Məhkəmə qərarları › İş №2(002)-2567/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2567/2020

03.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2567/2020 03.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1965-ci ildə Gürcüstan Respublikasında doğulmuş atası X1 xx xxxx 2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, atası X3 xx.xx.1965-ci ildə Gürcüstan Respublikasında doğulmuşdur. Onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Atası onkoloji xəstə olmaqla xx xxxx 2011-ci il tarixdə vəfat etmişdir. Atasını el adəti ilə Lökbatan qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə qeydiyyat orqanına müraciət etməmişdir. Sonradan poliklinikaya və qeydiyyat şöbəsinə müraciət etsə də, tibbi şəhadətnamə olmadığından ona ölüm haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməsini izah etmişlər. Hazırda ölüm haqqında şəhadətnamə anasına yeni şəxsiyyət vəsiqəsinin alınması və bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, ərizəçinin qohumudur. X3 onkoloji xəstəlikdən əziyyət çəkmiş, xx xxxx 2011-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, ərizəçinin həmyerlisidir. X3 onkoloji xəstəlikdən əziyyət çəkmiş, xx xxxx 2011-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 567 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X3 ilə bağlı 19 saylı Birləşmiş Şəhər Xəstəxanasına vaxtında müraciət edilmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 02/271 saylı arayışdan və fotoşəkildən görünür ki, X3 xx xxxx 2011-ci il tarixində Lökbatan qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 781 saylı arayışdan görünür ki, Ərizəçi Lökbatan qəsəbəsi, massiv 1A, ev 18 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Vİİİ-Tİ seriyalı, 335638 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuşdur. Ərizəçi atası X2r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx xxxxxx 1965-ci ildə Gürcüstan Respublikasında doğulmuş X1 xx xxxx 2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası xx xxxxxx 1965-ci ildə Gürcüstan Respublikasında doğulmuş X1 xx xxxx 2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar