Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-292/2025 05.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd əldə toxunma xalça 3x2m dəyəri 4000 manat, 1 ədəd əldə toxunma xalça 2x3 dəyəri 1600 manat, 2 ədəd xalça 5x4 və 4x3 dəyəri 1700 manat, 2 ədəd əldə toxunma sumax 4x3 dəyəri 1000 manat, 1 ədəd böyük qazan aliminium dəyəri 50 manat, 5 ədəd aliminium qazanlar müxtəlif ölçüdə dəyəri 110 manat, 1 ədəd böyük aşsüzən dəyəri 80 manat, istifadə etdiyi qab-qacaqlar dəyəri 180 manat, 2 ədəd yorğan-döşək dəsti dəyəri 250 manat, 1 ədəd sadə xalça 4x3 dəyəri 180 manat, su qızdırıcı (pitiminutka) dəyəri 80 manat, soyuducu dəyəri 150 manat, 1 ədəd 16 kalibirli ov tüfəngi dəyəri 600 manat olmaqla, həmin əşyaların özünün və ya 9980 manat məbləğində dəyərinin, habelə 120 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tələb edilən əşyalar iddiaçıların mərhum analarının sağlığında alınmış, anaları vəfat etdikdən sonra evdə olmuş, ataları X1 cavabdehlə rəsmi nikah bağlaması barədə məlumatları olmamış, həmin nikah atalarının xəstə olduğu dövrdə bağlanmış və onlar tərəfindən mübahisələndirilmiş, ataları vəfat etdikdən sonra isə qeyd olunan əşyalar cavabdeh tərəfindən götürülmüşdür. Ona görə də həmin əşyaların cavabdehdən alınaraq onlara verilməsini xahiş edirlər. Cavabdeh tərəf iddia ərizəsinə yazılı etirazında bildirmişdir ki, iddia ərizəsində göstərilən əşyalar mərhum həyat yoldaşı X2 tərəfindən alınmışdır. Əşyalar birgə nikah dövründə alındığından, onların tələb edilməsindən söhbət gedə bilməz, iddiaçıların həmin əşyaları tələb etməyə subyektiv hüququ yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-292/2025 saylı, 10 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-154/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki 2(002)-292/2025 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2234/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-292/2025 saylı, 10 fevral 2025-ci il tarixli qərardadı ləğv edilmiş və həmin qərardadla müəyyən edilmişdir ki, əgər mülki işlər arasında əlaqə müəyyən edilərsə, belə hal işlərin bir icraatda baxılması üçün əsas ola bilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 işlərin bir icraatda birləşdirilməsinə etiraz etdiklərini bildirdilər, Cavabdeh isə işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2234/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilən halları nəzərə alaraq, hesab edir ki, 2(002)- 292/2025 saylı mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)- 154/2025 saylı mülki işə birləşdirilərək, qeyd olunan mülki işlərə bir icraatda baxılmalıdır. Belə ki, iş materiallarında olan 2(002)-154/2025 saylı (2(002)-3210/2024 saylı) mülki iş üzrə iddia ərizəsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyriləri Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları X2 ilə Cavabdeh arasında 14 iyun 2016-cı il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış 146 saylı nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, iddia ərizəsində iddiaçılar tərəfindən həmçinin qeyd olunmuşdur ki, mübahisələndirilən nikah gələcəkdə mülkiyyət və vərəsəlik hüquqlarının əldə edilməsinə yönəlmişdir, həmin iddia ərizəsi üzrə 2(002)-154/2025 saylı mülki iş xx.xx.2024-cü il tarxdə icraata qəbul edilmiş və hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatındadır. İş materiallarından görünür ki, hazırki 2(002)-292/2025 saylı (2(002)-3816/2024 saylı) mülki iş xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə, hazırki mülki iş üzrə iddia ərizəsinin və iddia ərizəsinə yazılı etirazın dəlillərini, mülki işin hallarını, iddiaçıların mərhum atası ilə cavabdehin etibarlı ailə münasibətlərinin mövcudluğuna, həmçinin iddiaçıların atasına onların anasından miras qalmış, eləcə də özünə məxsus olmuş əşyalarla bağlı vərəsəlik hüququ münasibətlərinə hüquqi qiymət verilməsinin zəruriliyini, göstərilən səbəblərdən 2(002)-154/2025 saylı və 2(002)-292/2025 saylı mülki işlər arasında obyektiv bağlılığı, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2234/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, göstərilən mülki işlərin bir icraatda birləşdirilərək onlara bir icraatda baxılması prosessual qənaət prinsipi baxımından daha məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə qarşı iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Beləliklə, məhkəmə, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 43.2, 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə dair 2(002)-292/2025 saylı mülki iş iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair 2(002)-154/2025 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Mülki işlərə 2(002)-154/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz Hakim: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-292/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-292/2025
05.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver