Məhkəmə qərarları › İş №2(002)-2941/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2941/2025

28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2941/2025 28.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İmişli «ASAN xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1939-cu il tarixdə doğulmuş X5 08 iyun 2025-ci il tarixdə İmişli şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası xx.xx.1939-cu il təvəllüdlü X10 08 iyun 2025-ci il tarixdə İmişli şəhərində vəfat etmiş və yaxın qohumların iştirakı ilə İmişli şəhəri Şəmmədli qəbristanlığında dəfn edilmişdir. Hazırda sənədləşmə işləri ilə əlaqədar mərhum anasının ölüm sənədi tələb olunur. O, İmişli «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət edərək, mərhum anasının ölümünün qeydə alınmasını və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Qeydiyyat şöbəsi imtina rəyi verərək, səbəb kimi ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını göstərmişdir. Həmçinin ona, ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması mümkün deyildir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda anasının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs İmişli «ASAN xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi 29 iyul 2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, şöbənin iş yükünün çoxluğu ilə bağlı olaraq nümayəndələrini göndərə bilmədiklərini qeyd etmiş, mülki işə nümayəndənin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X4 ifadəsində bildirdi ki, ərizəçinin qardaşıdır. Vəfat etmiş şəxs anasıdır. Anasının nəşi İmişli rayonunda dəfn olunub. Dəfn və yas mərasimlərində iştirak etmişdir. X1 ifadəsində bildirdi ki, ərizəçinin qardaşı, vəfat edən şəxsin oğludur. Anası vəfat edib, İmişli rayonunda, Şəmmədli qəbristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs X10 ərizəçinin anasıdır, xx.xx.1939-cu il tarixdə doğulmuşdur. Təcili və X8 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 08 iyun 2025-ci il tarixdə İmişli şəhəri Xiyabani küçəsi ev 88 ünvana X5 adına çağırış daxil olmuş, çağırış qəbul edilərək, təcili yardım briqadası göndərilmiş, xəstənin yanına saat 16:00-da gəlinmiş, adına çağırış daxil olmuş şəxsin vəfat etdiyi aşkar edilmiş, həkim gələnə qədər ölüm, qadın cinsli meyit qeydləri aparılmış, həmçinin polis əməkdaşı Elbrus Salmanova məlumat verilmişdir. Meyitin bədənində heç bir xəsarət izi yoxdur. İmişli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 17 iyun 2025-ci il tarixli aktdan görünür ki, İmişli şəhəri Xiyabani küçəsi ev 88 ünvanda yaşamış xx.xx.1939-cu il təvəllüdlü X10 08 iyun 2025-ci il tarixdə vəfat etmiş, İmişli şəhəri Şəmmədli qəbristanlığında dəfn edilmişdir. Dəfn xərcini mərhumənin qızı Ərizəçi çəkmişdir. Aktı tərtib edən X7, X3 və X13 aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İmişli «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 17 iyun 2025-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X5 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X5 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. İmişli rayon Mərkəzi Xəstəxanasının 12 iyun 2025-ci il tarixli məktubundan görünür ki, 19 yanvar 1939-cu il tarixdə X5 yerli stasionar və ambulator müraciətlər olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1939-cu il tarixdə doğulmuş X10 08 iyun 2025-ci il tarixdə İmişli şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə doğulmuş X5 08 iyun 2025-ci il tarixdə İmişli şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar