Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-366/2021 01.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş qeyri-yaşayış binasından çıxarılaraq binanın boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş qeyri-yaşayış binasından çıxarılaraq binanın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanına əsasən "xxxx" QSC BOKT-nın "xxxx" ASC-dən problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlak, o cümlədən ünvan 1 ünvanında yerləşən, 81,6 kv. m ümumi sahəsi olan qeyri-yaşayış binası iddiaçının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 avqust 2019-cu il tarixli ********** nömrəli çıxarışına əsasən iddiaçının sözügedən qeyriyaşayış binasına dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq özünü əmlakın faktiki sahibi kimi təqdim edən Cavabdeh qeyri-yaşayış binasından gəlir əldə etmək məqsədilə oradan istifadə edir. Ona qeyri-yaşayış binasının könüllü boşaldılması və ya icarə müqaviləsi əsasında istifadəsinə verilməsi təklif olunsa da, sonuncu heç bir hüquqi əsas olmadan əmlakın onun istifadəsində olduğu, lakin icarə müqaviləsi bağlamaq imkanının olmadığı, bu səbəbdən qeyri-yaşayış sahəsindən çıxmayacağını bildirmişdir. Göstəilənləri nəzərə alaraq, Cavabdeh və qeyrilərinin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 81,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasından çıxarılaraq binanın boşaldılması və 30 ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanından görünür ki, "xxxx" QSC BOKT-nın "xxxx" ASC-dən problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlak, o cümlədən ünvan 1 ünvanında yerləşən, 81,6 kv. m ümumi sahəsi olan qeyri-yaşayış binası iddiaçının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 avqust 2019-cu il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, iddiaçının sözügedən qeyri-yaşayış binasına dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanlandığı pretenziya məktubu ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi 23 A ünvanında yerləşən 81,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının boşaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Beləliklə, məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 81,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasında qanunsuz fəaliyyət göstərməklə, iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və qeyriləri iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 81,6 kv. m, ümumi sahəsi olan qeyriyaşayış binasından çıxarılaraq bina tamamilə boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının iddia qaldırılması ilə bağlı ödədiyi 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “zəbt olunmuş qeyriyaşayış binasından çıxarılaraq binanın boşaldılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh və qeyriləri iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 81,6 kv. m ümumi sahəsi olan qeyri-yaşayış binasından çıxarılaraq bina tamamilə boşaldılsın və 30 ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-366/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-366/2021
01.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver