Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3796/2023 04.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü atası X2 15 oktyabr 2023-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası X4 xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ciddi bir xəstəliyi olmamış, müalicə almamış, lakin xx.xx.2023-cü ildə Bakı şəhərində qəfil ürəktutmadan vəfat etmişdir. Təcili yardım gələnə kimi vəfat etmiş, həkim öldüyünü təsdiq etmişdir. Vəfat etdiyi gün Bakı şəhəri Sanqaçal qəsəbəsində yerləşən Sofi-Həmid məzarlığında dəfn olunmuşdur. O, atasının barəsində Bakı şəhəri Qaradağ rayonu 23 saylı Birləşmiş Şəhər Xəstəxanasından ölüm haqqında tibbi şəhadətnamə verilməsini xahiş etsə də, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 360 saylı məktubu ilə zəruri şəhadətnamənin verilməsindən imtina edilmiş və imtinanın əsası kimi xəstəxanada atasının qeydiyyatı barəsində heç bir sənədin olmadığı bildirilmişdir. Vəfatından sonra atası barəsində ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, Bakı şəhəri Maraqlı şəxs tərəfindən 31 Oktyabr 2023-cü il tarixli, 3-16-5/7- 15-1909/2023 saylı məktub ilə şəhadətnamə verilməsindən imtina edilmiş və imtinanın əsası kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması göstərilmişdir. Bu səbəblərdən o, atasının ölüm haqqında şəhadətnaməsini hələ də ala bilmir və ona məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri, o cümlədən mərhuma görə dəfn pulunu əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, ərizəçinin əmisioğludur. Mərhum bibisigildə Xətai rayonunda yaşayırdı, xx.xx.2023-cü il tarixdə mərhumun vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 xəstəxanada qeydiyyatda deyil və ölümünü təsdiqləyən heç bir sənəd olmadığı üçün ölüm haqqında şəhadətnamə verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sanqaçal qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 643 saylı arayışdan görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev 62, mənzil 49-da yaşamış X4 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. X1 vəfat etdiyi gündə Sanqaçal qəsəbəsində yerləşən Sofi-Həmid məzarlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası 7 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 15 oktyabr 2023-ci il tarixdə saat 12:50 radələrində X2 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan AZE seriyalı, 09506756 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 62, 49 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Xİİİ-JQ seriyalı, 251248 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X3r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx.xx.1958-ci ildə doğulmuş X2 15 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1958-ci ildə anadan olmuş X2 15 oktyabr 2023-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3796/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3796/2023
04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver