Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3436/2025 09.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizəçinin tələbi:
1. Ərizəçi Maraqlı şəxs qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, onunla, Zamanova (Məhərrəmli) Vəfa Sakit qızı arasında xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış MŞAB/13/2023- 01324 saylı barışıq sazişinin 4-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə belə əsaslandırılmışdır ki, onunla maraqlı şəxs Zamanova (Məhərrəmli) Vəfa Sakit qızı arasında Bakı 13 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 4-cü bəndində şərtlər aşağıdakı kimi qəbul edilmişdir. 4. (uşaqla ünsiyyət tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf X4 ilə uşaqla ünsiyyət tələbi üzrə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən birgə nikahdan anadan olan xx.xx.2023-cü il təvəllüdlü X3 ilə ünsiyyətdə olaraq, görüşməsinə hər həftənin şənbə, bazar günləri Abşeron rayon, Xırdalan şəhəri ərazisində saat 14:00dan 17:00-dək ünsiyyətdə olmasına 2-ci tərəf X4 şərait yaradır. Zamanova (Məhərrəmli) Vəfa Sakit qızı barışıq sazişinin 4-cü bəndinin şərtlərini kobud şəkildə pozaraq, birgə nikahdan dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X3 ilə görüşməyinə maneə yaradır. Dəfələrlə ona barışıq sazişinin şərtinə əməl etməyini bildirsə də, o buna məhəl qoymur və barışıq sazişinin şərtini pozmuş olur. Artıq 6 aya yaxındır ki, o azyaşlı övladı ilə görüşə bilmir. Zamanova (Məhərrəmli) Vəfa Sakit qızı onunla əlaqə saxladığı mobil nömrələrin hamısını blok etmişdir. Barışıq sazişində onun tərəfindən öhdəsinə düşən şərtlərə lazımı qaydada əməl olunur. Tərəf isə buna baxmayaraq öhtəsinə düşən şərtə əməl etmir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Ərizəçi məhkəmə hazırlıq iclasında iştirak edərək, ərizəni müdafiə edərək, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək, ərizənin təmin olunmasına etiraz etməmişdir..
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1 “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24 Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1 Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3 Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1 Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2 Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyaları “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli Qərardadı:
39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355- 23.1).
47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir b) Əsaslandırma
9. Məhkəmə qanunun qeyd edilən tələblərini işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olmadığı, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmədiyindən həmin sazişin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina etmək üçün əsas yoxdur.
10. Belə ki, qeyd edilən Barışıq Sazişinin 4-cü bəndi: 4.(uşaqla ünsiyyət tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf X4 ilə uşaqla ünsiyyət tələbi üzrə qeyd olunan məzmunda razılığa gəldilər: Razılığa əsasən birgə nikahdan anadan olan xx.xx.2023-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi, atası Ərizəçi ilə ünsiyyətdə olaraq,görüşməsinə hər həftənin şənbə, bazar günləri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saat 14:00dan 17:00-dək ünsiyyətdə olmasına 2-ci tərəf X4 şərait yaradır.
11. Ərizəçi və Maraqlı şəxs arasında 09 sentyabr 2024-ci il tarixdə keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında alimentin təyin edilməsi, uşaqların valideynlərindən kimin yanında qalması ilə bağlı barışıq sazişi imzalanmış, sazişdə göstərilən məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə mediasiya sazişinin fəaliyyət qabiliyyəti olan şəxslər arasında bağlanmasını nəzərə alıb hesab edir ki, sazişin şərti tamamilə qanuna uyğundur, üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Tərəf məhkəmə iclasında iştirak edərək sazişin təsdiq edilməsini və icra vərəqinin verilməsini xahiş etmişdir.
13. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı 13 saylı Mediasiya təşkilatında xx.xx.2024-ci il tarixdə bağlanmış “Barşıq sazişi”-in 4-cü bəndi təsdiq edilməlidir.
14. Məhkəmə qeyd edir ki, barışıq sazişinin təsdiqlənməsi prosessual xarakter daşımaqla, hazırkı qətnamə ilə tərəflər arasında olan razılaşmanın etibarlı olması faktı təsbit edilmir və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verilmir.
15. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya təşkilatında mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2024-ci il tarixli “Barşıq Sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: “4.(uşaqla ünsiyyət tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf X4 ilə uşaqla ünsiyyət tələbi üzrə qeyd olunan məzmunda razılığa gəldilər: Razılığa əsasən birgə nikahdan anadan olan xx.xx.2023-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi, atası Ərizəçi ilə ünsiyyətdə olaraq,görüşməsinə hər həftənin şənbə,bazar günləri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saat 14:00-dan 17:00-dək ünsiyyətdə olmasına 2-ci tərəf X4 şərait yaradır”. Qətnamədən rəsmi verildiyi gündən sonra 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova