Məhkəmə qərarları › İş №2(002)-2782/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2782/2023

10.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2782/2023 10.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Abbasqulu oğlunun, Cavabdehlər Cavabdeh2 və X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı «qızıl-zinət və birgə nikahda yaranmış öhdəliklərin bölünməsi və pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı «qızıl-zinət və birgə nikahda yaranmış öhdəliklərin bölünməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 Cavabdeh2 üçün təhsil haqqı olaraq ödənilmiş 3.000 manat pulun, ona hədiyyə olaraq verilmiş 1 ədəd qızıl qolbağın və ya onun dəyəri 800 manat pulun və birgə nikah dövründə bankdan götürülmüş (uşaqların müayinə və müalicə xərcləri üçün) 8.779 manat kredit borcunun yarısının 4.389 manat, cəmi 8.189 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 21 may 2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan 13 aprel 2022ci il təvəllüdlü X7 və 13 aprel 2022-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda Cavabdeh2 tərəfindən ona qarşı «qızılzinət və cehiz əşyaları» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ rayon Məhkəməsində baxılmış və həmin iddia tələbi məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Belə ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «qızılzinət və cehiz əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 1.700 manat dəyərində nişan üzüyü, 150 manat dəyərində qızıl sırğa, 3.000 manat dəyərində komplekt dəst, 1.000 manat dəyərində toy vaxtı hədiyyə edilmiş üzüklərin və siyahısı iddia ərizəsində qeyd olunmuş cehizlərin (əşyaların, paltarların və s.), onlar mövcud olmadıqda cəmi dəyəri olan 44.359 manat pul vəsaitinin və 174 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddiası əsassız olduğu üçün rədd edilmişdir. Hazırda qeyd etməlidir ki, cavabdehlə nikahdan öncə və nikah dövründə olan hazırki tələbləri yaranmışdır ki, cavabdehə bununla bağlı təklif etsə də, hətda mediasiya prosesinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Belə ki, cavabdehlə aralarında olan nikah dövründə cavabdeh tərəfindən ona hədiyyə olaraq qızıl qolbaq verilmişdir. Cavabdeh evdən gedərkən həmin qızıl qolbağı da özü ilə aparmış və ona aid qızıl qolbağı verməkdən imtina etmişdir. Qeyd etdiyi hallar cavabdehin ona qarşı vermiş olduğu iddia ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində icraat zamanı da sübuta yetmişdir. Cavabdehlər bilavasitə həmin məhkəmədə bunu təsdiq etmişdirlər. Lakin həmin zaman o, ailə münasibətlərini bərpa etmək istədiyi üçün qarşılıqlı iddia tələbi ilə müraciət etməmişdir. Bundan başqa, bildirir ki, Cavabdeh2 onunla nikaha girmək üçün tanış olduğu müddətdə ali təhsil almaq üçün universitetdə oxuyurdu. Həmin zaman Cavabdeh2 və onun atası ondan borc kimi müvəqqəti olaraq Turanənin Universitet təhsil haqqını ödəməyi xahiş etmişdirlər. Onda cavabdehlə nikaha girməmişdən və nikah münasibətlərinə girdikdən sonra cavabdehin yerinə 3.000 manat ayrı-ayrı vaxtlarda cavabdehin təhsil haqqını ödəmişdir. Hazırda cavabdehlə aralarında nikah pozulduğu üçün cavabdehlər Cavabdeh2 və atası Cavabdeh1 həmin onların xahişi ilə borc olaraq ödədiyi pulu geri qaytarmırlar. Bundan başqa bildirir ki, onların birgə nikah dövrlərində iki uşaqları doğulmuşdur ki, uşaqların doğuşu çox çətin keçdiyindən və uşaqlar doğuşdan sonra çox ağır vəziyyətdə olduqlarından onlara ümumilikdə 30.000 manatdan artıq xəstəxana və müalicə xərci yaranmışdır. Həmin müddətdə Cavabdeh2 özü də əmək fəaliyyətində olduğundan onunla razılığa gəlmişdir ki, yaranmış xərcləri birlikdə işləyərək ödəyəcəklər. O da buna görə banklara müraciət edərək, banklardan kreditlər götürmüşdür. Lakin cavabdeh onunla bütün xərcləri çəkdikdən sonra nikahın pozulması və yüksək həddə aliment tələbi verərək ona bank ödənişlərini ödəməkdə çətin vəziyyətə salmışdır. Halbuki aralarında razılıq əldə edilmişdir ki, həmin borclar ailə təsərrüfatlarını birgə idarə etməklə birgə ödəniləcəkdi. Lakin Cavabdeh2 ondan əmək haqqının və başqa gəlirlərinin 1/3 və hər uşağa görə əlavə 50 manat, cəmi 100 manat ödəniş tələbi onu birgə nikah dövründə yaranmış öhdəliklərini qarşılamaqda çətin vəziyyətə salmışdır. O, həmin kredit təşkilatlarından götürdüyü pulları ailə ehtiyacları üçün götürüb və istifadə etmişlər. Bütün ödəniş qəbzləri bunu təsdiq edir. Qanunvericiliyə əsasən birgə nikah dövründə qazanılmış əmlak bərabər bölünməsi nəzərdə tutulsa da yaranmış öhdəliklərində bərabər paylara bölünməsi nəzərdə tutulmuşdur. O, yuxarıda qeyd edilənlərlə bağlı mediasiya sessiyasına müraciət etmiş, lakin cavabdehlə aralarında razılaşma olmamışdır. Cavabdehlər tərəfindən iddiaya etiraz təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, İddiaçı və Baxşıyeva Təranə 21 may 2021-ci il tarixdə nikaha daxil olmuş, iki övladları olmuş və Qaradağ rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh1 bildirmişdir ki, nikah dövründə iddiaçı Baxşıyevin ailəsində baş vermiş hadisələrlə əlaqədar sonuncunun ona qarşı iddia qaldırması əsassızdır. Belə ki, iddianın məzmunundan görünür ki, tələb birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi ilə bağlıdır. O isə iddiaçı ilə birgə nikahda olmamışdır, bu səbəbdən də, nikah dövründə onun ailəsində olmuş ailə münasibətlərinə görə heç bir hüququ məsuliyyət, o, cümlədən birgə əldə olunmuş və istifadə olunmuş əmlaka görə məsuliyyət daşımır. Buna görə də, o, cavabdeh kimi hazırkı iş üzrə tərəf ola bilmir və iddiaçının tələblərinin ona heç bir aidyyəti yoxdur. Cavabdeh2 bildirmişdir ki, İddiaçı ona qarşı tələbləri əsassızdır, ona və valideynlərinə qarşı olan qərəzdən irəli gəlir. Bildirir ki, iddiaçı ilə nikahda olduğu iki il ərzində o, həmişədə ailədə özünü qərəzli aparmışdır. Onu ailələrinin taleyindən daha çox pul və əmlak tələb etmək düşündürmüşdür. Onun bu əsassız iddiası da bu qərəzdən və mal mülk sövdasından irəli gəlir. Nikahda olduqları dövrdə atası və anası həmişə onlara köməklik etmiş, bir çox ehtiyaclarını ödəmiş və maddi yardımlar göstərmişlər. Valideynləri təhsilinə, uşaqlarının doğulduğu vaxt xəstəxana və həkimlərə, problemli doğulmuş uşaqlarının müalicə və saxlanmalarına böyük xərc çəkmişlər. Hazırda da uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır və bütün qayğılarını və çətinliklərini valideynləri qarşılayır. İddiaçının tələb etdiyi təhsil haqqına görə ödənilmiş 3.000 manat pulu birgə nikah dövründə birgə qazancları ilə toplamışlar. O, nikahdan əvvəl və nikah dövründə işləmiş və əldə etdiyi qazancdan ailəyə, eləcə də, təhsilinə xərcləmişdir. Onun təhsil haqqı olaraq ödədikləri 3.000 manatın çox hissəsi məhz onun qazancı olmuşdur. Odur ki, iddiaçıya 3.000 manat pul qaytarmalı deyil. İddiaçının tələb etdiyi 1 ədəd qızıl qolbaq valideynləri tərəfindən ona hədiyyə verilmişdir. Həmin qolbaq iddiaçıda qalmışdır. O, valideynlərinin yanına gələrkən iddiaçının heç bir əmlakını özü ilə gətirməmişdir. Hamiləliyi və əkiz uşaqlarının doğuşu çox çətin keçmiş, uşaqları az çəki ilə doğulmuş və səhhətlərində problemlər olmuşdur. O, ağrı və sarsıntılardan çox əziyyət çəkmiş, vəziyyəti ağır olmuş və psixi gərginlik keçirmişdir. İki dəfə narkoz almışdır. Aralarında münaqişə başlayandan sonra səhhəti daha da pisləşmişdir. Bu səbəbdən həmin vaxt özünə qapanmış və heç nə, eləcə də qızıl-zinət əşyaları onu maraqlandırmamışdır. Evlərinin bütün əmlakı iddiaçının ixtiyarında qalmışdır. Aralarında ciddi münaqişə baş vermiş, iddiaçı ona hədə-qorxular gəlmiş və öldürəcəyi ilə hədələmişdir. Onlar polis vasitəsi ilə uşaqları iddiaçıdan almışlar. Həmin vaxt onları əmlak və ya qızıllar maraqlandırmırdı. Bütün əmlakları iddiaçının evində idi. İddiaçının qolbağı onun özündə qalmışdır. İddiaçının bankdan götürdüyü 8.779 manat və ondan tələb etdiyi həmin kreditin yarı məbləği olan 4.383 manat pulla bağlı isə heç bir məlumatı yoxdur. Bildirir ki, iddiaçı nikah dövründə KİA markalı avtomobil almış və sonradan həmin avtomobili satmışdır. O, avtomobilin satışından əldə etdiyi pulu hara xərclədiyini bilmir. Sonuncu ona bu barədə heç nə deməmişdir. Yəqin ki, kreditə həmin avtomobili almış və sonradan avtomobili satıb pulu özünə xərcləmişdir. Odur ki, iddiaçının kredit məbləğinin yarısını ondan tələb etməsi əsassızdır. Onu da bildirir ki, aralarında olmuş münaqişələrdən sonra o, iddiaçı ilə bütün münasibətləri bitirmişdir, ondan uzaq olmaq və sakit yaşamaq istəyir. Lakin, iddiaçı qərəzindən əl çəkmir və hər bir xırda bəhanə ilə məhkəməyə müraciət edib süni münaqişə yaratmağa çalışır. Məhkəmənin nəzərinə çatdırır ki, əkiz övladlarının səhhətində anadangəlmə problemlər vardır. Onlar daimi müayinə və müalicə olunurlar, həkim nəzarətindədirlər. Uşaqlara xüsusi qida məhsulları, dərmanlar və digər müalicə vasitələri tələb olunur. Bunların xərcini özü və valideynləri çəkir. İddiaçı ancaq cüzi aliment məbləğini ödəyir. Övladlarının taleyi onu çox da maraqlandırmır. Onu da bildirir ki, doğuş vaxtı vəziyyətləri ağır olduğuna görə valideynləri 3.500 manat kredit götürüb həmin pulu iddiaçıya vermişlər. Nikah dövründə iddiaçı birgə qazancları hesabına 700 manata mobil telefon almış və 800 manata kompüter almışdır. Bu əmlakları birgə vəsaitləri hesabına alsalar da, iddiaçıda qalmış və o, bu əmlakları ona verməkdən imtina edir. Göründüyü kimi, iddiaçıya valideynləri tərəfindən verilən pul və onun qazancı hesabına əldə olunmuş əmlak qalsa da, o, bunları nəzərə almaq istəmir. İddiaçının tələbləri qanunsuz və əsassızdır, heç bir sübutla təsdiq olunmur. Odur ki, iddia rədd olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil Abbasqulu oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı öncəki məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Vəkil Abbasqulu oğlunun, cavabdehlər Cavabdeh2 və X4 izahatlarını dinləyib, İddiaçı öncəki məhkəmə iclasında verdiyi izahsatını nəzərdə keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(002)-398/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh X3 qarşı «cavabdeh X1 1.700 manat dəyərində nişan üzüyü, 150 manat dəyərində qızıl sırğa, 3.000 manat dəyərində komplekt dəst, 1.000 manat dəyərində toy vaxtı hədiyyə edilmiş üzüklərin və siyahısı iddia ərizəsində qeyd olunmuş cehizlərin (əşyaların, paltarların və s.), onlar mövcud olmadıqda cəmi dəyəri olan 44.359 manat pul vəsaitinin və 174 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin rəsmi nikaha daxil olaraq ailə qurmaları, bu nikahdan 2 övladlarının olması, sonradan münasibətlərinin pisləşməsi və s. dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00836 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023cü il tarixdə saat 17:00-18:00-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddiaçı hazırda cavabdehlər Cavabdeh2 və X2 Cavabdeh2 üçün təhsil haqqı olaraq ödənildiyi qeyd olunan 3.000 manat pulun, ona hədiyyə olaraq verilmiş 1 ədəd qızıl qolbağın və ya onun dəyəri 800 manat pulun və birgə nikah dövründə bankdan götürülmüş (uşaqların müayinə və müalicə xərcləri üçün) 8.779 manat kredit borcunun yarısının 4.389 manat, cəmi 8.189 manat pulun onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, təhsil haqqı kimi ödənilmiş 3.000 manat pul iddiaçının vəsaitləri hesabına deyil, hər iki tərəfin işləyərək qazandıqları pul vəsaitləri hesabına, ailənin ümumi birgə mənafeyi üçün sərf edildiyindən, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutula bilməz. Eləcə də, uşaqların müayinə və müalicə xərcləri üçün bankdan götürülmüş vəsaitin də cavabdehlərdən iddiaçının xeyrinə tutulması mümkün deyil. Belə ki, həmin vəsait ailənin ümumi birgə mənafeyi üçün – uşaqların sağlamlıq durumu ilə bağlı qayğıların həll olunmasına sərf edilmişdir. İddiaçı tərəf qolbağın cavabdeh tərəfdə qaldığını bildirsə də, həmin əşyanın cavabdehdə qalmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı qolbaqla bağlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (qolbağın cavabdehdə olmasına) dair sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, qolbağın çəkisi, əyarı, qiymətini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən göründüyü kimi, iddiaçı həmin işə baxılarkən cavabdehə (həmin iş üzrə iddiaçıya) qarşı qarşılıqlı iddia tələbi verməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 52 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı «qızıl-zinət və birgə nikahda yaranmış öhdəliklərin bölünməsi və pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 52 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı «qızıl-zinət və birgə nikahda yaranmış öhdəliklərin bölünməsi və pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 52 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar