Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2578/2024 02.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 4Q saylı evin 13 saylı mənzilindən çıxarılması və onun həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 1 ünvanda olan bir otaqlı mənzil 16 mart 1991-ci il tarixli 035363 saylı orderlə ona verilmişdir. Həmin mənzil Qubadlı rayonundan gəlmiş məcburi köçkün Cavabdeh tərəfindən özbaşına tutulmuş və hal-hazırda da cavabdeh həmin mənzildə qanunsuz olaraq yaşamaqda davam edir. Bu halın davam etməsi onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Cavabdehin ona məxsus mənzili zəbt etməsi qanunvericiliklə müəyyən edilmiş mülkiyyət, onun tərkib hissəsi olan istifadə hüquqlarını kobud şəkildə pozur. O, uzun illərdir ki, öz mənzilindən məhrum olmaqla cavabdehə ona məxsus mənzilin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdeh məcburi köçkün olduqlarını bildirməklə mənzildən çıxmaqdan imtina etmişdir. Hazırda o, qanuni əsaslarla verilmiş evindən məhrum edilmiş və müvəqqəti olaraq kirayədə yaşayır. Cavabdeh məcburi köçkün olduğuna görə indiyə kimi o, onun evdə yaşamasına etiraz etməmişdir, hazırda torpaqlar işqaldan azad edilmiş və cavabehin də ona məxsus evdən çıxarılmasını tələb edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 4Q saylı evin 13 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ev orderlə iddiaçıya məxsusdur. Sonradan cavabdeh tərəfindən zəbt olunmuşdur. Hazırda iddiaçı cavabdehin işğaldan azad edilmiş torpaqlarda evlə təmin ediləcəyinə qədər gözləməyə razıdır. Cavabdeh məhkəmə iclasında işğaldan azad olunmuş torpaqlarda ona ev veriləcəyi təqdirdə evdən çıxacağını, həmin evi təmir etdiyini, İİİ qrup əlil olduğunu, hazırda onun başqa yaşayış yerinin olmadığını və həmin evdə tək yaşadığını qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 16 mart 1991ci il tarixli 035363 saylı orderinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 1 ünvanda olan bir otaqlı mənzil İddiaçı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Kommunal Təsərrüfat Departamentinin Qaradağ rayonu Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 12.iyul 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 2 ünvanda müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahublik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzildə yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malik olmuşdur. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh məcburi köçkün qismində müvafiq mənzildə məskunlaşmışdır. Cavabdehin həmin mənzildə məskunlaşması isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, cavabdeh həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 2 ünvanda yerləşən mənzilindən çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edilməsinə baxmayaraq iddiaçının özünə aid edilməlidir,belə ki, hazırda cavabdeh məcburi köçkün olmaqla, dövlət rüsumunu ödəməkdən azaddır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanda yerləşən mənzilindən çıxarılsın. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2578/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2578/2024
02.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver