Məhkəmə qərarları › İş №2(002)-2968/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2968/2023

16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2968/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1953-cü ildə Ağdam rayonunda doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 onun atasıdır. X1 xx.xx.1953-cü ildə Ağdam rayonunda doğulmuşdur. 13 avqust 2023-cü il tarixdə atasının vəziyyəti ağırlaşdığına görə həkim çağırmışlar və həkim gələnə kimi atası artıq vəfat etmişdir. Atasını el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmişlər. Həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışdır. Belə ki, başı dəfn mərasiminə qarışdığı üçün bi barədə lazımi orqana müraciət etməmişdir. Sonradan atasına ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin onlara ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Hazırda atasının ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində qeyd etmişdir ki, o ərizəçinin qonşusu olmaqla, eyni zamanda ərizəçi onun əmisi oğludur. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi. Həmin xəstəlikdən də vəfat etmişdir. Mərhumu Lökbatan qəbirstanlığında dəfn edilmiş, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15- 1497/2023 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 106 saylı məktubdan görünür ki, xx.xx.1953-cü ildə anadan olmuş və xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etmiş X3 ASM-də qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixində Lökbatan qəsəbə Qəbitrstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X4 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 2 ünvanına X2 adına çağırış olmuş, həkim gələnə kimi kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1953-cü ildə doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü ildə Ağdam rayonunda doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar