Məhkəmə qərarları › İş №2(002)-2881/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2881/2021

08.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2881/2021 08.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdeh qarşı evə dair çıxarışın ləğv olunması və həmin ünvana pay hüquququnun tanınmasına dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə dair çıxarışın ləğv olunması və həmin ünvana pay hüquququnun tanınması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana cavabdehin adına verilmiş 16.07.2019-cu il tarixdə qeydiyyatdan keçmiş ********** nömrəli çıxarış ləğv edilsin. Həmin ünvana ½ hissədə hüququnun olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qəraraında qeyd edilmişdir ki, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddiaçının iddia tələbi məhz müvafiq inzibati orqan tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışn ləğv edilməsi (onun razılığı alınmadığına görə) və həmin ünvana pay hüquququnun tanınması tələbinə aiddir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi məhz inzibati orqanın müvafiq inzibati aktı qəbul etməsi nəticəsində (onun razılığı alınmaması ilə bağlı) onun hüquq və mənafelərinin pozulması halına istinad etmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin predmetini məhz inzibati orqanın müvafiq inzibati aktı qəbul etməsi ilə bağlı hərəkətindən irəli gələn inzibati xarakterli hüquq münasibəti təşkil edir. Qeyd edilən halları nəzərə alaraq, müvafiq Qərarın tələbini əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi məhkəmə icraatına qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya qeyd edilən məsələnin həlli ilə bağlı ilk növbədə müvafiq inzibati orqana (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinə) müraciət etməli, həmin orqan tərəfindən bundan imtina olduğu halda, yaranmış mübahisənin həllli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən 2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə dair çıxarışın ləğv olunması və həmin ünvana pay hüquququnun tanınması tələbinə dair iddia ərizəsi icraata qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı evə dair çıxarışın ləğv olunması və həmin ünvana pay hüquququnun tanınması tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 10 manat mıbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar