Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-398/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, İddiaçı vəkili Nümayəndə, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil Abbasqulu oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «qızıl-zinət və cehiz əşyaları» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «qızıl-zinət və cehiz əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1.700 manat dəyərində nişan üzüyü, 150 manat dəyərində qızıl sırğa, 3.000 manat dəyərində komplekt dəst, 1.000 manat dəyərində toy vaxtı hədiyyə edilmiş üzüklərin və siyahısı iddia ərizəsində qeyd olunmuş cehizlərin (əşyaların, paltarların və s.), onlar mövcud olmadıqda cəmi dəyəri olan 44.359 manat pul vəsaitinin və 174 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21 may 2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan 13 aprel 2022-ci il tarixdə Turan və Bəhruz adlı ekiz oğulları doğulmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə hazırda aralarında bağlanmış nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır və məhkəmə onlara 3 ay vaxt təyin etməklə təxirə salmışdır. Cavabdehlə olan ailə münasibətləri tamamilə pozulmuş və 15 avqust 2022-ci il tarixdə cavabdeh onu döyərək evdən qovmuşdur. Ona məxsus toyda hədiyyə kimi alınmış qızıl-zinət əşyaları geyim və cehiz əşyaları cavabdehdə qalmışdır. Lakin cavabdeh həmin əşyaları verməkdən imtina edir. O, cavabdehlə ailə qurarkən ona toy hədiyyəsi olmaqla aşağıdakı qızıl-zinət əşyalarını almışlar: 1.700 manat dəyərində nişan üzüyü, 150 manat dəyərində qızıl sırğa, 3.000 manat dəyərində komplekt dəst, 1.000 manat dəyərində toy vaxtı hədiyyə edilmiş üzüklər. Həmin qızıl-zinət əşyalarının cəmi dəyəri 5.850 manat təşkil edir. Eyni zamanda, ona məxsus paltarları və digər əşyalar da cavabdehdə qalmışdır. Cavabdeh həmin əşyaları da ona qaytarmaqdan imtina edir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı qismən – qızıl-zinət əşyalarına dair hissədə müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ona iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edilməsi təklif edilmişdir. Lakin bu səpkili ərizə təqdim edə bilmir. İddiaçı tərəf həqiqətən cehiz əşyalarını təhvil almış və aparmışdır. Mübahisə yalnız qızıl-zinət əşyaları ilə əlaqədardır. Məhkəmədən iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Nümayəndə iddiaçının nümayəndəsi X4 izahatına hər hansı əlavəsinin olmadığını, məhkəmədən iddianın qızıl-zinət əşyaları hissəsində təmin edilməsi barədə qətmamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil Abbasqulu oğlu məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, müvəqqəti təminat tədbiri qismində götürülərək iddiaçıya təhvil verilmiş əşyalarla bağlı hər hansı mübahisə yoxdur, həmin əşyalar iddiaçıya məxsus olmaqla, onlarla bağlı hər hansı anlaşılmazlıq mövcud deyil. Həmin əşyaların iddiaçıda qalmasına heç bir etirazları yoxdur. Qızıl-zinət əşyalarına münasibətdə qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları cavabdehdə deyil. Əgər cavabdehdə olsa idi, digər əşyalar kimi qızıl-zinət əşyalarını da iddiaçı tərəfə təqdim edərdi. Məhkəməyə bununla bağlı tərəflər arasında olan yazışmaları təqdim etmişlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X4, onun vəkili X6, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Abbasqulu oğlunun izahat və çıxışlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin mübahisə edilməyən faktiki hallarından göründüyü kimi, tərəflər ailə qurmuş, iddiaçı cavabdehin yaşadığı mənzilə gəlin köçmüş, özü ilə cehiz əşyaları apararaq mənzilə yerləşdirmişdir. Tərəflərin iki övladı doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşdiyindən, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, cehizlərinin və qızıl-zinət əşyalarının, həmin əşyalar mövcud olmadıqda dəyərinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli, MŞB/3-01644 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 16:30-17:00da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh X5 isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-29/2023 saylı,13 aprel 2023-cü il tarixli icra sənədinə əsasən cavabdehin yaşadığı ünvanda yerləşən cehiz əşyaları siyahıya alınaraq, iddiaçının nümayəndəsinə təqdim edilmişdir. Qızıl-zinət əşyaları aşkar edilməmişdir. Cavabdeh tərəf cehiz əşyalarının iddiaçıya məxsus olmasını mübahisələndirmir, həmin əşyaların siyahıya alınaraq iddiaçı tərəfə təhvil verilməsinə hər hansı maneə yaratmamışdır. İddiaçı tərəf 04 may 2023-cü il tarixdə məhkəmə icraçısı tərəfindən digər şəxslərin iştirakı ilə tərtib olunmuş aktda sadalanan əşyaları təhvil almış və aparmışlar. Hazırda mübahisə qızıl-zinət əşyaları ilə bağlıdır. İddiaçı qızıl-zinət əşyalarının dəyərini müəyyən etmək üçün xüsusiyyətləri barədə heç bir sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən əşyaların qızıl-zinət əşyası olub-olmamasını müəyyən etmək mümkün deyil. Mümkün olsa idi belə, həmin fotoşəkillərə əsasən qızıl-zinət əşyalarının çəkisi, əyarı, qaşlarının çəkisi, özəlliklərini müəyyən etmək qeyri-mümkündür. İddiaçı tərəf qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qaldığını bildirsə də, həmin əşyaların cavabdehdə qalmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı yaşadığı mənzili rahat şəkildə tərk etmiş, şəxsiyyəti təsdiq edən və digər sənədləri, eləcə də, qızıl-zinət əşyalarını götürməyə imkanı olmuşdur. İddiaçı ilə cavabdeh arasında olan yazışmalardan göründüyü kimi, qızıl-zinət əşyaları ilə bağlı tərəflər öz aralarında müzakirə aparmışlar. Həmin müzakirə zamanı iddiaçı tərəf bildirmişdir ki, cavabdeh tərəfə məxsus qolbaq iddiaçı öz sepini qara çantaya qoyaraq götürərkən içində getmişdir. Göründüyü kimi, iddiaçı qızıl-zinət əşyalarını götürmək imkanına malik olmuş, ona qızıl-zinət əşyalarını götürməyə heç kim maneə yaratmamış, qızıl-zinət əşyaları cavabdehin saxlancında deyil, iddiaçının özündə olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmədə hazırki mülki işə baxıldığı dövrdə götürdüyü cehiz əşyalarına dair hissədə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmədiyindən, iddia tam şəkildə rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 174 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı «cavabdeh X1 1.700 manat dəyərində nişan üzüyü, 150 manat dəyərində qızıl sırğa, 3.000 manat dəyərində komplekt dəst, 1.000 manat dəyərində toy vaxtı hədiyyə edilmiş üzüklərin və siyahısı iddia ərizəsində qeyd olunmuş cehizlərin (əşyaların, paltarların və s.), onlar mövcud olmadıqda cəmi dəyəri olan 44.359 manat pul vəsaitinin və 174 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 174 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı «cavabdeh X1 1.700 manat dəyərində nişan üzüyü, 150 manat dəyərində qızıl sırğa, 3.000 manat dəyərində komplekt dəst, 1.000 manat dəyərində toy vaxtı hədiyyə edilmiş üzüklərin və siyahısı iddia ərizəsində qeyd olunmuş cehizlərin (əşyaların, paltarların və s.), onlar mövcud olmadıqda cəmi dəyəri olan 44.359 manat pul vəsaitinin və 174 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 174 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-398/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-398/2023
31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver