Məhkəmə qərarları › İş №2(002)-2668/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2668/2025

13.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2668/2025 13.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, 21 may 1979-cu il tarixdə Füzuli rayonunda doğulmuş X1 31 may 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun oğludur. X4 21 may 1979-cu il tarixdə Füzuli rayonunda doğulmuşdur. 31 may 2025-ci il tarixdə oğlunun vəziyyəti ağır olduğuna görə Bakı şəhəri Təcili və X3 Stansiyasından çağırış etməklə həkim çağırmışdır. Həkim gələnə qədər artıq oğlu vəfat etmişdir. Oğlunu el adəti ilə Lökbatan qəsəbə qəbristanlığında dəfn etmişlər və yas mərasimi keçirmişlər. Vaxtında oğlunun adına ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan ölüm haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamə verməkdən imtina olunmuşdur. Hazırda oğlunun adına ölüm haqqında şəhadətnamənin alınması ona bəzi hüquqi sənədlər əldə etmək üçün lazımdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X2 ifadəsində bildirdi ki, ərizəçigillə qonşudurlar. ünvan 1 ünvanda yaşayır. Ərizəçinin oğlu vəfat edib. Yas mərasimində iştirak etmişdir. Ərizəçinin oğlu Lökbatan qəsəbə qəbristanlığında dəfn edilmişdir. Ərizəçinin oğlu ürək xəstəliyindən vəfat edib. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin oğludur. İş materiallarına əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 21 may 1979-cu il tarixdə Füzuli rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1958-ci il tarixdə Füzuli şəhərində doğulmuşdur. Məcburi köçkün vəsiqələrindən görünür ki, ərizəçi və onun mərhum oğlu Füzuli rayonundan məcburi köçkündürlər. Təcili və X3 Stansiyası tərəfindən verilmiş 31 may 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 13:40-da X6 Xəstəlikləri İnstitutunun poliklinikasına X1 adına çağırış daxil olmuş, 6 saylı bölmənin təcili tibbi yardım briqadası poliklinikaya gəlmiş və həkimə qədər ölüm – kişi cinsli meyit aşkar etmişdir. Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02/178 saylı arayışından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Lökbatan qəsəbə qəbristanlığında dəfn edilmişdir. 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 05 iyun 2025-ci il tarixli 69 saylı məktubundan görünür ki, X4 həmin xəstəxananın İİİ şöbəsində qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs 11 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X1 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X1 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 21 may 1979cu il tarixdə Füzuli rayonunda doğulmuş X4 31 may 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Təqdim olunmuş sənədlərdən görünür ki, ərizəçi məcburi köçkün olmaqla, Dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 may 1979-cu il tarixdə Füzuli rayonunda doğulmuş X1 31 may 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar