Məhkəmə qərarları › İş №2(002)-2586/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2586/2025

12.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2586/2025 12.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizəçinin tələbi:

1. Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, mediasiya nəticəsində bağlanmış 23 aprel 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə belə əsaslandırılmışdır ki, cavabdeh X4 ilə aralarında mövcud olan mübahisənin həlli məqsədi ilə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesində iştirak etmişlər. Mediasiya prosesi nəticəsində 23 aprel 2025-ci il tarixində barışıq sazişi bağlanmış və həmin saziş hər iki tərəfin iradəsi ilə könüllü şəkildə imzalanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Ərizəçi məhkəmə iclasında iştirak edərək, ərizəni müdafiə edərək, alimentin təyin edilməsi ilə bağlı məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

4. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək, ərizəçiyə alimenti hər ay əlbəəl ödədiyini və szişin təsdiq edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1 “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24 Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1 Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3 Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1 Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2 Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

6. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyaları “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli Qərardadı:

39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1).

47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir

b) Əsaslandırma

8. Məhkəmə qanunun qeyd edilən tələblərini işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olmadığı, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmədiyindən həmin sazişin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina etmək üçün əsas yoxdur.

9. Belə ki, qeyd edilən Barışıq Sazişinda tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər:

1. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2-ci tərəf Maraqlı şəxs əmək haqqının 1/3-i miqdarında aliment məbləğinin 2025-ci ilin fevral ayından (fevral ayı da daxil olmaqla) başlayaraq hesablanmasının və hər ayın 20-25-i aralığında 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılığa gəldilər.

10. Ərizəçi və Maraqlı şəxs arasında 23 aprel 2025-ci il tarixdə keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında alimentin təyin edilməsi, uşaqların valideynlərindən kimin yanında qalması ilə bağlı barışıq sazişi imzalanmış, sazişdə göstərilən məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə mediasiya sazişinin fəaliyyət qabiliyyəti olan şəxslər arasında bağlanmasını nəzərə alıb hesab edir ki, sazişin şərti tamamilə qanuna uyğundur, üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Tərəflər hər ikisi məhkəmə iclasında iştirak edərək sazişin təsdiq edilməsini və icra vərəqinin verilməsini xahiş etmişlər.

12. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı 13 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir.

13. Məhkəmə qeyd edir ki, barışıq sazişinin təsdiqlənməsi prosessual xarakter daşımaqla, hazırkı qətnamə ilə tərəflər arasında olan razılaşmanın etibarlı olması faktı təsbit edilmir və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verilmir.

14. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya təşkilatında mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli “Barşıq Sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: “1. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2-ci tərəf Maraqlı şəxs əmək haqqının 1/3-i miqdarında aliment məbləğinin 2025-ci ilin fevral ayından (fevral ayı da daxil olmaqla) başlayaraq hesablanmasının və hər ayın 20-25-i aralığında 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılığa gəldilər”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən sonra 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar