Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-256/2025 19.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət və cehiz əşyalarının dəyərinin alınması, avtomobilin qaytarılması, kompensasiya ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət və cehiz əşyalarının dəyərinin alınması, avtomobilin qaytarılması, kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ona aid mənimsədiyi, atası evindən cehiz gətirdiyi, iddia ərizəsində göstərilən 59 adda, 21.835 manat (cehiz əşyalar 16.715 manat dəyərində, qızıl-zinət əşyaları 5.120 manat dəyərində, cəmi 21.835 manat) məbləğdə əmlakların dəyərinin ona ödənilməsi öhdəliyinin qoyulması; Cavabdeh üzərinə onun birgə nikah dövründə ailəsinin maliyyəsi hesabına xx.xx.2017-ci il tarixdə 30.000 manata aldıqları «Ssang Yong» markalı ** EU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ona qaytarılması öhdəliyinin qoyulması; Cavabdeh üzərinə vəfat etmiş həyat yoldaşı X3 mülkiyyətində olmuş, onun 1990-cı illərdən qeydiyyatda olduğu ünvan 1 ünvandakı fərdi yaşayış evindən və evin ətrafındakı 0,07174 ha torpaq sahəsindən ona 25.000 manat miqdarında kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, may 1994-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 17 il faktiki nikahla, 9 il – 10 yanvar 2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X12 ilə qanuni nikah qurmuşlar, birgə ailə təsərrüfatı idarə edərək yaşamışlar. Həyat yoldaşı X12 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra onun 1ci xanımından doğulmuş oğlu, Cavabdeh həyat yoldaşının qırx mərasiminin əvvəlki günü onu kimsəsiz görüb, təhqir etməklə və ona qarşı zor tətbiq etməklə yaşadığı evdən öldürməklə hədə-qorxu gələrək qovmuş və ona bildirmişdir ki, «bir də bu tərəflərə ayağın dəysə, səni öldürəcəyəm». Evində işlədiyi yerdə onu tutmuş və heç imkan verməmişdir ki, nə paltarlarını, nə də qızıl-zinət əşyalarını götürsün. Onu qışın günü ev paltarında evdən qovmuşdur. Cavabdeh onun cehiz gətirdiyi məişət əşyalarını, onun şəxsi istifadəsində olan qızıl-zinət əşyalarını, 27 il ərzində birgə nikah dövründə sahib olduqları əmlaklarını əlindən alaraq onu evdən təhqir edərək və hədə-qorxu gəlməklə çıxarmışdır. Cavabdeh özünü dəli kimi aparır, nə dövləti tanıyır, nə də ki, dövlətin qanununu. Onun heç kimi yoxdur, 27 il ərzində onu yaşadığı evdən bir anlığa qovmuşdur. Cehiz gətirdiyi ev əşyaları, qızıl-zinət əşyaları və birgə nikah dövründə həyat yoldaşı ilə nə əldə etmişdilərsə, hamısını Cavabdeh əlindən alıb, onu evindən qovmuşdur. Bildirir ki, vəfat etmiş həyat yoldaşının iki yerdə fərdi yaşayış evinin olmasına baxmayaraq, 27 il ərzində birgə topladıqları əmlakı və iki ünvandakı evlərindən onu qovmuşdur. Hazırda yaşamağa yeri yoxdur, işlədiyi yerdə gecələyir, heç bir əmlakı yoxdur, 63 yaşlı tənha qadındır, övladı da yoxdur ki, ona köməklik etsin. Vəfat etmiş həyat yoldaşı X3 xüsusi mülkiyyətində olan, onun qeydiyyatda olduğu ünvan 2 ünvanda 0,07174 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində ona yaşamağa icazə vermirlər, yaxud həmin fərdi yaşayış evindən və torpaq sahəsindən ona pay vermirlər. Vəfat etmiş həyat yoldaşı X12 ilə birgə təsərrüfat quraraq yaşadıqları 27 il ərzində həyat yoldaşının mülkiyyətində iki ədəd fərdi yaşayış evi olsa da, Cavabdeh hamısını mənimsəyib, hazırda onun isə gecələməyə yeri yoxdur. Vəfat etmiş həyat yoldaşı X12 ilə birgə nikah dövründə ailələrinin büdcəsi hesabına xx.xx.2017-ci il tarixdə 30.000 manata aldıqları «Ssang Yong» markalı ** EU *** dövlət qeydiyyat nişanlı minik avtomobilini qanunsuz yollarla Cavabdeh öz sahibliyinə keçirmişdir. Birgə nikah dövründə 27 il ərzində aldıqları əmlaklar cavabdeh tərəfindən yoxa çıxarılıb. Cavabdeh ona aid mənimsədiyi, onun atası evindən cehiz gətirdiyi əmlakların siyahısı qiymətləri ilə aşağıda göstərilmişdir: 1) 21 qramlıq qızıl qolbağı – 700 manat; 2) 35 qramlıq qızıl boyunbağı – 2.500 manat; 3) 15 qramlıq qızıl sırğa – 450 manat; 4) 10 qramlıq qızıl üzük – 290 manat; 5) 25 qramlıq qızıl ələm (əl şəkilli) – 980 manat; 6) 2 dəst gümüş dəst – 200 manat; Cəmi: 5.120 manat. Gəlin köçərkən həyat yoldaşı vəfat etmiş X8 təhvil verilən, ata evindən aparılan cehiz əşyalarının siyahısı: 1) 1 ədəd mis samovar – 70 manat; 2) 1 ədəd mis səhəng – 50 manat; 3) 1 ədəd mis qazan – 60 manat; 4) 1 ədəd çörək bişirmək üçün soba – 100 manat; 5) 1 ədəd sac – 25 manat; 6) 1 ədəd manqal – 50 manat; 7) 1 ədəd zakat maşını – 10 manat; 8) 3 ədəd elektrik masaj aparatı – 105 manat; 9) 4 dəst tefal qazanlar – 150, 140, 135, 200 manat olmaqla, cəmi 652 manat; 10) 1 dəst şəffaf qazan – 80 manat; 11) 1 dəst şirəli qazan – 120 manat; 12) 6 ədəd ləyən – 100 manat; 13) 6 ədəd məcməyi – 30 manat; 14) 3 ədəd çay termosu – 60 manat; 15) 2 dəst yemək termosu – 40 manat; 16) 1 ədəd gümüş çəzvə – 15 manat; 17) 1 ədəd kofe aparatı – 50 manat; 18) 1 ədəd şirə çəkən aparat – 85 manat; 19) Mebel yataq dəsti – 2.500 manat; 20) Mətbəx mebeli dəsti – 1.050 manat; 21) 2 dəst masa-mizlər – 800 manat; 22) Divan-kreslo 1 dəst – 1.200 manat; 23) 2 ədəd kreslo – 200 manat; 24) 2 ədəd jurnal masası – 200 manat; 25) 4 ədəd müxtəlif xalça – 1.600 manat; 26) 2 ədəd kilim – 300 manat; 27) 1 ədəd soyuducu – 800 manat; 28) 1 ədəd tozsoran – 80 manat; 29) Taxt üçün döşək 2 ədəd – 160 manat; 30) Döşək, tək çarpayılıq üçün 6 ədəd – 180 manat; 31) Yorğan 6 ədəd – 180 manat; 32) 10 ədəd yastıq – 200 manat; 33) 6 ədəd qış ədyalı – 180 manat; 34) 6 ədəd yay ədyalı – 90 manat; 35) 6 dəst postel (yeni) – 600 manat; 36) 6 ədəd əl-üz dəsmalı – 60 manat; 37) 6 ədəd hamam dəsmalı – 120 manat; 38) 2 ədəd idman çantası – 60 manat; 39) 3 ədəd səfər çantası – 90 manat; 40) 1 ədəd divar saatı – 45 manat; 41) 1 ədəd masaüstü saat – 110 manat; 42) Büllur güldanlar 2 ədəd – 300, 100 manat olmaqla, cəmi 400 manat; 43) Büllur meyvə qabı 4 ədəd – 240 manat; 44) Büllur konfet qabı 2 ədəd – 300 manat; 45) Büllur stəkanlar 12 ədəd – 240 manat; 46) Bokallar 24 ədəd – 200 manat; 47) Fincanlar – 80 manat; 48) Nəlbəkilər 12 ədəd – 60 manat; 49) Rozetkalar 12 ədəd – 60 manat; 50) Servislər (yemək) 2 dəst – 400, 500 manat olmaqla, cəmi 900 manat; 51) Çay dəsti 2 ədəd – 300 manat; 52) 2 ədəd çamadan gümüş qaşıq-çəngəl dəsti – 360 manat; 53) Çilçıraq 3 ədəd – 800, 120, 175 manat olmaqla, cəmi 1.095 manat, 53 adda əşya, cəmi məbləği 16.715 manat. Qızılzinət əşyaları və cehiz əşyalarının birlikdə qiyməti 21.835 manat (16.715 manat + 5.120 manat = 21.835 manat). Birgə nikah dövründə vəfat etmiş həyat yoldaşı X12 ilə ailələrinin büdcəsi hesabına xx.xx.2017-ci il tarixdə 30.000 manata aldıqları «Ssang Yong» markalı ** EU *** dövlət qeydiyyat nişanlı minik avtomobilini qanunsuz yollarla Cavabdeh öz sahibliyinə keçirmişdir. Hansı ki, həmin avtomobilə xərclənmiş pul vəsaitinin 50 %-i, yəni 1/2 hissəsi onun əmlakı hesab olunur, qalan 1/2 hissəsi, yəni 50 %-i vəfat etmiş şəxsin nikahda olmuş arvadı və onun övladları birinci dərəcəli vərəsələri arasında bərabər bölünməlidir. Amma Cavabdeh özbaşınalıq edərək ailələrinin nə əmlakı varsa, hamısını mənimsəyib, onu isə çölə atmışdır. Cavabdeh əvvəlki vaxtları yadına salmır ki, o, rəhmətlik həyat yoldaşı X8 məxsus bazar kompleksinə (şadlıq evi, marketlər, kolbasa sexi, min cür xırdavat mağazaları və çörək sexinə) rəhbərlik edərkən qazandığı pulları hazırda ona qarşı dələduzluq edən, onu yaşadığı evdən çölə atan cavabdeh Telmana və onun qardaş-bacılarına yedizdirirdi. Vaxtilə bu şəxslərə çörək qazanmaq üçün əldən-ayaqdan çıxırdı və bunlar da onun hörmətini saxlayırdılar. Rəhmətlik əri vəfat etdikdən sonra bunlar ona hörmət yox, düşmənçilik etmişlər. Cavabdeh ailələrinə aid daşınmaz əmlakları əldə etmiş, mənimsəmiş, heç olmasa bu daşınar əmlaklarının ya özünü, ya da pulunu qaytarsın. O, əziyyət çəkib minik avtomobili almışdır ki, bu dələduz mənimsəsin? Atası evindən gətirdiyi cehizləri hansı hesaba götürür? Atası evindən gətirdiyi qızıl-zinət əşyalarını və ona hədiyyə olunan zinət əşyalarını hansı əsasa mənimsəməlidir? Mülki Məcəllənin 1157-ci maddəsində qeyd edilən xərcləri mərhumun həyat yoldaşı kimi şəxsən özü ödəmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının evdə heç bir əşyası qalmayıb. Maşın atasının sağlığında satılıb. İddiaçı qızılzinət əşyalarını da yığıb aparıb. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, yerində baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, şahid X18 ifadəsində bildirdi ki, tərəflərlə qonşudurlar. Şıxbaba rəhmətə gedəndən sonra 3 mərasimini keçirmişlər. Xanım oradan çıxıb getmişdir. Ağ maşın gəlmişdi, dekabr ayının ortaları idi, Dağıstan (RF) nömrəli maşın idi. Sonra xanımı orada görməmişdir. Xanım çantalarını yığıb aparmışdır. Evə daxil olmamışdır, çöldə oturmuşlar. O, çöldə olmuşdur. Demişlər ki, xanım əşyalarını götürüb getdi. Ailənin maddi vəziyyəti ilə bağlı bildirir ki, oğlu İlham xəstələnmiş, digər oğlu tutulmuşdur. Əvvəl imkanları vardı, sonra kasıblamışlar. Məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana yerində baxış keçirilərkən müəyyən edildi ki, evin açarı cavabdehdədir. Evdə heç nə yoxdur. Təmirə ehtiyaxı olan evdir. İddia ərizəsində sadalanan əşyaların heç biri evdə yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli AZ-İ seriyalı 728355 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X2 arasında nikah 10 yanvar 2012-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 12 saylı akt qeydi ilə bağlanmış, arvada Ağayeva soyadı verilmişdir. 21 aprel 2021-ci il tarixli AZ-İİ seriyalı 168606 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 06 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında 21 aprel 2021-ci il tarixdə 313 saylı akt qeydi aparılmışdır. Lökbatan bələdiyyəsinin 08 fevral 2021-ci il tarixli 02/76 saylı arayışından görünür ki, X12 07 dekabr 2020-ci il tarixdə Lökbatan qəbristanlığında dəfn olunmuşdur. Qaradağ RİHB Lökbatan qəsəbə İƏD üzrə nümayəndəliyinin 13 may 2024-cü il tarixli 32 saylı məktubundan görünür ki, İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, gəlini X10 bildirdiyinə əsasən qayınanası İddiaçı adı çəkilən ünvanda yaşamır. X16 məlumat üçün qayınanası İddiaçı hal-hazırda Qusar rayonunda yaşadığını bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 21 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun X3 mülkiyyətində olmuş əmlaklar və əmlakların qiymətləri barədə məlumat verilməsi ilə bağlı müraciətə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4-cü massiv 6 saylı fərdi yaşayış evi X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-374 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi xüsusi mülkiyyətdə olan 0,08924 ha torpaq sahəsindən 0,0175 ha təşkil edən hissə 5.400 manat qarşılığında X4 tərəfindən satın alınmışdır. Məlumat üçün bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin bazar qiyməti haqqında arxiv əsaslarında məlumat aşkar edilməmişdir. X3 adına Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi aşkar edilmiş, lakin eyni şəxsin olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd edilmişdir ki, əmlakın qiyməti ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin 09 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1951-ci il təvəllüdlü X3 adına xx.xx.2017-ci il tarixdə «X23» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X11 adına rəsmiləşdirilmişdir. Nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı məktuba əlavə edilmişdir. X3 adında qeydiyyatda olan nəqliyyat vasitəsinin olmadığı bildirilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qusar rayonu Cibir kənd sakinləri X9 və X1 Hürüzada Həmdulla qızının 1994-cü ildə X8 ərə gedərkən aktda qeyd olunan cehiz əşyalarını, ona məxsus fərdi geyim əşyalarını və qızıl-zinət əşyalarını yük maşını ilə ünvan 3 ünvana aparmışlar və fərdi yaşayış evinin sahibi, İddiaçı həyat yoldaşı X8, qızıl-zinət əşyaları və fərdi geyim əşyalarını isə İddiaçı vermişlər. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(002)- 176/2022 saylı qətnaməsində qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin iş üzrə nə iddia ərizəsində, nə də izahatında cehiz və qızıl-zinət əşyalarının evdə qalmasına, cavabdeh tərəfindən gizlədilməsinə, ayrı yerə daşınmasına, məhv edilməsinə, mənimsənilməsinə, özgəninkiləşdirilməsinə və s. dair heç nə bildirməmişdir. Halbuki, miras əmlakla bağlı mübahisəni məhkəmə müstəvisinə çıxararkən, həmin əmlakları da tələb edə bilərdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı hazırda iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi: 1) İddiaçının tələb etdiyi cehiz və qızıl-zinət əşyaları əvvəllər həyat yoldaşı ilə yaşadığı ünvanda mövcud deyil. Həmin əşyalar iddiaçı tərəfindən ərinin vəfatından sonra RF dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə götürülərək aparılmışdır. İddiaçı əvvəllər məhkəməyə miras əmlakla bağlı mübahisəyə dair iddia ərizəsi versə də, həmin iddia ərizəsində, eləcə də, mübahisəyə mahiyyəti üzrə məhkəmədə baxılarkən verdiyi izahatında həmin əşyaların qaytarılmasını tələb etməsinə dair heç nə bildirməmişdir. İddia ərizəsində yalnız bir cümlə ilə qeyri-müəyyən formada (iddiaçıya məxsu və birgə nikah dövründə alınan əşyaların adı, sayı, digər xüsusiyyətləri və qiymətləri göstərilmədən) göstərilmişdir ki, «hətta razılığım olmadan mübahisəli evdə yerləşən mənə məxsus və birgə nikah dövründə alınmış əşyalar Cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir». Buna dair isə hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bu illər ərzində iddiaçı tərəfindən cehiz və qızıl-zinət əşyaları ilə bağlı nə məhkəməyə, nə də hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, iddiaçı tərəf «Lada» markalı «Largus» modelli M050NU (05) RF dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə əşyalarının daşınmasını həyata keçirmişdir. İddiaçı avtomobillə yalnız həyətdə olan toyuqları apardığını bildirsə də, bu inandırıcı və ağlabatan deyil. Belə ki, iddiaçı dəyər baxımından qat-qat baha olan qızıl-zinət əşyaları və kiçik ölçülü əşyaları ola-ola, yalnız bir neçə toyuğu həyətdən götürüb aparması üçün yük götürmə qabiliyyəti kifayət qədər yaxşı olan avtomobili həyətə gətirməsi məntiqli deyil. 3) İddiaçının mübahisələndirdiyi nəqliyyat vasitəsi mərhum əri tərəfindən birgə nikah dövründə əldə edilsə də, elə birgə nikah dövründə də mərhumun özü tərəfindən özgəninkiləşdirilmişdir. 4) İddiaçı cavabdeh tərəfindən fiziki təzyiqə məruz qaldığını, evdən məcburi şəkildə, zorla çıxarıldığını bildirsə də, bununla bağlı mötəbər sübutları (hüquq-mühafizə orqanlarına müraciət edilməsi, müvafiq araşdırma aparılması barədə sənədlər, tərəflərin hüquq-mühafizə orqanlarına verdikləri izahatlar və s.) məhkəməyə təqdim olunmamışdır. İddiaçı məhkəməyə tibb müəsissəsinin arayışını təqdim etsə də, həmin arayışda göstərilən xəstəliyin, yaxud sağlamlıq durumundakı narahatçılığın yuxarıda qeyd olunanlarla heç bir səbəbli-əlaqəsi müəyyən edilmir. Bu səbəbdən, həmin arayış vətəndaşın sağlamlıq durumunu nümayiş etdirməsinə münasibətdə əsaslı arayış olsa da, hazırki mübahisə predmeti üzrə mötəbər sübut deyil. 5) İddiaçı Mülki Məcəllənin 1157-ci maddəsində qeyd edilən xərcləri mərhumun həyat yoldaşı kimi şəxsən özü ödədiyini bildirsə də, maddi hüquq normasında sadalan xərcləri ödədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı mübahisəli evə və torpaq sahəsinə görə kompensasiyanın məhz yuxarıda iddia etdiyi xərclərə görə, yaxud ayrı səbəbdən (başqa maddi hüquq normasının, yaxud normalarının tələblərinə istinadən) tələb etməsini aydınlaşdırmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət və cehiz əşyalarının dəyərinin alınması, avtomobilin qaytarılması, kompensasiya ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət və cehiz əşyalarının dəyərinin alınması, avtomobilin qaytarılması, kompensasiya ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-256/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-256/2025
19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver