Məhkəmə qərarları › İş №2(002)-3668/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3668/2024

03.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3668/2024 03.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 iclas katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, Bakı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Barışıq sazişi”-in 2-ci bəndinin, yəni aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X4 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulmasına, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 onun yanında qalmasına və uşaqların saxlanması üçün hər ay bir uşağa görə 50 manat, üç uşağa görə cəmi 150 manat məbləğində aliment ödənilməsinə razılaşaraq barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişi üzrə aliment tələbinə dair hissədə əməl etməmişdir. Barışıq sazişinin yalnız alimentə dair hissəsinin təsdiq edilməsini istəyir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması və uşaqların onun himayəsində saxlanılması qət edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, saziş bağlandıqdan sonra maraqlı şəxs ilə bir evdə yaşamaqda davame etməkləri doğrudur. Lakin son aylar ayrı yaşayıblar. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək barışıq sazişi yazılan vaxt ona hər hansı kənar təsir, iradəsini zədələyən hal olmadığını, hər ay 150 manat aliment verməyə və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda sazişin bağlandığı tarixdən bu günə qədər ərizəçi ilə birlikdə bir evdə yaşadıqlarını uşaqlarına da özünün baxdığını bildirmiş, bundan sonra aliment ödəməyə razı olduğun qeyd etmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə qanunun qeyd edilən tələblərini işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olmadığı, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmədiyindən həmin sazişin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina etmək üçün əsas yoxdur. Belə ki, qeyd edilən Barışıq Sazişinda tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1. Tərəflər onların arasında bağlanmış 08 fevral 2018-ci il tarixdə 5 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 330№-li reyestr nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında əlavə vaxt verilmədən pozulmasına razıdır. 2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 (Bundan sona uşaqların) İ Tərəfin yanında qalmasına razılıq verir. 3. İİ Tərəf uşaqların saxlanması üçün hər ayın 10-dan 15-ə kimi hər uşağa 50 manat ümumilikdə 150 manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. 4. İlkin mediasiya (50 manat) və tam mediasiya xərcini (50 manat) İİ Tərəf ödəyir. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Ərizəçi və Maraqlı şəxs arasında 11 aprel 2023-cü il tarixdə keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında alimentin təyin edilməsi, uşaqların valideynlərindən kimin yanında qalması və digər məsələlər ilə bağlı barışıq sazişi imzalanmış, sazişdə göstərilən məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə həmin hissəyə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq maraqlı şəxs bildirmişdir ki, barışıq sazişi bağlanan zaman yuxarıda göstərilən 2.1.6-cı bənddə ifadə olunan şərtləri hər hansı təsir altında qalmadan, hədə-qorxu, etibardan sui-istifadə etmə və aldatma halı olmadan qəbul etmişdir. Məhkəmə göstərilən halı, eyni zamanda sazişin göstərilən şərtinin hər hansı digər haldan və ya sazişin digər şərtindən asılı edilmədiyini, fəaliyyət qabiliyyəti olan şəxslər arasında bağlanmasını nəzərə alıb hesab edir ki, sazişin şərti tamamilə qanuna uyğundur, üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşaqların mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, ərizəçinin məcburi köçkün statusu olduğundan ərizə irəli sürülərkən dövlət rüsumu ödəməkdən azad edilmişdir, eyni zamanda maraqlı şəxs həm məcbduri köçkündür, həm də mediasiya xərcini (100 manat) çəkdiyindən rüsumdan azaddır. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya təşkilatında mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli “Barşıq Sazişi” aşağıdakı şərtlə təsdiq edilsin.

3. İİ Tərəf uşaqların saxlanması üçün hər ayın 10-dan 15-ə kimi hər uşağa 50 manat ümumilikdə 150 manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən sonra 1 (bir) ay müddətində, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə, elektron qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar