdır. 18 may 2023-cü il tarixdə atasının vəziyyəti ağırlaşdığına görə həkimə aparmışlar. Atası artıq yolda vəfat etmişdir. Onu el adəti ilə Binəqədi qəsəbəsi, Vulkan qəbirstanlığında dəfn etsələr də, həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxtı başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımı orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinikaya müraciət etsə də atasına ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda X1nun müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində qeyd etmişdir ki, o ərizəçinin qonşudur. Mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum Binəqədi qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində qeyd etmişdir ki, o ərizəçinin qonşudur. Mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum Binəqədi qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-1107/2023 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Bakı Baş Səhiyyə Mərkəzi” X12 Qaradağ rayonu 13 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 269 nömrəli məktubdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 13 nömrəli Şəhər Poliklinikası tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina edilmişdir. İş materiallarında olan Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi 19 may 2023-cü il tarixində Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Vulkan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X5 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, 17/2, KYS (ambulator) ünvanına X3 adına çağırış olmuş, həkim gələnə kimi kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 15 mart 1958ci ildə Ermənistan Respublikasında doğulmuş X6 18 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 mart 1958-ci ildə Ermənistan Respublikasında doğulmuş X6 18 may 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar