Məhkəmə qərarları › İş №2(002)-2202/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2202/2022

18.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2202/2022 18.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Ə.Gülbabayev küçəsi C saylı evin 127 saylı mənzilindən ona məxsus və ümumi dəyəri 2.070 manat olan «Polo» künc divanı (2 yerli), transformer; «Dəniz» dəhliz dolabı; həmçinin dəyəri 894 manat olan «iPhone X 64» markalı mobil cihazı; ümumi dəyəri 700 manat olan «LG» markalı televizorunun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə bir il 2 ay müddətində birgə təsərrüfat aparmış və sonuncunun yaşadığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Ə.Gülbabayev küçəsi C saylı evin 127 saylı mənzilində yaşamışlar. Birgə yaşadıqları vaxt o, «Nur həyat» mebel dükanından ümumi dəyəri 2.070 manatlıq mebeli kreditə götürmüşdür. 2 yerli «Polo» künc divanını 1.500 manata, transformeri 250 manata, «Dəniz» dəhliz dolabını 320 manata almışdır. Həmçinin, cavabdehin mənzilinə 700 manat dəyərindən olan «LG» markalı televizoru hissə-hissə ödəniş əsasında almış və həmin mənzilə gətirmişdir. Həmçinin cavabdehin qızına dəyəri 894 manat olan «iPhone X 64» markalı mobil cihazı alaraq istifadəsi üçün vermişdir. Hazırda münasibətləri gərgindir, cavabdehə məxsus mənzili tərk edən zaman yuxarıda qeyd olunan şəxsi əşyalarını götürməyə şərait yaradılmamışdır. Onun əşyaları cavabdeh tərəfindən qanunsuz olaraq özündə saxlanılır və geri qayarmır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və iddia ərizəsinin verilməsi üçün 67 manat dövlət rüsumu ödəmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi məhkəməyə təqdim edilmiş «Nur Həyat» mebel və məişət avadanlıqları Mağazasının 30 iyun 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 18 may 2021-ci il tarixdə həmin mağazadan 2.070 manat dəyərində əşyaları 15 ay müddətinə nisyə almışdır. «Polo» künc divanı 2 yerli - 1.500 manat dəyərində, transformer - 250 manat dəyərində, «Dəniz» dəhliz dolabı - 320 manat dəyərində olmaqla, Cavabdeh məxsus ünvan 1 ünvana çatdırılmışdır. Göründüyü kimi, iddia 1.500 manat dəyərində «Polo» künc divanı 2 yerli, 250 manat dəyərində transformer, 320 manat dəyərində «Dəniz» dəhliz dolabına dair hissədə əsaslıdır. Belə ki, qeyd olunan əşyaların iddiaçı tərəfindən alınması və cavabdehin yaşadığı ünvana çatdırılması, orada olması mötəbər sübutla təsdiq olunur. Bu səbəbdən, məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz sahibliyində olan 1.500 manat dəyərində «Polo» künc divanı 2 yerli, 250 manat dəyərində transformer, 320 manat dəyərində «Dəniz» dəhliz dolabı həmin əşyaların sahibi olan İddiaçı qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəyəri 894 manat olan «iPhone X 64» markalı mobil cihazın və dəyəri 700 manat olan «LG» markalı televizorun Cavabdeh və onun ailə üzvünə verilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 67 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «Polo» künc divanı 2 yerli - 1.500 manat dəyərində, transformer - 250 manat dəyərində, «Dəniz» dəhliz dolabı - 320 manat dəyərində olmaqla Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Ödənilmiş 67 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «Polo» künc divanı 2 yerli - 1.500 manat dəyərində, transformer 250 manat dəyərində, «Dəniz» dəhliz dolabı 320 manat dəyərində olmaqla Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş 67 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar