Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-356/2021 05.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi «uşağın övladlığa götürülməsinin ləğv edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs, Qaradağ RİHB-nin yanında Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə, «uşağın övladlığa götürülməsinin ləğv edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01.01.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 ona övladlığa verilməsinin ləğv edilməsi; X3 adına yeni doğum haqqında şəhadətnamə verilməsi; yeni verilmiş doğum haqqında şəhadətnamədə uşağın soyadının Həsənli, adının Nihad, ata adının Nicat, doğum tarixinin 01 yanvar 2010cu il, doğulduğu yerin Bakı şəhəri, ata qrafasında atasının adının Maraqlı şəxs2, ana qrafasında anasının adının Maraqlı şəxs1, milliyyətlərinin azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 onun oğlu, Maraqlı şəxs1 isə gəlinidir. Onlar 11 oktyabr 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahdan üç uşaqları doğulmuşdur. Sonuncu uşaq Həsənov Nahid 01.01.2010-cu il tarixdə doğulmuşdur. Oğlugilin himayəsində iki uşaqları olmaqla, sonuncu uşağın dünyaya gəlməsini istəməmişlər. Lakin o, uşağın doğulmasını və baxılması üçün ona verilməsini istəmişdir. Uşaq doğulandan sonra Hacıqabul rayon Məhkəməsinin 14 iyun 2011-ci il tarixli qətnaməsi ilə 01.01.2010-cu il tarixdə doğulmuş Həsənov Nahid ona övladlığa verilmiş, uşağın doğum şəhadətnaməsində ata adı onun həyat yoldaşı Həsənov Şəkər, ana qrafasında isə o, Ərizəçi qeyd edilməklə yeni doğum haqqında şəhadətnamə almışlar. Həyat yoldaşı 06.07.2010-cu il tarixdə vəfat etmişdir. Bir müddət uşağı saxladıqdan sonra, uşaq öz valideynlərinin yanına qayıtmış və onlarla birlikdə yaşamışdır, artıq 4 ildən artıqdır ki, uşaq valideynlərinin yanında yaşayır və həmçinin o, artıq yaşlı olmaqla, valideynlik hüququnu yerinə yetirə bilmir. Hazırda valideynləri də uşağın onlara verilməsinə etirazları yoxdur. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasında ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə (Qəyyumluq və Himayəçilik Komissiyasına) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin (Qəyyumluq və Himayəçilik Komissiyasının) nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və maraqlı şəxslərin izahatlarını, 10 yaşına çatmış uşağın fikrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hacıqabul rayon Məhkəməsinin 14.06.2011ci il tarixli, 2(071)-90/2011 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Ərizəçi «uşağın övladlığa götürülməsi» tələbinə dair ərizəsi təmin edilmiş, 01 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində doğulmuş X1 Esmira İmran qızına övladlığa verilmiş; akt qeydində ata qrafasında X6 və ana qrafasında Ərizəçi (azərbaycanlı) valideyn kimi yazılması və yeni dəyişikliklərlə doğum haqqında şəhadətnamə verilməsi Hacıqabul rayon Qeydiyyat şöbəsinə tapşırılmış; X2 Ərizəçi və X10 tərəfindən övladlığa götürülməsinin müəyyən olunmuş qaydada qeydiyyata alınması Hacıqabul rayon Qeydiyyat şöbəsinə həvalə olunmuş; qətnamənin qanuni qüvvəyə mindikdən sonra uşağın övladlığa götürülməsinin dövlət qeydiyyatı üçün 3 gün müddətində Hacıqabul rayon Qeydiyyat şöbəsinə göndərilməsi qət edilmişdir. Hazırda övladlığa götürən övladlığa götürmənin ləğv edilməsini xahiş edir, bunun həm öz mənafeyinə, həm övladlığa götürülənin, həmçinin övladlığa götürülənin bioloji atası və anasının mənafeyinə uyğun olduğunu bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə yol verilir. Ailə Məcəlləsinin 118.1-ci maddəsinə əsasən övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlanıldığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Ailə Məcəlləsinin 125.4-cü maddəsinə əsasən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Ailə Məcəlləsinin 133-cü maddəsinə əsasən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Ailə Məcəlləsinin 134.7-ci maddəsinə əsasən məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur. Ailə Məcəlləsinin 135-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 31 may 2021-ci il tarixli **********0 saylı rəyindən görünür ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 birgə nikahından doğulmuş övladı 01.01.2010-cu il təvəllüdlü X5 nənəsi Ərizəçi tərəfindən Hacıqabul rayon Məhkəməsinin 14.06.2011-ci il tarixli 2(071)-90/2011 saylı qərarı ilə övladlığa götürülmüşdür. Müvafiq qətnaməyə əsasən övladlığa götürülən uşağın soyadı Həsənli, adı Nahid, ata adı Şəkər, ana adı Esmira kimi qeyd edilmişdir. Ailə Məcəlləsinin 119-1-ci maddəsinə müvafiq olaraq 20.05.2021-ci il tarixdə monitorinq keçirilməsi məqsədi ilə Agentliyin Övladlığagötürmə departamentinin müvafiq əməkdaşı tərəfindən ailəyə səfər edilmişdir. Monitorinq zamanı müəyyən olunmuşdur ki, X9 bioloji valideynləri Maraqlı şəxs1 və Maraqlı şəxs2, bioloji qardaşı 09.08.2006-cı il təvəllüdlü X7 və bioloji bacısı 09.01.2009-cu il təvəllüdlü X4 ilə birgə Bakı şəhəri Qaradağ rayonu St. Ələt qəsəbəsi 1-ci massiv 261 ünvanda yaşayır. Bildirirlər ki, uşaqda emosional və davranış problemləri, eləcə də, bacı və qardaşı arasında münaqişələrin olmaması, psixo-sosial və fizioloji inkişafının yaşına uyğun olması müşahidə edilmişdir. Müəyyən edilmişdir ki, X9 övladlığa götürüldükdən sonra bioloji valideynləri və onu övladlığa götürən nənəsi ilə birgə yaşamış, 6-7 yaşında olarkən onlar tərəfindən övladlığa götürülməsi haqqında məlumatlandırılmışdır. Bioloji valideynlərin verdiyi məlumata əsasən Ərizəçi 2016-cı ildə övladı vəfat etdikdən sonra uşaq öz bioloji valideynləri ilə birgə hal-hazırkı evə köçmüşdür. X9 müsahibə zamanı Ərizəçi nənəsi kimi qəbul etdiyini, doğma valideynlərinin himayəsində yaşadığını, yalnız valideynlərinin onun tərbiyəsində, təhsilində yaxından iştirak etdiyini bildirmişdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2 bioloji övladlarının zəruri ehtiyaclarını qarşılayır və onlar arasında emosional bağlılıq müşahidə edilmişdir. Monitorinq zamanı, Ailə Məcəlləsinin 134.11-ci maddəsinə əsasən X3 adının, soyadının və ata adının dəyişdirilməsinə razılığının olduğu da müəyyən edilmişdir. Müvafiq məhkəmə işi üzrə yekun qərarın qanunvericiliyin tələbinə əsasən məhkəmənin mülahizəsinə həvalə etməklə, yuxarıda qeyd olunanlara istinadən övladlığa götürmənin ləğv edilməsinin X3 mənafeyinə uyğun olduğunu hesab edirlər. İş materiallarından göründüyü kimi övladlığa götürülən, habelə onun valideynləri övladlığa götürmənin ləğv olunmasını xahiş edirlər. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 01.01.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 Ərizəçi tərəfindən övladlığa götürülməsi ləğv edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Ərizə qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 01.01.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 Ərizəçi tərəfindən övladlığa götürülməsi ləğv edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-356/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-356/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver