Məhkəmə qərarları › İş №2(002)-2737/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2737/2025

08.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2737/2025 08.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştiraklı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət” əşyalarının geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan cehiz və qızıl, geyim (ona məxsus olan geyimləri) əşyalarını ona qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 13 oktyabr 2024-cü il tarixdə toyu olub qeyri-rəsmi ailə quraraq valideynlərinin yanında yaşamışdır. Övladı yoxdur. Cavabdeh onun ilə ər-arvad kimi birgə yaşadığı ünvanda başqa qadın ilə xəyanət etmişdir. Gecə saatlarında digər otağa keçərək yoldaşını başqa qadın ilə bir yataqda gördü. Soruşanda ki, bu qadın ailə bu nə hərəkətdir edirsən? aralarında yaranmış çox gərgin mübahisə ilə əlaqədar onu çox amansız şəkildə döyüb evdən gecə ilə qovdu. O gün, gecə o saatda məcburiyyət qarşısında atası evinə qayitdı. Ailə üzvləri ona məxsus olan əşyaları dəfələrlə tələb etsə də, cavabdehin ailəsi onları təhqir edib, “oğlu kişidir yaxşı edib” deyib heç bir ona məxsus olan əşyanı verməyəcəklərini bildirdi. Yaşadığı evdə valideynləri tərəfindən ona hədiyyə edilən qızıl-zinət əşyaları-komplekt 2150, sep 320, bilərzik 350, nişan üzüyü 230 və telefon Honor 8. İddiaçı xx.xx.2026-ci il tarixli məhkəmə iclasında ərizə verərək qeyd etdi ki, qızıl-zinyət əşyalarından və telefondan başqa digər cehiz əmlakını cavabdehdən geri götürdüyünə görə hazırda cavabdehdən yalnız qızıl-zinyət əşyalarını tələb edir. O həmçinin cehiz əmlak hissəsində iddia tələbindən imtina barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmənin qərardadı ilə iddia tələbinin qızıl-zinyət əşyaları hissəsində xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, eləcə də toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, geri qaytarılması tələb edilən qızıl-zinət əşyaları mövcud olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-in xx.xx.2025ci il tarixli AE 11-016/25 nömrəli ekspert rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, bina 1a, ev 44 televizor Samsungun, 2 ədəd pərdənin, 2 ədəd xalçanın, 2 ədəd çilçıraqın, sobanın, ətçəkənin, 18 ədəd boşqabın, 18 ədəd plov boşqabının, 18 ədəd salat boşqabının, 18 ədəd kasa dovğasının, 6 ədəd kiftə kasasının, 6 ədəd qaşığın, 5 ədəd qazanın, 1 ədəd çayniyin, 1 ədəd çaydanın, 1 ədəd tefal çaydanın, 6 ədəd duz qabının, 6 ədəd rozetkanın, 12 ədəd bakalın, 12 ədəd rumkanın, 1 ədəd qrafinin, 6 ədəd bulud aşın, 6 ədəd dolma boşqabının, 1 ədəd böyük ləpə qabının, 1 ədəd qənddanın, 1 ədəd balaca ləpə qabının, 3 ədəd meyvə qabının, honor 8 telefonun orta bazar qiyməti qiyməti 14 noyabr 2025-ci il tarixinə 3 383,0 (üç min üç yüz səksən üç) manat. 2. Sep, bilərziyin nişan üzüyünün foto şəkillərinə baxmaqla orta bazar qiyməti 14 noyabr 2025-ci il tarixinə 1 150,0 (bir min yüz əlli) manat təşkil etmişdir Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, iddiaçı keçmiş gəlinidir. Mütəxəssis gəlib evə baxdı. İddiaçının əşyalarını ayırıb qırağa qoymuşdur. O artıq evi satıb, o əşyalar da evdən çıxmalıdır. İddiaçının əşyaları işlənməyib, qırılmayıb, iddiaçının atası nə zaman istəsə gəlib aparsın. İddiaçının anası ilə arvadı dalaşanda sepi arvadı götürdü. O bilərzik və digər qızılları özü satmışdır. Nişan üzüyü satılmayıb ondadır. O bilərzik və digər qızılları özü satıb. Qızılların pulunu iddiaçıya vermək fikri yoxdur. İddiaçıya telefon hədiyyə etməmişdir. Telefonu özü alıb hal-hazırda da özü işlədir. Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, tələb olunan qızıl-zinyət əşyalarının mövcudluğu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, fotoşəkillər və şahid ifadələri və tərəflərin izahatları ilə təsdiq olunuşdur. və onların hazırda cavabdehdə olmaması məhkəmə iclasında cavabdeh tərəfindən inkar edilsə də,buna dair heç bir mötəbər sübut təqdim etməmişdir İkinci və üçüncü komponentlərlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: Beləliklə məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən qızıl-zinət əşyaları vindikasiya iddiasının istinad edilən 2 və 3-cü komponentlərinin də mövcudluğu, yəni iddiaçıya məxsus olan həmin qızıl-zinət əşyalarının onun qanuni sahibiyindən çıxması və sahibliyindən çıxmış fotoşəkillərdə əks olunmuş həmin əşyaların məhz cavabdehin faktiki sahibliyində olması öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçı və şahidin hər ikisinin verdiyi ifadələrə istinadən işin faktiki hallarını və iddiaçının evi tərk etməsi hallarını nəzərə alaraq bildirir ki, tərəflərin ailə münaqişəsi evdə olub, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisədən sonra cavabdeh ona xəyanət edən zaman iddiaçı tərəfindən tutulmuşdur. Daha sonra gecə saatlarında cavabdeh iddiaçını evdən qovmuş, iddiaçı isə ata evinə qayıtmışdır. Bu halı Həsənov Hidayət məhkəmə iclasında şahid kimi təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən cavabdehin atası Həsənov Hidayət bildirmişdir ki, qızılları özü satıb, telefon isə özü alıb və özü işlətmişdir. Bununlada məhkəmə müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi qızıllar cavabdehin atası tərəfindən satılmışdır və iddiaçı tərəfindən götürülməmişdir. Telefonla bağlı məhkəmə qeyd edir ki, həmin telfonun hədiyyə verilməsini cavabdeh sübut edə bilməmişdir. Şahid onu özü üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə iş materiallarında olan ekspertiza rəylərini nəzərə alaraq, həmin əşyaların dəyərinin bu rəydə əks olunmuş qiymətlərə uyğun şəkildə qeyd edilməsini qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əşyaların dəyərinə dair ekspertiza rəyi nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh aşağıda qeyd olunan əşyalar--“585 əyarlı, çəkisi 3 qram olan sep- 345 manat, 585 əyarlı, çəkisi 3.5 qram bilərzik-402.5 manat, 585 əyarlı, çəkisi 3.5 qram nişan üzüyü-402.5 manat, onlar mövcud olmadıqda isə onların dəyəri-1150 manat alınaraq İddiaçı veriməlidir. 300 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh aşağıda qeyd olunan əşyalar--“585 əyarlı, çəkisi 3 qram olan sep-345 manat, 585 əyarlı, çəkisi 3.5 qram bilərzik-402.5 manat, 585 əyarlı, çəkisi 3.5 qram nişan üzüyü-402.5 manat, onlar mövcud olmadıqda isə onların dəyəri-1150 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. 300(üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına-( VÖEN: **********, Bank "xxxx" ASC Mərkəz filialı, bank VÖEN-**********, M.H AZ37NABZ********************,H.h: AZ74AİİB400600F**********112, Kod 200026, SWİFT:AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar