Məhkəmə qərarları › İş №2(002)-3153/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3153/2022

30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3153/2022 30.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi, Ərizəçinin vəkili X11, X1 iştirakı ilə, Ərizəçi «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi üzrə işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 noyabr 1987-ci il tarixdə Almaniya Respublikasının Potsdam şəhərində doğulmuş qızı X4 16 iyul 2011-ci il tarixdən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 qızıdır. X8 23 noyabr 1987-ci il tarixdə Almaniya Respublikasının Potsdam şəhərində doğulmuş, onunla birlikdə ünvan 1 ünvanda yaşamışdır. Sonradan qızı X9 təhsil almaq üçün X10 getmiş və bir müddət orada yaşamışdır. Qızı ilə sonuncu dəfə 16 iyul 2011-ci il tarixdə telefonla danışmışlar və qızı növbəti həftə yeni evə köçəcəyini bildirmişdir. Lakin sonradan qızı ilə əlaqə saxlaya bilməmişlər və bu barədə İnterpola məlumat vermişlər. Müəyyən axtarışlar aparılmışdır və məlum olmuşdur ki, qızı iyul ayının 18-də iş yerinə gəlmədiyi və telefonlara cavab vermədiyi üçün dostları ABŞ-ın Kvinsk Polis İdarəsinə məlumat vermişlər. Həmin Polis İdarəsi qızının ünvanında axtarış keçirilmiş və evdə qızına aid heç bir əşya aşkar edilməmişdir. Bundan sonra 29 iyul 2011-ci il tarixdə Kvinsk Polis idarəsində qızının axtarışı başlanmışdır. Lakin bu günə kimi heç bir nəticəsi olmamışdır. Qızının ABŞ-da yerinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən Vaşinqtonda İnterpolun Milli Mərkəzi Bürosuna 2011-ci ildə müraciət edilmiş, lakin yenə də heç bir nəticə əldə edilməmişdir. Göründüyü kimi, qızının yeri barədə uzun müddətdir ki, heç bir məlumat yoxdur və qızı ilə 2011-ci ilin iyul ayından əlaqələri kəsilmişdir. Güman edir ki, qızı 16 iyul 2011-ci il tarixdə naməlum şəraitdə yoxa çıxmaqla ölmüşdür, Hazırda qızının ölmüş elan edilməsi müəyyən sənədləşdirmələr aparılması üçün lazımdır və bu səbəbdən də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə 19 oktyabr 2022-ci il tarixli məktubla müraciət edərək, Maraqlı şəxs iş yükünün çoxluğunun nəzərə alınaraq Ərizəçi Mövjudinovnanın tələbinə dair keçiriləcək məhkəmə baxışı iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 23 noyabr 1987-ci il tarixdə Almaniya Respublikasının Potsdam şəhərində doğulmuş X4 atasıdır. 2011-ci ilin iyun ayında qızı ilə Skayp vasitəsi ilə danışmışdır. Bir muddət sonra qızının tanışları onun dənizdə işləyən oğlu ilə əlaqə saxlayaraq bildirmişlər ki, bacısından xəbər yoxdur. Onlar bu xəbəri aldıqdan sonra çox narahat olmuşlar, TV kanallarla və KİV-lə əlaqə saxlamışlar, qızlarının itməsi, ondan xəbər ala bilməmələri barədə məlumat vermiş, köməklik istəmişlər. Qızının itməsi barədə TV kanallarda süjet də göstərilmişdir. Evelinin qardaşına yuxarıda qeyd olunan zəngdən 3 həftə sonra qızının rəfiqəsi də əlaqə saxlayaraq onlara bildirmişdir ki, vəziyyət pisdir, qızlarından hələ də heç bir xəbər yoxdur. Sonra olanlar barədə yazışmalar, onlarda olan bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Hələ də, uzun illər keçməsinə baxmayaraq qızından bir xəbər yoxdur. Onlar üçün ürək ağrıdıcı olsa da, güman edirlər ki, qızları bədbəxt hadisə, yaxud digər səbəbdən vəfat etmişdir. Əks təqdirdə indiyə qədər qızlarından bir xəbər alardılar. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan (ABŞ-ın Azərbaycandakı Səfirliyinin və digər qurumların rəsmi yazışmaları, məktubları) görünür ki, Səfirliyə itkin düşmüş Azərbaycan Respublikası vətəndaşı haqqında məlumat daxil olmuşdur. Dankan Boyd (Duncan Boyd) adlı ABŞ vətəndaşı zəng edərək hal-hazırda Massaçusets ştatının Kvinsi (Quincy) şəhərində yaşayan 23 noyabr 1987-ci il təvəllüdlü Evelin Vəlibəyovadan (Pasport nömrəsi P1482116) 2011-ci ilin 16 iyul tarixdən bəri xəbər ala bilmədiklərini, bununla əlaqədar olaraq Azərbaycanda yaşayan ailəsi (anası Ərizəçi (+**********13)) və ABŞ-dakı dostlarının narahat olduğunu bildirmişdir. Daha sonra, şəxsin anası Ərizəçi Bakıdan zəng edərək, qızından 2 həftədən artıq müddətə xəbər ala bilmədiyini nəzərə çatdıraraq köməklik göstərmələrini xahiş etmişdir. Bildirilmişdir ki, məlumatın dəqiqliyi müəyyənləşdirilmiş və aşkar edilmişdir ki, həqiqətən də şəxs son dəfə anası ilə iyul ayının 16-da telefonla danışmış və növbəti həftə yeni mənzilə köçəcəyini bildirmişdir. Onlarla əlaqə saxlayan ABŞ vətəndaşı D.Boyd da bu faktı təsdiq edərək bildirmişdir ki, E.Vəlibəyova iyul ayının 24-ü yeni mənzilə (ünvanı bildirməyib) köçməyi planlaşdırırdı və buna görə də, D.Boyddan əşyaların yeni mənzilə daşınması üçün yardım xahiş etmişdir. Lakin iyul ayının 18-də iş yerinə gəlmədikdə və telefon zənglərinə cavab vermədikdə dostları təşvişə düşmüş və Kvinsi (Quinsy) Polis İdarəsinə müraciət etmişdir. Adıçəkilən Polis bölməsindən Ceyms Sallivan (James Sullivan) mənzilə baxış keçirmiş və mənzildə heç bir əşya aşkarlamamışdır. Buna baxmayaraq, Polis İdarəsi E.Vəlibəyovanı itkin düşmüş şəxslər siyahısına əlavə etməkdən imtina etmiş və ümumiyyətlə araşdırma aparmamışdır. D.Boyd qeyd etmişdir ki, o və Kristin Tornton (Christian Thornton) adlı digər bir dostu məsələ ilə bağlı fərdi xəfiyyəyə müraciət etmiş və sadəcə E.Vəlibəyovaya aid mobil telefonun itirildiyi və ya oğurlandığı faktı aşkar edilmişdir. Məlumat dəqiqləşdirildikdən sonra dərhal Cuinsy Polis İdarəsi ilə əlaqə saxlanılmış və həmin idarədən məsələyə baxılacağı və Səfirliyə məlumat veriləcəyi bildirilmişdir. Eyni zamanda, Səfirlik tərəfindən Kvinsi Xəstəxanası ilə əlaqə saxlanılmış və bu adda şəxsin xəstəxanaya daxil olmadığı öyrənilmişdir. Həmçinin Massaçusets ştatı Boston şəhəri ərazisində (Kvinsi şəhəri Bostona yaxınlıqda yerləşir) yaşayan həmyerlilərdən məsələ ilə əlaqədar hər hansı məlumat əldə edildikdə Səfirlik və ya X12 ilə əlaqə saxlanılması xahiş edilmişdir. Üzərindən bir gün keçdikdən sonra D.Boyd Səfirliklə əlaqə saxlamış və polis idarəsinin axtarışa hələ də başlamadığını bildirmişdir. Səfirlik tərəfindən cari ilin 29 iyul tarixində növbəti dəfə X12nə telefon zəngi edilmiş və nəhayət axtarışın başlanılmasına müvəffəq olunmuşdur. Məsələ ilə əlaqədar hər hansı yeni bir məlumat daxil olduqda Mərkəz məlumatlandırılacaqdır. Azərbaycan Respublikası DİN İnterpolun Milli Mərkəzi Bürosunun 25 noyabr 2011-ci il tarixli məktubundan görünür ki, Evelin Vəlibəyovanın ABŞ-da yerinin müəyyən edilməsi məqsədi ilə MMB tərəfindən Vaşinqtonda İnterpolun Milli Mərkəzi Bürosuna müraciət olunmuşdur. Azərbaycan Respublikası DİN İnterpolun Milli Mərkəzi Bürosunun 03 okyabr 2022ci il tarixli məktubundan görünür ki, qohumları ilə əlaqəsini itirmiş xx.xx.1987-ci il təvəllüdlü X8 barəsində Vaşinqtondakı İnterpolun Milli Mərkəzi Bürosuna təkrar sorğu göndərilmişdir. İş materiallarından göründüyü kimi, təəssüf ki, xx.xx.1987-ci il təvəllüdlü X6 bu günədək heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan 6 altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinin tələbinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, xx.xx.1987-ci il təvəllüdlü X6 ABŞ Massaçusets ştatının Kvinsi şəhərində yaşamış, son dəfə anası ilə 2011-ci il iyul ayının 16-da telefonla danışmış və növbəti həftə yeni mənzilə köçəcəyini bildirmiş, D.Boyddan əşyaların yeni mənzilə daşınması üçün yardım xahiş etmiş, lakin iyul ayının 18-də iş yerinə gəlməmiş və telefon zənglərinə cavab verməmiş, X4 dostları təşvişə düşmüş və Kvinsi Polis İdarəsinə müraciət etmişdir. Həmin vaxtdan bu günədək xx.xx.1987-ci il təvəllüdlü X6 heç bir xəbər alınmamışdır. İnterpol, ABŞ-ın Azərbaycandakı Səfirliyi, ABŞın Massaçusets ştatının Kvinsi şəhərinin Polis idarəsi və X4 ABŞ-da yaşayan tanışlarının səylərinə rəğmən, Evelindən heç bir xəbər alınmamış, onun həyatda olmasına dair heç bir işarə, xəbər və s. aşkar edilməmişdir. Evelinin tapılması üçün axtarış elan edilsə də, bu günədək heç bir pozitiv nəticəsi yoxdur. Məhkəməyə müraciət etmiş anası qızının ABŞ-da naməlum şəraitdə vəfat etməsi, yaxud bədbəxt hadisə nəticəsində öldüyünü güman edir. Əks təqdirdə qızından bir xəbər alınardı. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 23 noyabr 1987-ci il tarixdə Almaniya Respublikasının Potsdam şəhərində doğulmuş qızı X8 16 iyul 2011-ci il tarixdən ölmüş elan edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 noyabr 1987-ci il tarixdə Almaniya Respublikasının Potsdam şəhərində doğulmuş qızı X8 16 iyul 2011-ci il tarixdən ölmüş elan edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar