Məhkəmə qərarları › İş №2(002)-2909/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2909/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2909/2024 30.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.1990-cı il tarixdə keçmiş X16 Vilayətinin Əskəran rayonunda doğulmuş X5 xx.xx.1991-ci il tarixdə Xocalı rayonu Meşəli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildə X8 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1990-cı il tarixdə keçmiş X16 Vilayətinin Əskəran rayonunda Amil adlı övladları doğulmuşdur. Onlar ailəliklə Xocalı rayonu Meşəli kəndində yaşamışlar. xx.xx.1991-ci il tarixdə erməni silahlı birləşmələri Xocalı rayonu ətrafında hücum əməliyyatı keçirmək məqsədi ilə kəndi atəşə tutmuşlar. Həmin vaxt onlar ailəliklə evlərindən çıxaraq Xocalı rayonu Meşəli kəndindəki meşəyə qaçmışlar. Həmin vaxt hava şaxtalı, hər yer isə dizə qədər qarla örtülmüşdü. Təxminən 4 saat meşədə açıq havada qaldıqdan sonra atışma səslərinin dayandığını görüb axşam evlərinə qayıtmışlar. Evə qayıtdıqda isə oğlu X1 havadan və şaxtadan öldüyünü müəyyən etmişlər. Səhəri günü, yəni xx.xx.1991-ci il tarixdə oğlu Amili Qaragah kəndindəki qəbristanlıqda dəfn etmişlər. Beləliklə, oğlunun ölməsinə səbəb erməni qəsbkarlarının kəndi atəşə tutması, bunun nəticəsində məcburiyyət qarşısında oğlu ilə 4 saat soyuq və şaxtalı havada qalmaları olmuşdur. O, Maraqlı şəxsnə müraciət edərək oğlu Amilin xx.xx.1991-ci il tarixdə Xocalı rayonu Meşəli kəndinlə ölməsi barədə doğum şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin oradan ona verilən xx.xx.2023-cü il tarixli məktubda oğlunun ölümünü təsdiq edən hər hansı bir sənədin olmaması səbəbi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından o, oğluna şəhidlik statusu ala bilmir. Oğlu Amilin ölüm faktını şahidlər də təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 ifadəsində bildirdi ki, Meşəli kəndində yaşamışlar. Amil dekabr ayında vəfat edib. Səhər xəbər gəldi ki, Rahilənin uşağı ölüb. Yolları buz idi. Traktoru ilə aparıb dəfn etmişlər. Ərizəçi ilə bibinəvəsi-dayınəvəsidirlər. X2 ifadəsində bildirdi ki, qış ayı idi. Dekabrın 21-dən 22-nə keçən gecə idi. Ermənilər kəndə atəş açırdı. Xəbər gəldi ki, qardaşının oğlu rəhmətə gedib. Traktorun üstündə aparıb dağ tərəfdə dəfn etmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin oğludur. X12 09 dekabr 1990-cı il tarixdə keçmiş X16 Vilayətinin Əskəran rayonu Meşəli kəndində doğulmuşdur. X3, anası Ərizəçidır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon MKİS tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli 852 saylı arayışdan, eləcə də, məcburi köçkün vəsiqəsindən görünür ki, ərizəçi Xocalı rayonundan məcburi köçkündür. Ailə üzvləri əri Əli Mehralıyev, oğlu Ceyhun Mehralıyev, qızı Ayşən Mehralıyevadır. X10, X4 və X6 tərəfindən tərtib olunmuş və imzalarla təsdiq edilmiş aktda ərizəçinin ərizəsində qeyd etdiyi faktlar bir daha vurğulanmış, Amilin öldüyü tarix və şərait, dəfn edildiyi yer barədə ətraflı məlumat verilmişdir. Maraqlı şəxs 23 iyun 2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 saylı məktubundan görünür ki, Ərizəçi oğlu X5 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanları imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. «Əhalinin sağlamlığının qorunması» haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin «Qayda»nın 4-cü bəndində «ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. «Ölüm haqqında tibbi şəhadətnamə» mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, «Ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə «Ölüm haqqında tibbi şəhadətnamə»nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmə hazırda müəyyən edilməsi xahiş edilən fakt üzrə aşağıdakıları vurğulamağı zəruri hesab edir. Ərizədə qeyd edilən faktın baş verməsindən heç iki gün keçməmiş, 23 dekabr 1991-ci il tarixdə Meşəli qətliamı yaşanmışdır. Qeyd olunan qətliam erməni hərbi birləşmələri tərəfindən törədilmişdir. Müxtəlif mənbələrdən qeyd olunan qətliam barədə kifayət qədər geniş məlumatlar yer almışdır. Qətliam qurbanlarının adları, qətliamın hansı şəraitdə, kim tərəfindən, nə məqsədlə törədilməsi, kəndə vurulan ziyan və s. bəllidir. Qısaca olaraq onu vurğulamaq yerinə düşür ki, qətliam zamanı 28 nəfər qətlə yetirilmişdir, onlardan 8-i qadın, 3-ü isə uşaqdır. Əlavə olaraq 14 nəfər yaralanmışdır. Amilin taleyini kənd sakini Kamran Rəcəbovun 1 yaş 7 aylıq övladı Mərhəmət də yaşamışdır, belə ki, körpə yolda şaxtaya düşərək vəfat etmişdir. Yuxarıda qeyd olunan qətliama hazırlıq erməni silahlı birləşmələri tərəfindən öncədən planlaşdırılmış, Xocalının işğal edilməsi üçün aparılan geniş əməliyyatın bir hissəsi olmuşdur. Bunadək Meşəli kəndi dəfələrlə düşmənin atəşinə məruz qalmışdır. Eləcə də, hazırki iş üzrə ərizədə qeyd edilən faktın baş verdiyi tarixdə erməni silahlı birləşmələri Meşəli kəndini atəş altında saxlamışlar. Əhalinin bir qismi, eləcə də, ərizəçi və ailəsi düşməndən qorunmaq üçün evlərini tərk edərək, qarlı, şaxtalı qış günü meşəyə çəkilməli olmuşlar. Körpə Amil də çox təəssüf ki, donvurmadan, soyuqdan vəfat etmişdir. Nəticə etibarı ilə körpə yaşlarında olan Amil digər çoxsaylı həmvətənlər kimi Ermənistanın işğalçılıq siyasətinin qurbanlarından biri olmuşdur. Amil həmin keşməkeşli vaxtlarda, xx.xx.1991-ci il tarixdə Qaragah kəndindəki qəbristanlıqda dəfn edilmişdir. Göründüyü kimi, ərizədə qeyd edilən fakt ölümün baş verməsi vaxtı, şəraiti baxımından da, dövrün keşməkeşli çağları ilə üst-üstə düşməsi ilə də, həmin vaxtlar cərəyan edən hadisələrin xronoloji ardıcıllığı baxımından da öz təsdiqini tapır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 09 dekabr 1990-cı il tarixdə keçmiş X16 Vilayətinin Əskəran rayonu Meşəli kəndində doğulmuş X5 xx.xx.1991-ci il tarixdə Xocalı rayonu Meşəli kəndində, erməni silahlı birləşmələrinin kəndi atəşə tutması zamanı meşədə ailəsi ilə daldalanmağa məcbur olarkən donvurmadan və soyuqdan ölmüşdür. Ərizəçi məcburi köçkün olmaqla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 dekabr 1990-cı il tarixdə keçmiş X16 Vilayətinin Əskəran rayonu Meşəli kəndində doğulmuş X5 xx.xx.1991-ci il tarixdə Xocalı rayonu Meşəli kəndində, erməni silahlı birləşmələrinin kəndi atəşə tutması zamanı meşədə ailəsi ilə daldalanmağa məcbur olarkən donvurmadan və soyuqdan ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar