Məhkəmə qərarları › İş №2(002)-381/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-381/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-381/2022 14.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı mənzildən çıxarılma,mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 ilə birlikdə Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,11 saylı evin,14 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,11 saylı evin,14 saylı mənzili ona və ailə üzvlərinə məxsusdur.Evə ailə üzvü kimi o və oğlu yazılmışdır.Onlar həmin mənzilə qohumları olan Cavabdeh1 Ağabal qızı ilə ailə üzvləri köçərək yaşamaqla onlar tərəfindən həmin mənzil zəbt edilmişdir.Bu səbəbdən də, 9 ildən artıqdır ki,onlar öz mənzillərindən məhrum olmaqla yaşaya bilmirlər.Onlara öz mənzillərinə köçmək lazımdı və onlar köçə bilmirlər.Qanunla onlara məxsus və qeydiyyatda olduqları mənzildə yaşaya bilmirlər.Cavabdehlərə mənzillərindən çıxmalarını bildirsələrdə,onlar bundan imtina edirlər,çıxmayacaqlarını bildirirlər.Onlar bu barədə polisə müraciət etsə də,cavabdehlər onlara məhkəməyə müraciət etməsini bildiriblər.Cavabdehlər onların qanunla qorunan hüquqlarını pozaraq,mənzil hüquqlarını məhdudlaşdırır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında evin ona məxsus olduğunu, həmin evə dair mülkiyyət hüququnun qeydə alındığını, lakin onun qohumları olan cavabdehlərin həmin evi zəbt etdiyini, evdən çıxmaq istəmədiklərini, ona görə də onun evindən məhrum olduğunu, indi o evə köçüb yaşamaq istədiyini, lakin cavabdehlərin onun hüququnu pozduğunu bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 27 yanvar 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, etirazın əsası kimi həmin evi bacısı Ələkbərova Simuzər aldığını, ona veridyini, bacısının 5 aydır ki, öldüyünü, evi iddiaçının almadığını, evdə onun özünün yaşadığını bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İşə üçüncü şəxs qimsində cəlb edilmiş X2 məhkəmə iclasında iştirak edərək, öz izahatında, iddiaçının onun anası olduğunu, həmin evin anasına məxsus olduğunu, anası həmin evi pul ödəyib aldığını, evin anasının adına qeydiyyatdan keçdiyini, özünün də həmin evdə pasport qeydiyyatında olduğunu, cavabdehlərin qohumları olduğunu, ər-arvad ikisinin də evi zəbt etdiyini, çıxmaq istəmədiklərini bildirdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbacan Respublikası Daxili İşlər Nazirliyinin 12.04.2019-cu il tarixli ******* nömrəli arayışında görünür ki, İddiaçı 25 iyul 2005-ci il tarixdən Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,11 saylı evin,14 saylı mənzildə pasport qeydiyyatındadır, X5 və X2 həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 152 saylı MKİS təəfindən verilmiş 20.02.2019-cu il tarixli 331 № li arayışın məzmunundan aydın olur ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,11 saylı evin,14 saylı mənzilin sahibi İddiaçı olmaqla, iki nəfər özü və X2 pasport qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,11 saylı evin,14 saylı mənzil mənzili xüsusi mülkiyyət kimi İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində 12.03.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən,hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarı). Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyərkimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın(bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predemti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər hazırda həmin mənzildə yaşayırlar. İddiaçı cavabdehlərin ona məxsus evdə qanunsuz yaşadıqlarını, zəbt etdiklərini əsas gətirərək, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və özünün ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi tələbini irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus mənzildə yaşasalarda, onların mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Belə ki, mübahisə predemti olan mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında həmin yaşayış sahəsindən istifadə hüququna dair hər hansı yazılı notarial təsdiq edilmiş yazılı razılaşmanın olması, habelə bu hüququn qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması halı aşkar eidlməmişdir. Bu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi qismində iddiaçı çıxış etdiyindən, həmin yaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması halı aşkar olunduğundan, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X1 və Cavabdeh1 Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,11 saylı evin,14 saylı mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməli,ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh1 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi,11 saylı evin, 14 saylı mənzilindən çıxarılsın, mənzil boşaldılsın və İddiaçı qızı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülsün. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar