Məhkəmə qərarları › İş №2(002)-2992/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2992/2024

12.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2992/2024 12.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya təşkilatı maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya təşkilatı maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə onun arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış MŞB/13/2024-00237 saylı «Barışıq sazişi»nin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin 3-cü bəndinin, yəni xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs1 hər ay 235 manat sabit məbləğdə alimentin tutulması hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi və cavabdeh Maraqlı şəxs1 arasında xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış nikah akt qeydləri kitabında 2468 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X2 doğulmuşdur. Ailə qurandan sonra tərəflərin münasibətləri yaxşı olmuş, sonralar isə münasibət korlanmışdır. Tərəflər arasındakı nikah hazırda formal xarakter daşıyır. Ərizəçinin Maraqlı şəxs1la münasibətləri xasiyyətləri uyğun gəlmədiyinə görə dözülməz dərəcədə pisləşmişdir, artıq birlikdə yaşamaları qeyri-mümkündür. Faktiki olaraq ailə dağılmışdır, bərpa edilməsi qeyri-mümkündür. Ərizəçinin boşanmaq barədə fikri qətidir. Gələcəkdə Maraqlı şəxs1la barışması qeyri-mümkündür. Ərizəçi bu barədə Bakı 13 saylı Mediasıya Təşkilatına müraciət etmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə MŞB/13/2024-00237 nömrəli barışıq sazişi imzalanmışdır. Sazişə əsasən, tərəflər Maraqlı şəxs1 tərəfindən 2 il müddətində birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat alimentin Ərizəçi xeyrinə ödənilməsi barədə razılığa gəlmişlər. Barışıq sazişinin 8-ci bəndində nəzərdə tutulur ki, Sazişin könüllü icrasından imtina olunsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Lakin, Maraqlı şəxs1 aliment ödəməkdən yayınır, yəni barışıq sazişini könüllü icra etməkdən imtina edir. İyun ayından başlayaraq bu günə qədər heç bir məbləğdə ödəniş etməmişdir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasında ərizəni qəbul etmədi və izahatında bildirdi ki, barışıq sazişinin ərizəçinin istinad etdiyi 3-cü bəndində alimentin ödənilməsinə başlanması nikahın pozulması ilə şərtləndirilmişdir. Yəni, alimentin tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra ödənilməsi barədə razılığa gəlinmişdir. Lakin göründüyü kimi, tərəflər arasında nikah pozulmamışdır. Ona görə də məhkəmədən əzizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Bakı 13 saylı Mediasiya təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxs Bakı 13 saylı Mediasiya təşkilatının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və Maraqlı şəxs1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahdan azyaşlı uşaqları olduğundan, onların nikahları mütləq şəkildə məhkəmə qaydasında pozulmalıdır. Məhkəmə həmin işə baxarkən uşağın valideynlərindən hansının yanında qalması, alimentin kimdən və hansı həcmdə tutulmalı olması məsələlərinə də hüquqi qiymət verməlidir. Uşaqla ünsiyyət hüququnun təmin edilməsi də başqa məhkəmə çəkişməsinin predmeti kimi çıxış edə bilər (MPM-nin 355-26.1.1-ci maddəsinin tələbləri baxımından). Bundan başqa, barışıq sazişinin ərizəçinin istinad etdiyi 3-cü bəndində alimentin ödənilməsinə başlanması nikahın pozulması ilə şərtləndirilmişdir. Yəni, alimentin tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra ödənilməsi barədə razılığa gəlinmişdir. Lakin göründüyü kimi, tərəflər arasında nikah pozulmamışdır. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun (MPM-nin 355-26.2-ci maddəsi). Hazırki halda, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün deyil. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya təşkilatı maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya təşkilatı maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar