Məhkəmə qərarları › İş №2(002)-3820/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3820/2023

07.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3820/2023 07.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatını maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 ilə Ərizəçi arasında xx.xx.2014-cü ildə anadan olmuş X1 üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulması üçün xx.xx.2023-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsinə əsassən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Həmin qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada 100 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı tərəfindən qeyd edilən hala dair sübut və ya dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Belə ki, hazırkı tələb barışıq sazişinin təsdiqinə dair xüsusi icraat qaydasında baxılan iş olmaqla 100 manat dövlət rüsumu ödənilməli olsa da, Ərizəçi tərəfindən barışıq sazişinin bağlanması ilə bağlı Bakı 3 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 manat və 55 manat ödənişlərə dair qəbzlər ərizəyə əlavə edilmiş, məhkəməyə dövlət rüsumu ödənilməmişdir. Yuxarıdakı qanun normalarının tələbindən aydın olur ki, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəməyə müraciət edən şəxs ödədiyi mediasiya xərci həddində dövlət rüsumundan azad edilir. Yəni mediasiya mərhələsində barışıq sazişinin bağlanması ilə bağlı ödənilmiş xərcə görə dövlət rüsumundan azad edilmə qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, ərizəçinin xüsusi icraat qaydasında məhkəməyə müraciət edən zaman mediasiya mərhələsində barışıq sazişinin bağlanması ilə əlaqədar ödənilmiş pul məbləğinə görə dövlət rüsumundan azad olması qanunvericilikdə nəzərdə tutulmadığından ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar